Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 15:54

Kasıb ailəsi həbsdəki şairə ərzaq da apara bilmir


Tofiq Həsənli
Tofiq Həsənli

►“Görüşə icazə yoxdur. Amma dəyişək, çay, siqaret, yemək-filan aparmalıyam. Keçən həftədən deyiblər ki, “dəyişək gətirin”, amma apara bilmirəm. Alacağım var, onu gözləyirəm”

Kürdəxanıdakı istintaq təcridxanasında saxlandığı deyilən şair Tofiq Həsənlinin ailəsi ona hələ də pal-paltar və ərzaq çatdıra bilməyib. Bunları AzadlıqRadiosuna deyən də onun qardaşı Faiq Həsənovdur.

O, qardaşının saxlanıldığı təcridxanaya getmək imkanında olmadığını bildirir.

Ailə imkansızlıqdan şairə vəkil də tuta bilməyib. “Dövlət vəkil verib. Onun da üzünü görməmişik, kimdir, xəbərimiz yoxdur. Yaşlı anası, bacısı ondan xəbər gözləyir”, - deyir qardaşı.

Ailə Tofiq Həsənlinin niyə saxlanılmasından da məlumatsızdır. Onlar özünü polis kimi təqdim edən bir nəfərin zəngindən sonra şairin narkotikə görə saxlanıldığını, haqqında bir neçə aylıq həbs qətimkan tədbiri seçildiyini bilirlər.

Daxili İşlər Nazirliyindən isə Tofiq Həsənlinin niyə saxlanılması haqqında növbəti sorğumuza belə cavab verilib: “Sabah zəng vurun, bu haqda dəqiq məlumat verək”.

Buna da bax: Mədət Quliyevə general-leytenant rütbəsi verildi

“ADAM OĞURLUĞU CİNAYƏTDİR AXI”

Şairin anası Zərifə Həsənova AzadlıqRadiosuna deyib:

“Oğlumdan xəbərim yoxdur. O, türmədə, mən aşkarda. Balamdan nə xəbər var, nə ətər. Mənim balam şeir yazdığına görə tutulub. Şair ancaq tərif deməz ki, tənqid də edər. Bəs deyirlər söz azadlığıdır? Onda balamı niyə həbs ediblər?”

Zərifə Həsənova danışdıqca həyəcanlanır:

“Bir nəfər qonşu bizə deyib ki, “Tofiqi tutub apardılar”, mən nə deyim? Adam oğurluğu cinayətdir axı. Mənim balamı niyə oğurlayıblar?..”

Bu yerdə 82 yaşlı ana söhbəti dayandırır, halı pisləşdiyi üçün danışa bilmir. Qızı Maral Həsənova dəstəyi alır:

“Anam xəstədir. Ona Tofiq baxırdı. Məni yaxın buraxmırdı. Anam məni çağıranda müsibət qorarırdı ki, “harayına məni çağır”... Kim aparıb onu... Nə deyim? Gözümüz yolda qalmışıq. Bilirik ki, Bakıda türmədədir. Başqa heç nə bilmirik”.

Buna da bax: "O qədər rüşvət istədilər, müflis oldum"

FACEBOOKDAKI DOSTLAR DA SEYRƏLİR

Şairin Facebook-dakı dostları da onun həbsiylə bağlı narahatlıqlarını ifadə edirlər. Onlardan biri İslam Cabbarlı yazır:

“Mən bir oxucusu kimi hələ də bilmirəm şairimiz haradadı və ya niyə susur. Düzdü bəzən orda-burda xəbərlər yayılır ki, güya narkotiklə həbs olunub, amma bunun nə qədər dəqiq informasiya olduğunu da bilmirəm. Ümumiyyətlə, mənim üçün belə səviyyəli şairin nə üstündə həbs olunması maraqlı da deyil. Məni narahat edən odur ki, ölkəmizdə hələ də şairlər həbs olunur (əgər həbs xəbəri düzdürsə). Bax bu ayıb bir şeydir ölkəm üçün...”

İslam Cabbarlı hesab edir ki, Tofiq Həsənlinin həbsinə bəraət yoxdur. Bir də şairin həbs xəbərindən sonra sosial şəbəkədəki dostlarının azalmasına da eyham vurur.

Əslən Lənkərandan olan Tofiq Həsənli Qala kəndində dükanda işləyirmiş. Oktyabrın 13-də onun naməlum şəxslər tərəfindən oğurlanması haqda xəbər yayılıb. Bir neçə gün sonra onun polis tərəfindən saxlanıldığı məlum olub.

Şair yanvarda AzadlıqRadiosuna verdiyi müsahibədə “Məni həbs etmək istəyirlər” demişdi. Hətta onu susdurmaq üçün ayrı-ayrı məmurların ev, iş, pul təklif etdiklərini də söyləmişdi. Tofiq Həsənli şeirlərində siyasi hakimiyyəti tənqid edib.

XS
SM
MD
LG