Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:26

Sabiq vitse-prezident 5 milyonluq dələduzluq suçlamasıyla hakim önündə


Pul
Pul

Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Aydın Əhmədov məhkəmə önünə çıxarılıb. O, adamları aldadıb, 5 milyon manata qədər pullarını ələ keçirməkdə suçlanır.

Cinayət işinin materiallarında iddia olunur ki, A.Əhmədov adamlara turizm sahəsində birgə iş görməyi təklif edib. Müzakirələrdə söhbət şirkət açmaq, ekskursiyaların təşkili, xaricdən gələn turistlərin otellərdə yerləşdirilməsi kimi işlərdən gedib. A.Əhmədova qarşı cinayət işində 6 nəfər zərərçəkmiş var. Onlardan Hüseyn Hüseynzadəyə 154 min dollar, Ruslan Quliyevə 176 min dollar, Cavid Abbasova 241 min dollar, Ramil Quliyevə 1 milyon 432 min dollar, Zaur Abdullayevə 2 milyon manat, Elmar Müslümova isə 12 min dollar ziyan dəydiyi iddia olunur.

Zərərçəkmişlərdən Z.Abdullayev yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda danışıb.

Pulunun 235 mini qaytarılıb

Deyir ki, A.Əhmədovu 10 ildən artıqdır tanıyır. Zərərçəkmişin sözlərinə görə, sabiq vitse-prezident ona turların təşkili, bilet satışı, otellərdə turistlərə yer ayrılması kimi işlərlə birlikdə məşğul olub, qazanc götürməyi təklif edib. Bu sahəyə pul yatırmasının faydalı olacağını deyib: «Aydın əvvəl turizm şirkətində işləmişdi. Özünün də turizm şirkəti də var idi. Verilən məbləğin 20 faizi qədər qazancım olmalıydı. 15 gün gecikmədən sonra bildim ki, nəsə işlər düz getmir. 2 milyon 188 min manat vermişdim».

Z.Abdullayev onu da əlavə edib ki, verdiyi puldan cəmi 235 min manat qaytarılıb. Buna baxmayaraq, A.Əhmədovdan şikayətçi deyil. Deyir ki, razılaşıblar, qalan məbləğlə bağlı problemi öz aralarında həll edəcəklər.

A.Əhmədov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ancaq o, ittihamla razılaşmır. Yanvarın 30-da məhkəmədə haqqındakı ittiham elan olunanda da deyib ki, özünü qətiyyən təqsirli bilmir. O, geniş ifadə verməyib, zərərçəkmişlər və şahidlər dindiriləndən sonra danışacaq.

Vəkili Kamandar Nəsibov hesab edir ki, ümumiyyətlə, məhkəmə bu cinayət işinə baxmamalı, yenidən araşdırma aparmaq üçün istintaqa qaytarılmalıdır. Vəkilin sözlərinə görə, istintaqda çoxsaylı qanun pozuntularına yol verilib. Vəkil iddia edir ki, A.Əhmədov istintaq dövründə təzyiqlərə məruz qalıb. O, 14 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılıb, müdafiə hüququ pozulub.

Amma hakimlər işin istintaqa qaytarılması haqda vəsatəti təmin etməyib.

Bu işdəki zərərçəkmişlərdən R.Quliyevin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qohumu olduğu bildirilir. A.Əhmədovun yaxınları onun həbsinə görə generalın adını hallandırır.

A.Əhmədov həmçinin, Azərbaycan Kikboksinq Federasiyasının tərkibindəki «Euro Fight» klubunun direktoru, «Premium Travel» şirkətinin də rəhbəri olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG