Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Sarkozinin rusiyalı Sarkisovlardan pul alması araşdırılır


Nikola Sarkozi məhkəmə fasiləsində
Nikola Sarkozi məhkəmə fasiləsində

Fransanın Milli Maliyyə Prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin Rusiyanın Reso-Qarantiya sığorta şirkəti ilə bağladığı 3 milyon avroluq müqavilənin ilkin araşdırmasını aparır.

Bu barədə məlumatı Fransanın Mediapart və Le Monde nəşrlərinə istinadən CurrentTime verir.

Prokurorlar bu sazişdə “nüfuz alış-verişinin” və çirkli pulların yuyulması məqsədi olduğundan şübhələnirlər.

Mediapartın yazdığına görə, təhqiqat 2020-ci ilin yayından aparılır. Həmin vaxt Maliyyə Kəşfiyyatı Xidməti prokurorluğun diqqətini keçmiş prezidentlə Rusiya şirkəti arasında bağlanmış müqaviləyə çəkmişdi.

Nikola Sarkozi 2020-ci ildə məsləhət xidmətlərinə görə bir il əvvəl imzalanmış müqavilə üzrə 3milyon avro almışdı.

Reso-Qarantiya şirkətinin sahibləri olan Sergey və Nikolay Sarkisov qardaşları Sarkozini “xüsusi məslətçi” və şirkət idarəsinin məsləhət şurasının rəhbəri qismində kirayələdiklərini Mediaparta təsdiqləyiblər.

Sergey Sarkisov
Sergey Sarkisov

Rusiya oliqarxlarının məsləhətçisi

Mediapart yazır ki, ədliyyə keçmiş dövlət başçısının yalnız məsləhətçi rolunda olub-olmadığını araşdırır. Bu halda heç bir qanun pozuntusuna yol verilməməliydi.

Amma prokurorlar Sarkozinin potensial baxımdan Rusiya oliqarxlarının adindan cinayətkar lobbiçilik fəaliyyətinə girişmədiyindən əmin olmaq istəyirlər.

Sarkozi 2007-2012-ci illərdə Fransanın 23-cü prezidenti olub.

O bundan əvvəl Fransa hökumətində müxtəlif nazir postları tutub.

Sarkozi 2004-cü ildən o vaxt hakim partiya olan “Xalq Hərəkatı İtitfaqının” lideri olub.

Bu hərəkat 2015-ci ildən “respublikaçılar” adlanır.

Vladimir Putin (solda) və Nikola Sarkozy, 2016, Moskva
Vladimir Putin (solda) və Nikola Sarkozy, 2016, Moskva

“Putinin sədaqətli müttəfiqi”

Sarkozi hakimiyyətdə olduğu illərdə Rusiya prezidenti Vladimir Putin və İtaliyanın ovaxtkı baş naziri Silvio Berluskoninin ən sədaqətli müttəfiqlərindən biri kimi tanınırdı.

Ötən ilin fevralında Sarkoziyə qarşı daha bir ittiham irəli sürülüb. O öz siyasi kampaniyasının qanunsuz maliyyələşdirilməsində günahlandırılır.

Təhqiqatın məlumatlarına görə Sarkozinin partiyası prezident seçkisi zamanı xərclərdən kənara çıxmasını gizlətmək üçün sənədləri saxtalaşdıra, ya da gizlədə bilərdi.

Maliyyə hesabatına görə siyasi kampaniyaya 22.5 milyon avro xərclənib. Amma əsl rəqəmin bundan iki dəfə çox olmasından şübhələr var.

Qəzzafi, Monako knyazlığı və sair

2012-ci ilin oktyabrında Sarkozini cinayətkar qrupda olmaqda ittiham ediridilər. Bu qrupun potensial olaraq onun 2007-ci il prezident seçkisi kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsini təşkil etdiyi düşünülür.

Le Monde qəzetinin yazdığına görə Liviya pulları 2007-ci ildə Sarkozinin hakimiyyətə gəlməsini təmin edib.

Keçmiş prezident Nikola Sarkozi (solda) və Liviya lideri Müəmmər Qəzzafi
Keçmiş prezident Nikola Sarkozi (solda) və Liviya lideri Müəmmər Qəzzafi

Liviyanın ovaxtkı lideri Müəmmər Qəzzafinin oğlu bundan əvvəl bildirmişdi ki, Nikola Sarkozinin 2007-ci il seçki kampaniyasını Liviya hökuməti maliyyələşdirib.

Mediapartın iddiasına görə Sarkozi Müəmmər Qəzzafidən 50 milyon avrodan çox pul alıb.

Hazırda Sarkoziyə qarşı korrupsiya ittihamı ilə məhkəmə prosesi davam edir.

Bu iş üzrə 65 yaşlı Sarkozidən başqa həm də onun vəkili və dostu Tyerri Ersoq, habelə kassasiya məhkəməsinin keçmiş prokuroru Jilber Aziber ittiham olunurlar.

Prokurorluq hesab edir ki, Sarkozi Aziberin ona köməyinin müqabilində onun Monako knyazlığında yüksək vəzifəyə təyinatını təşkil edib.

Sarkoziyə qarşı nüfuz alveri və korrupsiya ittihamları irəli sürülüb.

Prokurorluq onun 2 ili şərti olmaqla 4 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG