Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:56

Sahibkar 1 milyon manat zərərə düşüb


Tikinti. Foto illüstrasiya.
Tikinti. Foto illüstrasiya.

«Burda özbaşına iş görməmişəm. İcra hakimiyyəti dövlətin adından sərəncam, başqa dövlət qurumları da öz icazə sənədini verib. Mən də tikintiyə başlamışam. İki ildə tikintiyə 1 milyon manatdan çox vəsait xərcləmişəm. İndi tikintini yarımçıq saxlayıblar və sökmək istəyirlər».

«HƏR DƏFƏ BİR QURUM GƏLİR»

Sahibkar Əli Cəlilov Xətai rayonu, Məhəmməd Hadi küçəsində 2 il əvvəl inşasına başladığı qeyri-yaşayış obyektinin tikintisini başa vura bilmir. Hətta son günlər tikilinin sökülməsi tələb olunur. Sahibkarın deməsinə görə, tikintiyə tələb olunan bütün sənədləri var. Ancaq hər dəfə bir idarə üstünə gəlir ki, burda tikinti aparmaq olmaz. O da hər dəfə bu idarələrə icazə sənədlərini göstərir.

***Buna da bax-Sahibkar: 'Döymədiyim qapı qalmayıb'

Ancaq sonuncu dəfə sahibkarın üstünə su idarəsindən gəliblər və bu dəfə onun təqdim etdiyi sənədlərə məhəl qoyulmayıb. Səbəbindən danışır: «Yalan-doğru, deyirlər ki, tikilinin altından su boruları keçir. Tələb edirlər ki, tikili dərhal sökülsün. Halbuki, icra hakimiyyəti sərəncam, Fövqəladə Hallar Nazirliyi isə təhlükəsizlik rəyi verib. 2 ildir ki, hər dəfə bir qurum gəlir, tikintini dayandırır, sökdürür... İndi də «Azərsu» tələb edir ki, tikili sökülsün, altından iri su borusu keçir. Sahibkar bu pulu əziyyətlə, həyatı bahasına əldə edib tikintiyə qoyur. Hökumət qurumları isə sahibkarların pullarıyla oynayırlar. 1 milyon manat az məbləğ deyil. Ancaq dövlət qurumları bu boyda pul yatırdığın tikilini bir tövlə kimi vurub dağıdırlar».

«ADAMI QURDUĞU İŞƏ PEŞMAN EDİRLƏR»

Sahibkarın sözlərinə görə, «Azərsu» 2 ildə bircə dəfə də ona bu barədə xəbərdarlıq etməyib: «2 ildə çox yerdən gəliblər ki, sökdürsünlər, aylarla tikinti dayanıb, hətta sökdürmək istəyiblər, nəhayət, sübut etmişəm ki, tələblər əsassızdır. Ancaq «Azərsu» ilk dəfədir gəlir. Məqsəd aydındır, Azərbaycanda arxasında məmur dayanmayan sadə sahibkar bina tikə bilməz. O qədər yerdən sıxışdırırlar ki, adamı qurduğu işə də peşman edirlər. Yenə də deyirəm, mən hələ başa çatmayan bu tikilinin üstünə 700 min dollar qoymuşam və mənə burada tikinti aparmaq üçün hər bir razılıq sənədi verilib. İndi bu pulu mənə kim ödəyəcək? Gözlədilər ki, sahibkar son qəpiyinəcən xərcləsin, sonra gəlib söksünlər».

***Buna da bax-Neftçalalı sahibkar: 'Bu adamı qəbul günləri də tutmaq olmur'

Sahibkarın deməsinə görə, tikilinin söküntüsü məhkəmə qərarı olmadan tələb edilir. Üstəlik, binanın altından su borusu keçdiyini təsdiqləyən sənəd yoxdur. «Eləcə 5-6 nəfər durub gəlib ki, «sökürük». Mən də sökməyə imkan vermirəm», – Əli Cəlilov söyləyir.

Beləliklə, sahibkara tikintini davam etdirməyə imkan verilmir. O da öz növbəsində məhkəmə qərarı olmadan söküntüyə imkan vermir.

MƏHKƏMƏ QƏTNAMƏSİ OLMALIDIR

Hüquqşünas Vaqif Alıyev deyir, məhkəmə qərarı olmadan tikilinin sökülməsi özbaşınalıqdır: «Qurum söküntünü özbaşına həyata keçirə bilməz. Buna görə məhkəməyə müraciət olunmalıdır. Məhkəmədə sübuta yetirilsə ki, həqiqətən də ərazidə tikinti aparmaq qadağandır və sökülməyə dair qətnamə çıxarsa, bina sökülə bilər. Ondan sonra isə sahibkar bu tikintiyə sərəncam verən, tikintiyə icazə verən qurumları məhkəməyə verib dəymiş zərərin ödənilməsini tələb etməlidir».

Xətai rayon İcra Hakimiyyəti başçısının imzaladığı 1 noyabr 2016-cı il tarixli sərəncamda qeyd olunur ki, «... Əli Cəlilova məxsus köhnə tikilinin sökülüb yerində təzəsinin tikilməsinə icazə verilir». Qurumdan «Qaynar xətt»ə bildirilib ki, tikintiyə verilən sərəncam qanunidir.

AzadlıqRadiosu «Azərsu» ASC-nin mətbuat xidmətindən məsələyə münasibət bildirilməsini xahiş edib. Ancaq, hələlik, cavab almayıb.

XS
SM
MD
LG