Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Satıcı: 'Soğanı 100-200 qram alırlar'


Satıcı İ.Rzayev

Lənkəran rayonunun mərkəzi bazarına, adətən, qonşu rayonların sakinləri də alış-verişə gəlirlər. Fermerlər sahələrdə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını Lənkəran bazarına çıxarırlar.

Bazarda qələbəlikdir. Alıcıların dediklərinə görə, bazardan boş qayıdan vaxtları da olur, «bahaçılıqdır» deyirlər. Alıcılardan biri kənd təsərrüfatı məhsullarının bahalığından gileylənir: «Keyfiyyəti aşağı kartofun 1 kiloqramı 80, soğan isə 70 qəpikdir. Altı baş ailəyik, qazanc da az. Keçən ildəkindən bahaçılıqdır. Kartofun 1 kiloqramı 1 manata qalxmışdı, indi bir az enib. Qarpız, pomidor azca ucuzlaşıb. Mövsüm vaxtı məhsullar belə baha olmazdı. Gilasdır, ərikdir, yaxın düşəsi deyil».

Bazarda, əsasən, yerli kənd təsərrüfatı məhsulları satılır. Satıcı İdris Rzayev deyir ki, satdığı kartof, soğan Astarada, sarımsaq Lənkəranda, badımcan isə Masallıda yetişdirilib: «Adamların alıcılıq qabiliyyəti aşağıdır. Əvvəllər 5-6 kiloqram kartof alan indi yarım kiloqram alır. Yerli qırmızı soğandır, kiloqramı 70-80 qəpikdir. Buna dərman, gübrə verilməyib. Ekoloji cəhətdən təmiz maldır. Elə adam var, 100-200 qram soğan alır. Elə bil, dərmandır. Belə baxanda baha deyil. Adamlarda pul yoxdur».

Digər bir satıcı deyir ki, Masallı rayonundan gəlib: «Mərcinin kiloqramını 1 manat 50 qəpiyə, noxudu 1 manata, pomidoru 70 qəpiyə satıram. 3-4 il bundan əvvəl noxudun 1 kiloqramı 3-4 manat idi. İndi düşüb. Bundan aşağı qiymətə vermək olmur. Versəm, hamısını bir saata alarlar. Onda qazanc itir. İrandan, Türkiyədən noxud gətirirlər. Bizim məhsullar keyfiyyətdə qat-qat onların məhsulundan yaxşıdır. Amma, di gəl, alan yoxdur. Bir həftədir burda əyləşmişəm, cəmi 30 kiloqram satmışam».

Lənkəran bazarı
Lənkəran bazarı

Fermer: «Bir kisə badımcanı 2 manata satırlar»

Lənkəran bazarında alıcılar kənd təsərrüfatı məhsullarının baha olmasından şikayət etsələr də, fermerlər bu məhsulları ucuz satdıqlarını deyirlər. Masallı rayonunun Təklə kəndindən olan fermer Həsənağa Səmədov kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin aşağı olduğunu dilə gətirir: «Məndən 17 kiloqram bibər olan sellofanı 2 manata aldılar. Bazarda isə şirin bibərin 1 kiloqramını 40-50 qəpiyə satırlar. Ondan 5-6 manatını yolpulu verdik. Cəmi ailəyə bu qədər məhsuldan 15 manat qaldı. Aqrotexniki xidmət var, dərman veririk. Çəkdiyimiz zəhməti nəzərə almıram. İki gündən bir tərəvəz sahəsini suvarmaq lazımdır. Su da pulladır. Qəpik-quruş qalır. Hələ ki, zərərdəyik.

Reyhan, bibər, cəfəri və digər məhsullar yetişdiririk. Bu günlərdə badımcanın kisəsini 3 manata satdıq. Kisənin içərisində 18-19 kiloqram badımcan var. Bazarda pərakəndə halda badımcanın 1 kiloqramı 40-50 qəpiyədir. Kənddə bir kisə badımcanı 2 manata satırlar. Təxminən 1 kilosu 10 qəpiyə düşür. Kilosu 15 qəpiyə də olsa, birtəhər dolanmaq olar. Noxudun kiloqramını bizdən 40-50 qəpiyə alırlar. Amma bazarda 1 manat 50 qəpiyədir».

Fermerin sözlərinə görə, kənd təsərrüfatı məhsulları həmişə qazanc gətirmir. Məsələn, keçən il yaxşı qiymətə satılan bibərin bu il mayasını götürməyə ümid edir. Yaxud ötən il kartofdan zərər görən kəndlilər bu il kartofun hektarından 1000 manatdan çox qazanc əldə edib. Onun fikrincə, kəndlilərin yetişdirdikləri məhsul tədarük edilməlidir. Əks halda, möhtəkirlər məhsulu onlardan ucuz alıb baha satır, qiymətdə həm kəndlini, həm də alıcını aldadırlar.

Lənkəran bazarı
Lənkəran bazarı

H.Səmədov kəndlinin dərdinə yanan olmadığını söyləyir: «Tərəvəz bazarımız Rusiya idi. Kartofa imkan verdilər, apardılar Rusiyada satdılar, qazanc əldə etdilər. Biz elə kartof toxumunu Rusiyadan alırıq, başqa yerdən almırıq. Bizim meyvə-tərəvəz bazarımız Rusiya olub. İlin bu vaxtları gecə-gündüz Rusiyaya tərəvəz gedərdi. Bu il bir nəfər də olsun kəndə alıcı gəlməyib. Digər tərəfdən parnik təsərrüfatları da inkişaf edir. Onlar payız, qış aylarında pomidorun bir kiloqramını 2-3 manata satırlar. Açıq sahədə yetişdirilən pomidorlar isə sahələrdə qalıb. Alanda da 20-30 qəpikdən alırlar. Reyhan şitilinin yarım hektarı 50 manatdır. Əziyyəti çoxdur. Bibəri isə parnikdə yetişdirirlər, ona istilik lazımdır. Bunların toxumları az xərc istəyir. Ona görə də kasıb kəndlilər tərəvəz əkininə üstünlük verirlər. Kəndlinin canı gedib, başı qalıb».

Rəsmilər nə deyir

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə dünən – iyulun 11-də jurnalistlərə açıqlamasında deyib ki, ölkədə kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur, bazar liberaldır, qiyməti tələb-təklif tənzimləyir.

«Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək», –İ.Quliyev əlavə edib.

Kənd təsərrüfatı mütəxəssisləri də hesab edirlər ki, hökumət kənd təsərrüfatı sahəsində planlı iş aparmalı, kəndlinin əlində qalan məhsulu tədarük etməli, xüsusi anbarlara və ya soyuduculara vurmalıdır. Ancaq nazirlik bu yanaşmayla razılaşmır, planlı iqtisadiyyatın sovet dönəminə aid olduğunu, indi liberal iqtisadiyyatın mövcud olduğunu vurğulayır.

XS
SM
MD
LG