Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Şahdağdakı turizm kompleksi dövlətə xeyir gətirmir


Bugünlərdə yay mövsümünü açıq elan edən «Şahdağ Turizm Mərkəzi» QSC ötən il zərərlə işləyib. Bu azmış kimi, 2017-ci ildə dövlət büdcəsindən ona 18 milyon manat subsidiya ayrılıb.

2016-cı ildə Şahdağ Qış-Yay Turizm Kompleksinə gələn turistlərə göstərilən xidmətlərdən səhmdar cəmiyyəti 17 milyon 589.2 min manat gəlir götürüb. Di gəl ki, çəkilən xərclər gəliri 1.1 milyon manat üstələyib. Amma bu da zərərin hamısı deyil. Səhmdar cəmiyyətinin inzibati xərcləri 3 milyon manatdan çox olub. Nəticədə, 2015-2015-cı illərdə QSC-nin düçar olduğu zərər 5 milyon manatı aşıb. Bu haqda «Şahdağ Turizm Mərkəzi» QSC-nin illik maliyyə hesabatında deyilir.

QAZANC QƏDƏR SUBSİDİYA

Maliyyə hesabatının izahedici qeydləri açıqlanmadığından zərərin detalları bəlli deyil. Sənəddə göstərilir ki, 2016-cı ildə turizm mərkəzi 18 milyon manata yaxın kredit götürüb. Görünür, bu il dövlət büdcəsindən ayrılan 18 milyon manat məbləğində subsidiya bu kreditin ödənilməsi üçündür.

***Buna da bax-Hökumət 'Şahdağ'a 18 milyon manat niyə ayırıb?

«Şahdağ Turizm Mərkəzi» QSC-nin rəhbərliyi bu ilin əvvəlində AzadlıqRadiosunun büdcə vəsaitinin təyinatına dair sorğusuna cavab olaraq bildirirdi ki, o, QSC-nin saxlanmasına, mərkəzin tərkibində olan otellərin, kanat və xizək yollarının, müxtəlif obyektlərin təmir edilməsinə sərf olunacaq. Vəsait həm də turizm mərkəzinin regional və beynəlxalq səviyyədə təbliğinə xərclənəcək.

2016-cı ildə Şahdağ turizm mərkəzinin işçilərinə 3 milyon manat, vergilər və sosial sığorta haqları üzrə isə 2.3 milyon manat ödənilib. Malların və xidmətlərin təchizatçılarına 14.8 milyon manat ödənilib.

HESABATDA 1 MİLYARD MANATLIQ SƏRMAYƏDƏN SÖZ AÇILMIR

Balans hesabatına görə, şirkətin aktivləri 79 milyon manat qiymətləndirilir. Hərçənd, Mədəniyyət və Turizm Nazirliyi 2009-2015-ci illərdə Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə 1 milyard manatdan çox (ovaxtkı məzənnə ilə təxminən 1.4 milyard ABŞ dolları) sərmayə yatırıb.

***Buna da bax-'Şahdağ' Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…

«Şahdağ Turizm Mərkəzi» QSC-nin tabeliyində hazırda bir beşulduzlu («Şahdağ Hotel və Spa»), bir dördulduzlu («Zirvə» otel) və apartman tipli mehmanxana («Gaya Residences») fəaliyyət göstərir. Burada «Absheron Hotel Group» MMC-ya daxil olan iki beşulduzlu otel də var.

Səhmdar cəmiyyəti 2015-ci ilin sentyabrında yaradılıb. Onun səhmləri dövlətə məxsusdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG