Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:56

Əyilmiş dirəkdən sallanıb qalan körpü qırılsa...


Sınıq körpü (arxiv fotosu)
Sınıq körpü (arxiv fotosu)

"Bu körpünün üstündən hər gün yüzlərlə maşın keçir. Bu, yüzlərlə, minlərlə insanın həyatı deməkdir. Rayon rəhbərliyi bu qədər insanın həyatını vecinə almır. Dəfələrlə müraciət etmişik ki, ‘körpünü təmir-bərpa edin, camaatı çaya tökəsi deyilsiz ki’... Veclərinə də deyil".

Bunu AzadlıqRadiosu-na Sabirabadın Rüstəmli kəndinin sakini Töhfə Məmmədova deyir.

Buna da bax:​ Son qasırğa və selin fəsadlarını yaşayan kəndlər nə etsin?

Kəndliləri narahat edən, rayon mərkəziylə bir neçə kəndi birləşdirən və Mil-Muğan kollektorunun üzərində yerləşən körpünün dağılmaq üzrə olmasıdır. Kənd sakininin sözlərinə görə, bir neçə gün əvvəl baş verən leysan körpünü bir az da çökdürüb:

"Güclü yağışdan sonra körpü bir az da əyildi. Günbəgün əyilir, bir gün tamamilə dağılacaq, adamlar maşınqarışıq çaya töküləcək".

KƏNDLİLƏR KÖRPÜYƏ ƏL GƏZDİRİRLƏR

Rüstəmlidən sonrakı kəndlərin sakinləri də bu körpüdən istifadə edir. Əhali rayon mərkəzindən gəlib bu körpüdən keçib həmin kəndlərə yetişir. Kənd sakini Əflatun Əhmədov deyir, əsasən də məhsul yığımı dövründə körpü çox yüklənir:

Buna da bax: 'Şanxay' sakinləri: 'Polislə gəliblər, xof yaradırlar, bizsə çıxmaq fikrində deyilik'

"Məhsul yığımı başlayıb, meyvə-tərəvəzlə dolu maşınlar o başa gedir, bu başa gəlir. Bir neçə kəndin məhsulu bazarlara bu körpüdən keçib getməklə daşınır. Körpüdə iri çatlar var, altındakı dirəklər əyilib, betonu tökülüb. Həyatımız bir neçə əyri dirəkdən sallanıb qalıb".

Sabirabadın bir neçə kəndinə keçid olan bu körpüdən başqa alternativ yol yoxdur. Sakinlər özləri çökmüş hissələrə qalın ağac gövdələri yerləşdiriblər. Kənd sakini İlham Kazımov:

"Kəndlilər hər o körpüdən gedib-gələndə körpünün sağına-soluna əl gəzdirirlər. Biri polad dirək gətirib dayayır, biri qalın ağac gövdəsi... Bunları da etməsək, çoxdan çayın dibindəydik. Bu iş hökumət səviyyəsində, daha geniş və keyfiyyətli şəkildə görülməlidir".

Buna da bax:​ Sakinlər: ‘’Neftçilər’ metrosundan bazaradək ağaclar məhv edilib...’

“NARAHATÇILIĞA ƏSAS YOXDUR”

Sakinlərin iddiasına görə, körpünün o tayındakı kəndlərə təcili yardım maşınları da gəlmir. Ağxalatlılar qəzalı körpüdən keçməyə ehtiyat edirlər. Xəstəsi olan ailələr xəstəni maşınla körpüyədək gətirib burada təcili yardım maşınına "təhvil- təslim edirlər".

Sabirabad rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, körpünün təmir-bərpası ilə bağlı məsələyə baxılacaq: "Sakinlərin narahatçılığına əsas yoxdur. Aidiyyəti qurumlar məlumatlandırılacaq. Əgər körpünün təmir-bərpasına ehtiyac varsa, təbii ki, minlərlə insanın yararlandığı körpü o vəziyyətdə qalmayacaq".

Hələliksə, sakinlərə körpüdən keçərkən həyatlarını qorumaq üçün ehtiyatlı davranmaq qalır.

XS
SM
MD
LG