Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:25

Şabran sakini: '30 il ev növbəsi olar?'


Ev
Ev

«Növbəyə dayananda cəmi 2 il idi evlənmişdim, ilk övladımız da yeni doğulmuşdu. İndi dörd övladdan 7 nəvəm var, hələ də ev növbəsindəyəm».

Şabran sakini, 2-ci qrup əlil Elxan Şeydayev «Qaynar xətt»ə yazır ki, 30 ildir güzəştli mənzil növbəsindədir. Onun sözlərinə görə, ev növbəsinə dayananda 5-ci imiş. Hər dəfə müraciət edəndə cavab alıb ki, «bu dəfə də alınmadı, gələn dəfəni gözlə»:

«NÖVBƏDƏKİLƏRİN NÖVBƏSİ YETİŞMİR»

«Halbuki, dediyim kimi, növbədə 5-ci adam idim. İş orasındadır ki, tikilən evlər nə məndən əvvəlki, nə də sonrakı əlillərə də verilmir. Uzun illərdir növbədəkilərin növbəsi nədənsə yetişmir».

E.Şeydayev deyir, hazırda oğul-uşaq sahibi olan övladları illərdir ki, ev-eşik sahibi ola bilmədiklərindən qonşu ölkəyə – Rusiyaya üz tutublar:

«Belə də şey olar? Min əziyyətlə böyüdüb boya-başa çatdırdığım övladlarım vətəndə ev-eşik, iş-güc sahibi ola bilmirlər, qərib ölkələrə üz tuturlar. Oğlanlarımın hərəsi Rusiyanın bir tərəfindədir, çabalayırlar ki, pul qazanıb gəlib ev-eşik düzəltsinlər, onların da yaşı ötür, övladları böyüyür. Bu, nə yaşayışdır, bu, nə quruluşdur, baş açmaq olmur. Heç olmasa, əlilə verilməli olan güzəştli mənzilə göz dikməsinlər. Axı, bu, əlilin haqqıdır, ancaq ona-buna satılır».

3 MİN DOLLARA GECƏQONDU ALIB

Əslində E.Şeydayev hələ ev növbəsinin 18-ci ilində Bakıdan cəmi 3 min dollara və sənədsiz bir gecəqondu alıb ki, rayonda iş olmadığından burda iş tapıb ailəsiylə yaşasın. Ancaq qəzalı və sənədsiz evdə yaşamaq mümkün deyil. O dərəcədə qəzalıdır ki, hətta Xətai rayon İcra Hakimiyyətinin və rayon üzrə Fövqəladə Hallar Komissiyasının nümayəndələri də gəlib evə baxış keçirib burada yaşamağın təhlükəli olduğunu bildiriblər. Qəzalı ev sökülərsə, bu, əlil E.Şeydayevə növbəti zərbə olacaq. Çünki sənədsiz evə görə kompensasiya alacağına ümidi yoxdur.

Şabran rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, vaxtaşırı müharibə əlilləri və müharibədə həlak olanların ailələrinə mənzillər paylanır:

«Keçən il bu qəbildən 5 ailəyə fərdi ev verilib. Hazırda belə mənzillər yalnız şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulur. Mülki əlillərlə bağlı güzəştli evlərin tikintisi isə hələ aparılmır».

2 il əvvəl E.Şeydayev bir də icra hakimiyyətinə müraciət edib. Ona deyilib ki, növbədə 170-cidir. Bu yaxınlarda isə qərara gəlib ki, dövlət qurumlarını məhkəməyə versin. İki ay əvvəl Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. İddiaya məhkəmə baxışı davam edir.

XS
SM
MD
LG