Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:05

Şikayət: 'Xırdaoymaqda istifadəsiz torpaqlar var, özümüz acından ölürük'


Sahə
Sahə

«Kənddə boş torpaq sahələri çoxdur, ancaq kəndlilərin istifadəsinə vermirlər, verəndə də sənəd vermirlər. Dövlət Aktı olmayan torpaqdan istifadə mümkün deyil. Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması... Vəssalam, əksin, satsın, başını saxlasın».

Bunu AzadlıqRadiosuna Şabranın Xırdaoymaq kənd sakinləri deyir.

«FERMER TƏSƏRRÜFATLARI YARADAQ»

Vahid Əliyevin sözlərinə görə, Xırdaoymaqda işsizlik hökm sürür. Ancaq kəndlilər düşünürlər ki, onlara torpaq sahəsi ayrılsa, başlarını dolandıra bilərlər:

«Kənddə belə torpaqların yalnız 80 hektarı kəndlilərə verilib. Ondan da istifadə edə bilmirik. Çünki həmin torpaqlara görə bizə sənəd verilməyib. Bu da kəndlilərin güzəştli gübrə, su, aqrotexnika, subsidiyalardan faydalanmasını əngəlləyir. Bu güzəştlər olmadansa kəndli o torpaqdan xeyir götürə bilməz. Yəni heç çəkdiyi xərcin mayasını da çıxara bilməz».

***Buna da bax-Əkilməyən torpaqlara görə vergi tələbi kəndliləri narazı salıb

Kənd sakini Əbülfəz Məmmədov deyir, kənddə istifadəsiz boş torpaq sahələri var. Kəndlilərin də istəyi odur ki, onlara həmin sahələrdən əkin üçün istifadəyə icazə verilsin. Həm də bu icazə sənədli şəkildə olsun:

«Hər ailəyə 1.5 hektar torpaq sahəsi verilib, ancaq heç birinin Dövlət Aktı yoxdur. Bizimsə istədiyimiz odur ki, həm bu torpaqlar, həm də kənddəki boş torpaqlar sənədləşdirilib istifadəmizə verilsin, biz də qruplar şəklində birləşək, fermer təsərrüfatları yaradaq, əkin, heyvandarlıq... Növbəli şəkildə o torpaqları əkək, məhsul götürək... İşimizi quraq, dövlətin güzəştlərini əldə edək, vergisini ödəyək, bir yerə çıxaq, özümüzü nəyəsə yararlı hiss edək. Bilək ki, nəyə görə yaşayırıq. 40 yaşım var, gedib rayon mərkəzindən çörəyi nisyə alıb gətirib uşaqlarıma yedizdirirəm. Halbuki, altı, üstü sərvət olan torpaqda yaşayıram».

«DÖVLƏT AKTI PAYLANSIN»

Nizami Cəfərov deyir, davamlı şikayətlərindən sonra ona 50 sot torpaq sahəsi ayrılıb. O da sənədsiz... Həmin sahədə tərəvəz əkirmiş. Bu ilin əvvəli xəbərdarlıq olunub ki, daha sahəni əkməsin:

***Buna da bax-Köçkün: 'Hökumət papağını göyə atsın ki...'

«Məhsulu Bakı bazarlarına göndərirdim. Gəlib sahədən yükləyib aparırdılar. İndi o da yoxdur. İstəyirik ki, başqa yerlərdəki kimi, burda da islahatlar aparılsın. Bizə verdikləri 1.5 hektar torpaq sahələrinə görə Dövlət Aktları paylansın. Biz də fermer işləri quraq, dövlətin güzəştlərindən yararlanaq, ailəmizi dolandıraq. İş yox, torpaq yox, heyvandarlığa şərait yox. Bu kəndli daş-kəsəklə dolansın? Yəni o regionların inkişafı proqramından bu Xırdaoymaqa, azca da olsa, pay düşmədi?».

Kənddə azı 500 sakin var. Hər səhər yuxudan oyanıb işə tələsənləri isə barmaqla saymaq olar. İşsiz-gücsüz sakinlər günlərini çayxanada nərd oynamaqla yola verirlər.

Şabran Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, kəndlilərin iddia etdiyi torpaqlar Bakı Cıdır Meydanının balansındadır. 2002-ci ildə Nazirlər Kabinetinin uyğun sərəncamıyla kəndlilərin istifadəsinə torpaq sahələri verilib. Hər ailəyə 1.5 hektar sahə düşüb. Kəndlilər bu sahələri sənədləşdirməkdən ötrü uyğun orqanlara müraciət edə bilərlər.

XS
SM
MD
LG