Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Sahibkar süründürməçilikdən şikayətlənir


Ramazan Əzimov
Ramazan Əzimov

“Bir yeri nə qədər ölçər, ona aid nə qədər məhkəmə qurarlar? Gah məni İmişlidəki, gah da Şirvandakı məhkəməyə çağırırlar. Bir gün polis, o biri gün ədliyyə idarəsində oluram. Bu işlə bağlı bir neçə dəfə Bakıya getməli olmuşam. Mənim ailəmin ehtiyaclarını, icarədarlara icarə haqqını ödəmək, dövlətdən aldığım krediti geri qaytarmaq öhdəliyim var. Amma illərdir ki, qalmışam məhkəmə qapılarında...”

İmişli rayonunun Göbəktala kəndində yaşayan Ramazan Əzimov belə deyir. O, bildirir ki, ailə üzvləri ilə birgə 10 hektardan çox müxtəlif təyinatlı torpaqlarda kənd təsərrüfatı məhsulları istehsal edir. Sahibkarlığın İnkişafına Dəstək Fondundan 10 min manat kredit götürüb:

“Torpağımı əlimdən alıblar, indi də tövləmi sökdürmək istəyirlər”

“Torpağın az bir qismi özümüzündür, qalanını ayrı-ayrı şəxslərdən icarəyə götürmüşük. Pulu da bu torpaqları münbitlşdirməyə, mal-qaraya, onların saxlanc yerlərinə sərf etmişəm. Amma yerli bələdiyyənin yaratdığı mülki mübahisəyə görə əlimiz işdən soyuyub. Bələdiyyə əvvəl icarəyə götürdüyüm yeri əlimdən aldı. İndi də tövləmi sökdürmək istəyir.”

Ramazan Əzimov deyir ki, barəsində danışdığı mübahisəli sahə İmişli rayonunun Məhəmmədli kəndi ərazisində yerləşir:

“Burada istifadəmdə olan torpağı öz adıma sənədləşdirmək üçün Yalavac bələdiyyəsinə ( Məhəmmədli, Rəsullu və Yalavac kəndləri daxildir ) müraciət etmişdim. Bələdiyyə sədri buna görə məndən 450 manat aldı. Amma müxtəlif bəhanələr gətirərək sənəd vermədi. Üstündən bir neçə il keçəndən sonra həmin yeri başqa şəxsin adına sənədləşdirdi. O sahənin yanından iki hektar yarım torpağı isə dəmir yolu idarəsindən icarəyə götürmüşdüm. Bu dəfə bələdiyyə sədri sahə qonşumu qabağa verib. Onun adından məhkəmədə iddia qaldırılıb ki, guya mən bu adamın yerini zəbt etmiş, tövləni onun sahəsində tikmişəm.”

Məhkəmə qərarını icra etmək mümkün omayıb

Rəsmi sənəd
Rəsmi sənəd

İmişli rayon Məhkəməsi Ramazan Əzimova qarşı qaldırılmış “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddianı təmin edib. Sahibkarın deməsinə görə, amma qətnamə icra olunanda məlum olub ki, o, qonşu sahənin 1 kv.m.-ni də zəbt etməyib, sökülməsi nəzərdə tutulan tikili tələbkara aid torpaq sahəsində yerləşmir.

İmişli rayon icra və probasiya şöbəsinin qərarında da bu öz əksini tapıb. Sahibkarın sözlərinə görə, həmin qurum tikili sökülmədən “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edib. Amma sonrakı vaxtda İmişli rayon Məhkəməsinin həmin qərarı ləğv edərək, icra hərəkətlərinin davam etdirilməsinə göstəriş verdiyi qeyd edilir.

Ramazan Əzimov isə məhkəmə süründürməçiliyinə yol verildiyini düşünür:

“Qətnamənin icrası üçün Beyləqandakı Layihə-Tədqiqat İdarəsindən mütəxəssis cəlb edilmişdi. Tələbkara məxsus sahədə tikili aşkarlamadı. Amma hakim Ülvi Qənbərov tələb edir ki, tələbkarın torpaq sahəsində olmayan tikilini axtarıb tapsınlar və onu mənə sökdürsünlər... Görəsən hakim fərqindədirmi ki, onun bu qərarından nə qədər adam əziyyət çəkir, dövlətə nə qədər zərər dəyir?”

Bələdiyyə sədri: “Bu, kişilikdən deyil...”

Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov Ramazan Əzimovun dediklərinin ona aid hissəsini təkzib edir:

“Kimdənsə pul alıb sonra vəd olunan işi görməmək, qanunçuluq qalsın bir yana, heç kişilikdən deyil... Biz müəyyən etdik ki, həmin torpaq sahəsi islahatdan sonra bələdiyyə mülkyyətinə keçib. Bu sahəni Ramazan Əzimovun özünə təklif etdik, razılaşmadı. Belə olduqda başqa şəxsin icarəsinə verdik. Sahə qonşusu ilə mübahisəsinə isə bələdiyyənin qarışacağı yoxdur. Biz yalnız öz qərarımızı müdafiə edirik.”

Vətəndaşın bu dediklərinə İmişli Rayon Məhkəməsi-ndən isə münasibət öyrənmək mümkün olmayıb.

İmişli rayon icra və probasiya şöbəsindən isə bildirilir ki, qətnamənin icrası üzrə icra hərəkətləri davam etdiriləcək.

XS
SM
MD
LG