Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:24

Səudiyyədə də kinoteatrlar olacaq


2017-ci ilin 20 oktyabrında Riyadda keçirilmiş "Qısametrajlı film müsabiqəsi 2" kinoteatr qadağanının qaldırılmasında ilk addım sayılırdı

Səudiyyə Ərəbistanı onilliklərlə davam edən qadağandan sonra ölkədə kinofilmlərin nümayiş etdirilməsinə icazə verib. Doğrudur, ictimaiyyət üçün uşaq filmlərinin nümayişindən başlayıblar.

Burası da var ki, 35 illik qadağan müddətində ölkədə demək olar, kinoteart üçün münasib bir bina da qalmayıb.

Ona görə də ötən həftəsonu uşaqlar üçün ilk multiplikasiya filmini müvəqqəti quraşdırılmış zalda göstəriblər.

The Mail qəzeti yazır ki, Səudiyyə Ərəbistanında ilk daimi kinoteatr binaları ən tezi mart ayında açılacaq.

Əslində, kino qadağanının qaldırılması, qadınlara maşın sürmək və futbola stadionda tamaşa etmək icazəsindən sonra islami krallığın liberallaşdırma istiqamətində atdığı növbəti addımdır.

Səudiyyə krallığında kinoteatrlar 1980-ci illərin əvvəllərindən qadağan olunub. Məhz o vaxtlar Səudiyyə cəmiyyəti mühafizəkar ruhanilərin təzyiqləri altında daha çox cinsi seqreqasiyaya məruz qalıb.

İndi isə ölkənin 32 yaşlı vəliəhd şahzadəsi Məhəmməd bin Salman bütün bu məhdudiyyətləri aradan qaldıran fərmanlar verir.

Lakin mühafizəkar ruhanilər tamamilə kənarda qalmayacaqlar. Ölkədə göstəriləcək filmlərin senzurasını onlar həyata keçirəcəklər.

Ötən bazar günü ilk dəfə olaraq “Emoji filmi” nümayiş etdirilib. Yerli mətbuat uşaqların və valideynlərin nümayişdən son dərəcə razı qaldıqlarını yazır.

Hərçənd Newsweek jurnalı qeyd edir ki, əksər kino tənqidçiləri bu filmi 2017-ci ilin ən zəif kino işlərindən biri kimi qiymətləndiriblər.

Lakin jurnal bunu da etiraf edir ki, film bütün tənqidlərə baxmayaraq ona qoyulan 50 milyon dolları dörd dəfə çıxarıb və kassaya 217 milyon dollar gətirib.

Gənc səudlara gəlincə isə, onlar qadağanın qaldırılmasını sevinclə qarşılayıblar.

Mətbuat yazır ki, “adamlar sözün əsl mənasında Allaha şükür edirlər”.

Uzun illər ərzində ölkənin rəhbər tutduğu islami qaydalar hər hansı əyləncə növlərini qadağan edib. Minlərlə səud bu əyləncələri az da olsa görmək üçün hər il Bəhreyn və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə səfər edir. Məhəmməd bin Salman o ölkələrdə xərclənən pulların bundan sonra Səudiyyədə qalmasını istəyir.

Səudiyyə qadınlarına stadionlara daxil olmaq icazəsi verilib
Səudiyyə qadınlarına stadionlara daxil olmaq icazəsi verilib

Səudiyyə hökuməti bu məqsədlə 2030-cu ilədək ölkədə 2 min ekranı olan 300 kinoteatr açmağı planlaşdırır. Rəsmilərin hesablamalarına görə kinoteatr sənayesi ölkə xəzinəsinə 90 milyard rial (25 milyard dollar) gətirməli, 30 min daimi iş yeri yaratmalıdır.

Bu arada dünyanın məşhur kinoteatr şirkətləri də ehtiyatla Səudiyyə kino bazarına boylanmağa başlayıb.

Bazar doğrudan da böyükdür. Bu ölkədə əhalinin 70 faizi gənclər, 50 faizindən çoxu isə 25 yaşdan cavan olanlardır.

30 yaşlı kinosevər İbtisam Abu Talib The Mail qəzetinin müxbirinə deyib: “Mən bütün kinoları görmək istəyirəm. Davalı filmləri, komediyaları və sair. Bu Səudiyyə üçün yenilikdir. İnşaallah bu olacaq”.

Bəzi Səudiyyə qəzetləri ölkə üçün liberallaşmanın növbəti mərhələsinin təhsilin yüksəldilməsi olacağını yazırlar.

Hökumət 2018-ci ildə təhsil sahəsinə 51 milyard dollar vəsait ayırıb.

Bu, ilk baxışdan böyük məbləğ görünə bilər. Amma Səudiyyədə təhsilin vəziyyətini bilənlər belə düşünmürlər.

Bəzi mənbələrin məlumatına görə ölkədə savadlılıq 1972-ci ildə 60 faiz idisə, hazırda 5, 6 faizə enib.

Günün bütün mövzuları

XS
SM
MD
LG