Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

İngilislər məşhur şairin tabutunu çaxır anbarında tapdılar


Samuel Taylor Coleridge
Samuel Taylor Coleridge

Guardian qəzeti yazır ki, bu hadisə bəlkə də 18-19-cu əsrlərdə yaşamış məşhur ingilis şairi, filosofu və tənqidçisi Samuel Taylor Coleridge-in (1772 – 1834) dostlarını və müasirlərini təəccübləndirməzdi, amma ədibin qalıqları çaxır zirzəmisindən tapılıb.

İndiyədək ədəbiyyat zəvvarları şairə ehtiramlarını bildirmək üçün bir kilsənin divarındakı xatirə lövhələrinə baş çəkirdilər, lakin onların heç ağlına da gəlməyib ki, şairin tabutu elə bu kilsənin altında yerləşən və 17-ci əsrə aid şərab anbarının kərpic divarı arxasında imiş.

Şimali Londonun Haygeyt Hill məhəlləsindəki bu zirzəmi Müqəddəs Michael kilsəsinə 1831-ci ildə birləşdirilib.

Şairin kötükcəsinin nəvəsi, polis zabiti işləyən Richard Coleridge deyib ki, bəziləri şairin son mənzili kimi şərab zirzəmisini qəbul edə bilərlər, lakin Coleridge ingilislər və ailəsi üçün doğrudan da nəhəng fiqurdur.

Məqalədə deyilir ki, Coleridge-in, eləcə də onun arvadı Saranın, qızı Saranın, kürəkəninin və nəvəsinin qurğuşun tabutu yaxşı qalıb və zirzəminin ventilyasiya pəncərəsindən görünür.

İndi kilsə ailə sərdabəsini təmizləmək və təmir etdirməyi planlaşdırır. Bu, ən məşhur ingilis şairlərindən birinin son mənzilini həqiqətən də ziyarət yerinə çevirəcək.

Hazırda şairin ailə sərdabəsinə çatmaq üçün uzun pilləkənlərlə enmək, sonra isə kərpic qalaqlarının üstündən aşmaq lazım gəlir.

Keşiş Kunle Ayodeji bunu da bildirir ki, sərdabə abadlaşdırıldıqdan sonra burada hətta ictimai görüşlər üçün məkan da olacaq. O deyir ki, sərdabənin divarını sökmək nəzərdə tutulmur, amma divar üzərində layiqli bir xatirə lövhəsinin qurulması planlaşdırılır.

“Qoca dənizçinin balladası” (The Rime of the Ancient Mariner) və “Kublay Xan” kimi poemaların müəllifi olan Coleridge həm də ağır depressiyadan əzab çəkirdi. Bu şairi əyyaşa və narkomana çevirmişdi. Maraqlıdır ki, həkimlər tiryəki ona dərman kimi yazmışdılar. O 1834-cü ilin iyulunda 61 yaşında vəfat edib.

Bir vaxtlar Coleridge-in evindən bu alqırmızı qapısı olan kilsə yaxşı görünürdü. O bu evdə onu sağaldacağına ümid etdiyi həkimlə uzun söhbətlər edərdi.

İndi bu evin sahibi poeziya ilə az əlaqəsi olan məşhur supermodel Kate Moss-dur.

Coleridge-in özünə gəlincə isə onu yaxınlıqdakı Haygeyt məktəbinin kiçik kilsəsində dəfn etmişdilər. Sonralar məzar o qədər bərbad hala gəlmişdi ki, 1961-ci ildə onun bərpası üçün beynəlxalq fondtoplama elan olunmuşdu.

Daha sonra tabutları müqəddəs Michael kilsəsinə köçürmüşdülər.

Burada xatirə daşının açılışında Britaniyanın saray şairi John Masefield nitq söyləmişdi.

Lakin kilsə şurasının üzvlərindən Drew Clode demişkən, sonralar şairin tabutunu rütubətdən qorumaq üçün bir hücrədən başqa hücrəyə köçürürdülər. Nəhayət günlərin bir günündə onun hansı hücrədə olduğunu hamı unutmuşdu.

Kilsənin yerləşdiyi kəndin adamlarından kimisi vəfat edib, kimisi də köçüb böyük şəhərlərə gedib və beləcə sərdabənin yeri tamamilə unudulub.

Bu yaxınlarda ekskavatorla aparılan qazıntı işləri zamanı çaxır anbarının girişi aşkar edilib. Açılmış yarıqdan içəriyə 1961-ci ildə qoyulmuş nəfəslikdən yalnız məşəl keçirmək mümkün idi. Beləliklə, 5 qurğuşun tabut aşkar edilib. Tabutlar arxeoloqların düşündüyü yerdə yox, elə çöl divarda asılmış xatirə lövhəsinin altındaymış.

Lövhədə isə bu sözlər yazılıb: “Bu daşın altında Samuel Taylor Coleridge uyuyur”.

İndi kilsə iyun ayında xüsusi Coleridge gününün keçirilməsinə hazırlaşır. Burada şairin şeirləri oxunacaq, haqqında mühazirələr səslənəcək və bu məclisdə ədibin qohumları da iştirak edəcəklər.

Həmin mərasimdə toplanması planlaşdırılan ianə fondunun köməyi ilə gələcəkdə şairin adına layiq məqbərə tikiləcək.

Samuel Taylor Coleridge-in “Qoca dənizçinin balladası” poemasının Azərbaycan dilinə tərcüməsini Oxu zalının Tərcümə bölümündə oxuya bilərsiniz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG