Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Saleh Rüstəmovun cəzası 2 ay azaldılıb


S.Rüstəmov
S.Rüstəmov

Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımına görə 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmovun cəzası 2 ay azaldılıb. Sentyabrın 25-də Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Ali Məhkəmə S.Rüstəmovla yanaşı, onunla birlikdə mühakimə olunan AXCP funksionerləri - partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin üzvü Ruslan Nəsirovun da şikayətinə baxıb.

S.Rüstəmov və A.Məhərrəmov Ali Məhkəməyə məktub göndəriblər ki, şikayətlərinə baxılanda özləri də iştirak etmək istəyirlər. Vəkilləri də onların iştirakının təmin olunmasını istəyiblər. Amma hakimlər onların istəyini nəzərə almayıblar və məhkəməni davam etdiriblər.

Məhkəmə çıxışlarında vəkillər Cavad Cavadov, Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov bu işə görə məhkum olunan 5 nəfərin hamısının günahsız, onlara qarşı irəli sürülən ittihamların isə absurd olduğunu bildiriblər.

Şahid fitrə pulu kimi yardım göndərdiyini deyib

B.Bayramov deyir ki, S.Rüstəmova qanunsuz sahibkarlıq ittihamı verilib. Amma onun 1996-cı ildən yaşadığı, kiçik sahibkarlıqla məşğul olduğu Rusiyanın hüquq-mühafizə orqanlarının məktubu var ki, bu adam heç bir qanunsuzluğa yol verməyib. S.Rüstəmov və digərlərinin Rusiyadan siyasi məhbus ailələrinə yardım məqsədilə pul göndərməsini «çirkli pulların yuyulması» kimi qiymətləndirmək yanlışdır.

Vəkil S.Rüstəmovun qardaşı, qardaşının həyat yoldaşına 90-cı illərdə verilmiş pay torpaqlarının, hətta 1955-ci ildə atasının tikdiyi evin də müsadirə olunmasının da qanunsuz olduğunu vurğulayıb. Bildirib ki, öncə mayın 8-də S.Rüstəmovu, iki gün sonra isə qardaşı oğlu Vidadini narkotik ittihamıyla şərləyib həbs etməkdə məqsəd onları qapalı şəraitdə, təzyiq altında saxlayıb, AXCP-yə pul göndərilməsiylə bağlı cinayət işini hazırlamaq olub. Təzyiq altında ifadələr alınandan sonra isə mayın 25-də AXCP üzvlərini həbs ediblər.

Vəkil C.Cavadov AXCP üzvlərinin həbsindən dərhal sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada təqsirləndirilən şəxslərin təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu deyib.

Vəkillər həm S.Rüstəmov, həm də B.Həsənovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakı, yaralanmasından da danışıblar. Müdafiəçilər bu işdə cinayət tərkibinin olmadığını vurğulayaraq, müvəkkillərinə bəraət verilməsini istəyiblər.

«Hətta birinci instansiyada dindirilən şahidlərdən biri dedi ki, Rusiyada işləyir, Ramazan ayı idi deyə, fitrə kimi yardım göndərib. Bunu indi çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq kimi necə qiymətləndirmək olar?», – C.Cavadov bildirib.

Hakimlər qısa müşavirədən sonra bu işə görə məhkum olunanlardan yalnız S.Rüstəmova aid hissədə hökmə dəyişiklik edib. Ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsiylə verilən ittiham 234.1 maddəsinə tövsif olunub. S.Rüstəmliyə digər ittihamlarla da verilən cəzalar birləşdirilməklə, üzərində 7 il 1 ay həbs saxlanılıb.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, bu işdən Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Xatırlatma

Saleh Rüstəmov ötən il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Onların hər ikisindən AXCP-yə maliyyə yardımı barədə ifadələr alındıqdan sonra mayın 25-də partiyanın üç funksioneri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov saxlanıb.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan gedir. Onlar CM-in 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, «qurama iş» adlandırıb. O bildirib ki, S.Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG