Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən binanın sökülməsi ilə bağlı deyilənlərə münasibət bildirib.
Qafqazinfo xəbər verir ki, M.Əliyeva bu barədə Instagram hesabında yazıb: «Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır».
M.Əliyeva qeyd edib ki, ölkənin mədəni irsinə xələl gətirilməməsindən ötrü bütün lazımi tədbirlər görülür.
«Dedilər ki, bina qəzalıdır, çıxın…»
«Bizim son 3 gün ərzindəki maraq və məqsədimiz vaxtilə məbəd kimi tikilmiş bu binanın sökülməsinə mane olmaqdır».
Bunu isə AzadlıqRadiosuna Bakıda, Süleyman Rüstəm, 10 ünvanında yerləşən «Salaam Cinema Baku» adlı həvəskar kinoteatrın əməkdaşlarından biri deyib. Onun bildirməsinə görə, üç gün öncə, mayın 5-də binaya baxmaqdan ötrü onun yerləşdiyi əraziyə Nəsimi Rayon İcra Hakimiyyətindən gəliblər: «Gəlib baxdılar, bizə dedilər ki, bina qəzalıdır və təcili buranı tərk etmək lazımdır».
«Salaam Cinema Baku»nun əməkdaşı deyir ki, onlar da, öz növbəsində, icra hakimiyyətinin təmsilçisindən binanın qəzalı olması barədə rəsmi sənəd istəyiblər.
Həmin şəxsin sözlərinə görə, bundan sonra binanın sahibinin nümayəndəsi gəlib onlardan binanı boşaltmağı tələb edib.
«Aşağı-yuxarı gün ərzində 100-ə qədər ziyarətçilərimiz olur, bizi mövqeyimizdə haqlı sayırlar. Hələlik vəziyyət belədir», - deyə o qeyd edib.
Bütün bu deyilənlərə, hələlik, Nəsimi Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Mülk sahibinin nümayəndəsindən açıqlama
««Salaam Cinema Baku» adlı kinoteatrın həmin binada fəaliyyət göstərməsi ilə bağlı müqaviləsi yoxdur. Varsa, göstərsinlər. Biz onların nümayəndəsi ilə heç bir müqavilə bağlamamışıq, binaya özbaşına giriblər».
Bunu «Report»a açıqlamasında Bakının Süleyman Rüstəm küçəsindəki «Malakanların evi» kimi tanınan bina sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.
O bildirib ki, həmin şəxslər mühafizə xidmətinin məsuliyyətsizliyi ucbatından orada fəaliyyət göstəriblər: «Heç bir müqavilədən söhbət gedə bilməz. Bina şəxsi mülkiyyətimizdədir, ən qısa zamanda məhkəmə yolu ilə oradan çıxarılacaqlar. Teatrın orada fəaliyyət göstərməsi qanunsuzdur. Bina sökülməyəcək, restavrasiya ediləcək və istifadəyə veriləcək. Ona görə də binanın sökülməsindən söhbət gedə bilməz».
B.Əhmədov qeyd edib ki, binanın birinci mərtəbəsi ofis, ikinci və üçüncü mərtəbəsi isə rəsm qalereyası ola bilər: «Bununla bağlı tam qərar verilməyib».
Xatırlatma
Süleyman Rüstəm, 10 ünvanında yerləşən bina 1913-cü ildə Skobelyevin təşəbbüsü ilə «Malakanların dua evi» kimi inşa edilib. Hazırda binada «Salaam Cinema Baku» klubu fəaliyyət göstərir.
Özəlləşdirilən binanın son günlər söküləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bu səbəbdən klubun əməkdaşları artıq bir neçə gündür ki, həmin binada gecələyirlər.