Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 12:02

Sosial şəbəkədə təklif verdi, qanuna dəyişiklik edildi


Vergilər Nazirliyi

Bir müddət öncə Facebook sosial şəbəkəsində hüquqşünaslar belə bir məsələ müzakirə edirdilər: şirkətin idarəetmə orqanında çalışan şəxsin şəxsiyyət vəsiqəsindəki dəyişiklik haqda dövlət qeydiyyat orqanına məlumatın verilməməsi inzibati məsuliyyət yarada bilərmi? Ortada fakt da varıydı. Vergilər Nazirliyi bir şirkətin 40 manat məbləğində cərimələnməsi barədə qərar çıxarırdı. Çünki şirkətə rəhbərlik edən şəxsin qeydiyyat (yaşayış) yeri dəyişdikdə və ya o şəxsiyyətini təsdiqləyən yeni sənəd aldıqda quruma bilgi verilməmişdi.

40 MANATA GÖRƏ MƏHKƏMƏYƏ ÇIXDILAR VƏ...

Müzakirələrin təşəbbüskarı – vəkil Aqil Layıcov AzadlıqRadiosuna deyir ki, təmsil etdiyi şirkətlərdən biri «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanunun bu müddəası əsas gətirilməklə cərimə edilmişdi və iş məhkəməyə qədər getmişdi.

Qanunun artıq qüvvədən düşmüş tələbinə görə, şəxsiyyət vəsiqəsində dəyişiklik baş verdiyi andan 40 gündən gec olmayaraq, Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməli idi. Müraciətdə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiqləyən sənədlər təqdim edilməli idi. İşdir, nazirlik gələcəkdə bu dəyişiklik haqda məlumatın verilməməsini müəyyən edərdisə, cərimə qaçılmaz idi.

Aqil Layıcov
Aqil Layıcov

«Vətəndaşın yaşayış yerini dəyişməsi, yaxud başqa bir yerə qeydiyyata düşməsi onun əvvəlki ünvanla hüquqi bağlılığının itməsinə səbəb olmur. Qeydiyyat tələbi də formal xarakterlidir. Mülki Məcəlləyə görə, bir şəxsin bir deyil, bir neçə yaşayış yeri ola bilər. Qeydiyyat ünvanı vətəndaşla dövlət orqanları arasında yazışmanın aparılması, hərbi mükəlləfiyyət, məhkəmə qərarlarının icrası, seçki hüququnun gerçəkləşməsi, sosial və digər müavinətlərin verilməsi üçün zəruridir. Lakin ünvan dəyişikliyi haqda məlumatın verilməsi vətəndaşın üzərinə öhdəlik kimi qoyula bilməz», – hüquqşünasın sözləridir.

A.Layıcov deyir ki, Vergilər Nazirliyi məhkəmə baxışı təyin olunmamış cəriməni ləğv etsə də, iş bununla bitməyib. Nazirliyin mütəxəssisləri qanuna dəyişiklik təşəbbüsü irəli sürüblər və o, nəhayət qəbul edilib.

ÜÇ DÖVLƏT QURUMU MƏSƏLƏNİ «ÖZ ARALARINDA» HƏLL EDƏCƏK

Dəyişikliyə əsasən, şəxsiyyəti təsdiqləyən sənədlərdəki məlumatlarda dəyişikliklər olarsa, Vergilər Nazirliyi Daxili İşlər Nazirliyindən və Dövlət Miqrasiya Xidmətindən həmin məlumatları əldə edir və 5 gün müddətində qeydiyyata alır.

Vergilər Nazirliyində bildiriblər ki, qurumda üç dövlət orqanı arasında elektron məlumat sistemlərinin inteqrasiyası məqsədilə xüsusi proqram təminatı işlənilib. Həmin proqram şəxsiyyət vəsiqəsində, əcnəbilərin isə pasportlarında dəyişikliklərin kommersiya hüquqi şəxslərin dövlət reyestrində qısa müddətdə əksini tapmasına imkan verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG