Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Şampunla “yuyulan” 24 milyon dollar


Foto arxiv
Foto arxiv

“İxracatçı ölkələrlə idxalçı ölkənin arasında kəskin rəqəm fərqləri birmənalı şəkildə korrupsiyadan xəbər verir”

Saçaqulluq üzrə dünya brend markalarının yerli tərəfdaşları Azərbaycan gömrüyü ilə gizli sövdələşirmiş. Bundan məqsəd - idxal qiymətlərini süni şəkildə azaltmaq və dövlət büdcəsindən milyonlarla manat vergini yayındırmaq olub.

Gömrük məntəqəsi
Gömrük məntəqəsi

​Azərbaycan gömrüyünün təqdim etdiyi hesabat və beynəlxalq ticarətə dair statistik məlumatların müqayisəli təhlili belə nəticəyə gəlmək imkanı verir.Söhbət kiçik bir vergi pozuntusundan deyil, hər il, ən azı, 20 milyon dollar dəyərində malın gömrük vergilərindən gizlədilməsindən gedir.

İdxal artdıqca dəyər azalır?

Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə,2014-cü ildə Azərbaycana 8 tona yaxı (7808 ton) müxtəlif saçaqulluq vasitələri (şampun, saç boyası, balzam və s.) idxal olunub. Gömrük vergi və rüsumlarına cəlb edilərkən, bütün bunlar 14 milyon 599 min 800 ABŞ dolları məbləğində göstərilib. Həmin il 2013-cü illə müqayisədə rəsmi idxalçılar 1132,5 ton çox mal gətirsələr də, onun dəyəri artmaq əvəzinə, 1 milyon 400 min dollar azalıb.

Təəccüblüdür ki, idxalçıların bu davranışı ötən il də davam edib. Düzdür, ölkəyə rəsmi sənədlər əsasında daxil olan saçaqulluq vasitələrinin ümumi həcmi 793 ton aşağı düşüb, ancaq bunun Azərbaycan gömrüyündə bəyan olunan toplam qiyməti xeyli - 12 milyon 487 min 800 dollar azalıb.

Fərq 24 milyon 200 min dollardır

UN Comtrade-də (BMT-nin beynəlxalq ticarətə dair statistik məlumatlar bazası) ixracatçı ölkələrə istinadla əks olunan məlumatlara görə, 2013-cü ildə Azərbaycana 37 milyon 400 min dollar, 2014-cü ildə isə 38 milyon 800 min dollar dəyərində saçaqulluq vasitələri göndərilib. 2014-cü il üçün Azərbaycan gömrüyünün təqdim etdiyi göstərici ilə fərq 24 milyon 200 min dollardır.

Azərbaycana qonşu olan Gürcüstanla eyni malın idxalına dair məlumatların müqayisəsi gömrükdə korrupsiyanın səviyyəsi barədə fikir yürütməyə əsas verir. Bu ölkənin Milli Statistika İdarəsi bildirir (http://goo.gl/wift4k) ki, 2014-cü ildə xaricdən 29 milyon 100 min dollarlıq şampun, saç boyası və s. gətirilib. UN Comtrade isə, öz növbəsində, 32 ölkədən daxil olan məlumata söykənməklə, Gürcüstanın həmin il 28 milyon 200 min dollar dəyərində saçaqulluq vasitəsi idxal etdiyini bildirir.

ÜTT-nin qərargahı
ÜTT-nin qərargahı

​Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olan Gürcüstana gətirilən 5 milyon 12 min 500 kq saçaqulluq vasitəsinin tonu 5 min 647 dollara, 2015-ci ildə isə (2053 ton) – 5 min 156 dollara rəsmiləşdirilib.

Bəs Azərbaycanda şampun hansı qiymətə rəsmiləşdirilir?

Azərbaycana xaricdən göndərilən bu çeşid malların gömrük qiyməti ilbəil azalmaqdadır. 2013-cü ildə şampun, boya və losyonun bir tonu, orta hesabla, 2366 dollara, 2014-cü ildə - 1869 dollara, 2015-ci ildə - 1780 dollara rəsmiləşdirilib.

Bu göstərici bəzi iri təchizatçı ölkələr üzrə daha aşağıdır. Məsələn, 2014-cü ildəTürkiyə sərhədini 3111 dollara keçən saçaqulluq vasitələrinin bəyanolunma qiyməti 5 dəfəyədək azaldılıb və 572 dollar 5 sent olub.

2014-cü ildə Azərbaycana saçaqulluq vasitələrinin ən iri təchizatçıları Rumıniya (1158,4 t), Rusiya (1900,2 t) və Türkiyədir (2163,4 t). Bu 3 ölkənin payına ümumi idxalın (8486 t) 61 faizi düşüb. Bolqarıstan (313,8 t), Çexiya (757,4 t), Almaniya (408,8 t), İtaliya (460,8 t), Polşa (294,1 t) və Ukrayna (719,2 t) da ixracatda böyük paya sahibdir.

DGK, bir qayda olaraq, xarici ticarət əlaqələrində gözə çarpanbelə kəskin təzad xarakterli məlumatları şərh etməkdən yayınır.

“Korrupsiya varsa, keyfiyyət də axsayır...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzadlıqRadiosuna deyib ki, ölkə başçı İlham Əliyev dəfələrlə kartel sövdələşmələrinin, şişirdilmiş qiymət və malların qaiməsiz satılmasını dilə gətirib:

“Uzun illər gömrük brokerləri sahibkarlar və gömrük orqanları arasında “bufer” rolu oynayıb. Gömrük orqanı öz korrupsiya əməllərini bu şirkətlər vasitəsilə ört-basdır edib. İxracatçı ölkələrlə idxalçı ölkənin arasında kəskin rəqəm fərqləri birmənalı şəkildə korrupsiyadan xəbər verir və bu da öz növbəsində istehlakçıların cibinə zərbə vurur. Harada korrupsiyaya şərait yaradan hallar varsa, orada hökmən məhsulun keyfiyyəti də axsayır”. Eyyub Hüseynov belə düşünür. Azərbaycan saçaqulluq vasitələri bazarında “oyunçu” az deyil və istehsalçılar da var (Herba Flora, Gazelli Group). Di gəl, onlar əsas söz sahibi deyillər. Bazarı öz aralarında, əsasən, 7 şirkət («Progress Baku», «Atropatena», «Sabina P C», «Mazarina», «Prokter & Gembl Azərbaycan Servisləri», «İdeal Kompani» və «Engin ltd») bölüşdürüb.

Əsas idxalçılar

Məcburi qaydada sertifikatlaşdırılan məhsullar sırasında saçaqulluq vasitələri də var. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təqdim etdiyi məlumata görə, əsas idxalçılar bunlardır:

«Progress Baku» MMC - «Joico», «Dove», «Elidor» və «Clear» nişanlı şampunlar;

«Atropatena» QSC - «Schauma», «Gliss Kur» və «Syoss» nişanlı şampunlar, «Palette» və «Syoss» nişanlı saç boyaları;

«Mazarina» MMC "Hacı Şakir" və "Palmolive" nişanlı şampunlar;«Sabina P C» MMC - «Wella professional», «Kerastase» nişanlı şampunlar, «L`OREAL Professionnel» nişanlı saç boyaları, «Matrix» nişanlı saçaqulluq vasitələri;

​«İdeal Kompani» MMC - «Adidas» nişanlı şampun və duş gelləri, «Leoner Greyl» nişanlı saçaqulluq vasitələri, «Keranova» nişanlı saç boyaları, «Petrole Hahn», «Keune» və «Dulgon» nişanlı şampunlar;

«Engin ltd» MMC - «UNİ» nişanlı şampunlar;

foto arxiv
foto arxiv

«Prokter & Gembl Azərbaycan Servisləri» MMC – «Pantene Pro-V», «Head & Shoulders», «Wash & Go» nişanlı şampun və balzamlar, «Wella» nişanlı balzamlar, «Londacolor» və «Wellaton» nişanlı saç boyaları.

Biri məlumatı açıqlamır, digəri sorğuya cavab vermir

AzadlıqRadiosu Azərbaycanın istehlak bazarında xüsusi çəkisi olan «Procter & Gamble» məhsullarının distribütorundan məsələyə aydınlıq gətirməsini istəyib. «Prokter & Gembl Azərbaycan Servisləri» şirkətinin xarici əlaqələr meneceri Səkinə İbrahimova deyib ki, «Procter & Gamble» 70 ölkədə fəaliyyət göstərir və beynəlxalq və yerli qanunlara riayət etməklə bağlı möhkəm prinsip və siyasəti olan bir şirkətdir: «P&G-nin bu prinsiplərdən irəli gələn öhdəlikləri fəaliyyət göstərdiyi hər bir ölkədə onun uzunmüddətli və davamlı uğuruna səbəb olub. «Procter & Gamble» Azərbaycanda 17 il ərzində yerli istehlakçılara göstərdiyi xidmətlə fəxr edir».

S. İbrahimova satış həcmləri və idxal qiymətləri ilə bağlı məlumatları açıqlaya bilməyəcəyini də vurğulayaraq,bunu şirkətin qaydaları ilə əsaslandırıb.

«Engin ltd» MMC isə sorğunu cavabsız qoyub.

Başını şampunla yuyan hər kəs...

Manatın dəyərsizləşəndən bəri qiymətləri sürətlə bahalaşan məhsullar sırasında saçaqulluq vasitələri də var. DSK-nın hesablamalarına görə, dükanda 250 millilitrlik qabda şampunun orta qiyməti 2015-ci ilin yanvar ayında 2 manat 28 qəpik idisə, bu ilin fevralında 2 manat 99 qəpiyə yüksəlib. Çeşidlə yanaşı, qiymətlər də müxtəlifdir. Eyni qablaşdırmada 15 manata da şampun təklif olunur.

Azərbaycan manatı
Azərbaycan manatı

​Görünən odur ki, Azərbaycanda başını şampunla yuyan hər bir vətəndaş, özü istəmədən, korrupsiya pullarının yuyulmasına qatılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG