Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:22

Qala qəsəbəsində sahibsiz itlər üçün yer ayrıla bilər


Eldar Mansurov
Eldar Mansurov

Xəzər rayon İcra Hakimiyyəti Mərdəkanda vətəndaş Eldar Mansurovun bağ evində saxladığı sahibsiz itlərin köçürülməsi üçün torpaq sahəsi ayrılmasını istəyir. Bundan ötrü Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.

“Biz müraciətimizdə sahibsiz itlər üçün Xəzər rayonu, Qala qəsəbəsində 30 sot torpaq ayrılmasını istəmişik. Müraciət göndərilib, hələ nəticəsi məlum deyil”, – Xəzər rayon İcra Hakimiyyətinin nümayəndəsi oktyabrın 17-də məhkəmədə bildirib.

Bakı şəhər İcra Hakimiyyətinin təmsilçisi isə deyir ki, hələlik, məktubla tanış deyillər. Müraciət onlara çatandan sonra münasibət bildirəcəklər.

Həyətyanı sahəsində 300-ə qədər it saxladığına görə Xəzər rayonunun icra başçısı Gülağa İslamov tərəfindən məhkəməyə verilən Eldar Mansurov isə bildirir ki, quru torpaq sahəsinin ayrılması yetərli deyil: “Biz bu məsələyə torpaq sahəsiylə tanış olandan sonra fikir bildirə bilərik. Həmin ərazinin işıq, qaz və su təchizatı, ora avtomobil yolunun olması vacibdir”.

“Zəng edib dedilər ki, cənab nazir məsələdən xəbərdardır”

Keçmiş polis zabiti olan Eldar Mansurovun sözlərinə görə, artıq daxili işlər naziri Ramil Usubov da sahibsiz itlərlə bağlı məsələyə müdaxilə edir: “Nazirlikdən mənə zəng edib dedilər ki, cənab nazir məsələdən xəbərdardır və Bakı şəhər İcra Hakimiyyətindən sahibsiz itlər üçün yer ayrılmasını xahiş edib”.

Məhkəmə prosesi noyabrın 7-də davam edəcək.

İcra başçısı G.İslamov məhkəməyə iddia ərizəsində tələb edib ki, Mansurovun saxladığı 300-ə qədər it oradan çıxarılsın, mülkiyyət sahibi də ev heyvanı saxlamaq hüququndan məhrum edilsin.

İcra başçısı bildirir ki, Eldar Mansurovun həyətində 300-ə qədər it saxlanmasıyla əlaqədar ətrafda yaşayan qonşular müxtəlif dövlət orqanlarına şikayət ediblər. Onlar səs-küydən və pis qoxudan narazıdırlar. İslamovun sözlərinə görə, Eldar Mansurova bununla əlaqədar xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.

XS
SM
MD
LG