"Qardaşım Saleh Rüstəmov və qardaşım oğlu Vidadi Rüstəmovun taleyindən çox narahatıq. Onlar haqqında bizə hər hansı məlumat verilmir. Biz onların ağır işgəncələrə məruz qaldığını düşünürük".
Mayın 8-də narkotik ittihamı ilə həbs edildiyi bildirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov belə deyib.
Onun sözlərinə görə, məhkəmənin həbs qətimkan tədbiri seçməsinə baxmayaraq, Saleh Rüstəmov mayın 8-dən, qardaşı oğlu Vidadi Rüstəmov isə mayın 10-dan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. O, deyib ki, bu, qanunsuzdur.
İşgəncə iddiası
“Əlaqəli qurumlara, ölkə rəhbərliyinə dəfələrlə teleqram vurmuşam, Ombudsman Aparatına müraciət etmişəm. Yalnız Ombudsman Aparatından qardaşım və qardaşım oğlunun saxlanma yeri barədə məlumat veriblər. Onların işgəncəyə məruz qalması ehtimalı ilə bağlı isə prokurorluğa müraciət etməyimizi məsləhət gördülər”, o, qeyd edib.
O, qardaşı Saleh Rüstəmovdan yeni məlumatlar aldıqlarını, ancaq bunun xoş xəbərlər olmadığını bildirib:
“Mayın 18-də Bakı Apellyasiya Məhkəmisində məhkəmə iclası təyin olunmuşdu. Ancaq Salehlə Vidadini məhkəməyə gətirmədiklərindən iclas təxirə salınmışdı. Bu gün, mayın 21-də isə həm Salehdən, həm də Vidadidən məhkəmədə iştirak etmək istəmədikləri barədə məktub alıblar. Hətta Vidadi Rüstəmov ailəsinin tutduğu vəkillərdən imtina edib. Bunlara inanmırıq. Fikirləşiririk ki, onlara işgəncə verilib. İşgəncə izlərinin itməsi üçün onları məhkəmə qarşısına çıxarmırlar”, Taleh Rüstəmov bildirib.
Taleh Rüstəmovun sözlərinə görə, keçmiş icra başçısının həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib.
“Həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə yazıb ki, Saleh Rüstəmova işgəncə verilib, bu səbədən də üzə çıxarılmır, məhkəməyə gətirilmir. Onunla üç dəfə görüşməyə cəhd ediblər, lakin görüşə bilməyiblər”.
Rəsmi açıqlama verilmir
Taleh Rüstəmovun dediklərinə Daxili İşlər Nazirliyi və məhkəmə orqanlarından münasibət almaq mümkün olmayıb. Keçmiş icra başçısının həbs edilməsi ilə bağlı məlumatlar yayılandan bəri, rəsmi qurumlar buna hər hansı reaksiya verməyiblər.
Ancaq hüquq-mühafizə orqanları bir qayda olaraq Azərbaycandakı təcridxana və cəzaçəkmə yerlərində işgəncəyə məruz qalmaqla bağlı şikayətləri qəbul etmirlər.
Hatta bloqqer Mehman Hüseynov 2017-ci ildə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını bildirmişdi və sonradan böhtan iddiası ilə həbs edilmişdi.
Xatırlatma
Saleh Rüstəmovun mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlandığı bildirilirdi. Qardaşı Taleh Rüstəmovun deməsinə görə, həmin vaxt o da hadisə yerində olub.
Taleh Rüstəmov vurğulayırdı ki, onda post yaxınlığında çoxsaylı mülki geyimli şəxslər və yol polisi əməkdaşları dayanıb: “Elə çatan kimi, Salehi maşından düşürdülər, bizi isə düşməyə qoymadılar”.
Taleh Rüstəmov deyib ki, qardaşını saxladıqdan sonra Şəmkir şəhərinə aparıblar. Onun bildirməsinə görə, sonradan vəkili vasitəsilə öyrəniblər ki, qardaşı haqqında narkotik ittihamı ilə Bakının Nərimanov Rayon Məhkəməsində 4 ay həbs-qətimkan tədbiri seçilib. Sonradan isə onun qardaşı oğlu Vidadi Rüstəmovun saxlandığı bildirilib.
Ancaq bu məumatları Daxili İşlər Nazirliyi və Nərimanov Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
Saleh Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (ACXP) keçmiş üzvü olub. 1992- 93-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident olanda Gədəbəy rayonunda icra hakimiyyəti başçısı vəzifəsində çalışıb. Onun uzun illərdir Rusiyada yaşadığı, həmin ölkənin vətəndaşı olduğu bildirilir. Qardaşınım deməsinə görə, O, Azərbaycana bir neçə günlüyə gəlibmiş.