Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 01:03

Azərbaycanlı sahibkar qız necə dünya bazarına çıxmaq istəyir... [video]


"Burda 2 AZN-ə olan əl işi Avropada 8 dollardır"
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

"Burda 2 AZN-ə olan əl işi Avropada 8 dollardır"

“Mən evdə işləyirəm, emalatxanam yoxdur”, - görüşü vədələşəndə xəbərdarlıq etdi.

“Libretta” loqosuyla cürbəcür tikmələr, xarici pasport üzlüyü və s. hazırlayıb İnternet üzərindən, “bookcafe”lərdə satışa çıxaran Günel Əzizli hobbisini biznesə çevirib: “İxtisasım coğrafiyadır, Torpaq Komitəsində 5 il çalışdım, amma qurumun ləğvindən sonra işsiz qaldım”, - Günel AzadlıqRadiosu-na kiçik biznesə gəlmə səbəblərindən danışır. Deyir, vaxtını öldürmək üçün əl işləri hazırlamağa başlayıb: “Gərək uşaqlıqdan biçmə-tikmə işi ilə məşğul olasan. Mənə də nənəm toxumaq öyrətmişdi deyə, başladım, bacılarıma, anama papaq hörməyə, əlçivanlarlar, broşürlər düzəltməyə. Hamı da bəyəndiyindən, ağlıma saldılar ki, niyə bunları pulla satmayım...?”.

Buna da bax:​ 'Qadın geyim bəzəkləri' adlı sərgi açılacaq

“Bu adı brendə çevirmək istəyirəm”

Bu ilin yanvarından biznesə başlayan Günel Əzizli ilk öncə şəxsi loqosu olmasının qeydinə qalıb: “İddiam böyükdür, bu adı brendə çevirmək istəyirəm”, - gülə-gülə deyir. Bəs niyə “Libretta”? O, anlamını belə açıqlayır: “Bu sözdə həm azadlıq mənası var, həm də İtaliyada olmuşdum, onlara rəğbətimə görə belə bir adı seçdim. Libretta adı var onlarda”.

Günel Əzizlinin hazırladığı işlər
Günel Əzizlinin hazırladığı işlər

Hələlik, aya 50-60 manatlıq satışdan 25-30 manat qazanan Günel Əzizlini qazancın azlığı qorxutmur. O, “bütün böyük bizneslər belə başlayıb” deyərək özünə təsəlli verir. Biznesə xərclədiyi hər qəpiyi, qazandığı hər quruşu hesaba aldığını, hətta sifarişçilərinin kimliyini də qeyd etdiyini söyləyir. Hazırladığı məhsulları elə də baha satmadığını düşünür. Əl işi olsa da, ucuz satdığını deyir: “Məsələn, tikmə işləri var, bəzən 4-5 saat üstündə işləyirəm. Amma dəyərindən çox ucuz satıram. Məhsullarımı dünya bazarına çıxara bilsəm, daha çox qazanaram. Bizdə 2 manat olan bir işimi orda, azı, 8 dollara sataram”.

Buna da bax:​ 'Cırtdan satılmır, Çin malı nə qədər istəsən var...'

“Amazon, E-bay kimi satış saytlarına çıxa bilmirik”

Günel Əzizli: 'Panda əlçivanını 10 adam sifariş etdi, heç gözləməzdim'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Günel, əsasən, İnternet üzərindən satış aparsa da, alıcısı daha çox Bakıdandır. Xaricdən çox az sifarişi olur: “Amazon, E-bay kimi beynəlxalq satış saytlarında əl işlərimi satışa çıxara bilmirəm, çünki internet üzərindən beynəlxalq ödəmə sistemi yoxdur. Bəlkə hansısa formada var, amma o saytlarda bunu edə bilmirsən. Ora çıxa bilsəm, bilirəm ki, uğur qazanaram”.

Günel danışır ki, lazım olan bəzi materialları ya Azərbaycanda tapa bilmir, ya da çox baha olur. Ona görə də məcbur qalıb sifarişlə gətirdir: “Adətən, hər işdən iki-üç nüsxə düzəldirəm. Amma bəziləri olur ki, tək nüsxədir. Məsələn, “Balaca Şahzadə” əlçivanından bir dənədir”.

Buna da bax:​ Azərbaycanda online alış-veriş niyə belə zəifdir?

Kiçik biznesində addımbaaddım irəliləyən Günelə biznesini böyütməyə 2-3 min manat lazımdır: “İndi işləmirəm, materialları ilk vaxtlar ailəm alırdı. Bunun aparatı var, qəlibi qoyursan, parçanı qoyursan, bir neçəsini birdən kəsir. Təxminən 300 dollardır. Bir neçə başqa aparat da var. Materialını da gedib yerindən alsan, işi bir az böyütməyə 2-3 min manat lazım olacaq”.

“Bəs bunu çıxara bilərsənmi” sualı Güneli çox düşündürmür, deyir ki, çeşidi artırsa, uzağı, 1-2 il içində mayanı çıxara bilər: “Elə işim olub ki, bir neçə sifariş almışam. Məsələn, panda əlçivanını 10 adam sifariş etdi, heç gözləməzdim”.

Günel Əzizlinin hazırladığı işlər
Günel Əzizlinin hazırladığı işlər

“Bir iş qura bilmək üçün...”

O, gərəkli vəsaiti harada axtaracağını bilmir. Günel bu məbləği kredit kimi banklardan götürmək istəmir, çünki yüksək faizləri ödəməyə gücü çatmaz. Sahibkarlığa Kömək Milli Fonduna üz tutmağı isə uyğun saymır: “Deyəsən, orda vergi ödəyici olmanı istəyirlər. Həm də girov lazımdır. Vergiödəyici sosial sığortaya pul ödəməlidir. Belə kiçik qazancla nə vergi ödəmək olar, nə pensiya fonduna pul keçirmək. Yəni, gərək belə kiçik biznesə başlayanlar üçün girovsuz, faizsiz hökumət yardımı, lap krediti olsun ki, sən bir iş qura biləsən. Vergi güzəştləri olsun”.

Buna da bax:​ Azərbaycanda internet mağaza açmaq asandırmı? - [Video]

Onun biznes-planı da var, işini necə böyüdəcəyini, hansı istiqamətləri inkişaf etdirəcəyini planlayıb, bircə buna təkan verən cüzi vəsait lazımdır.

Günel Əzizli həm də doktorantdır. Həyat onu elm yoluna, yoxsa böyük biznesə aparacaq, hələlik, bunları bilmir. Amma uğur qazanacağına inanır...

Şərhlər (3)

Bu forum dayandırılıb
XS
SM
MD
LG