Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Sabiq nazirin qardaşıyla bağlı gözlənilməz qərar


Vasif Talıbov və daxili işlər naziri Əhməd Əhmədov. 2015
Vasif Talıbov və daxili işlər naziri Əhməd Əhmədov. 2015

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədova hökm oxunmalıydı. Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası da martın 13-də bu məqsədlə müşavirəyə getmişdi. Amma müşavirədən qayıdan hakimlər hökmü yox, məhkəmə istintaqının təzələnməsi haqda qərarı elan ediblər.

Ə.Əhmədov CM-in 145.2.5, 145.2.6 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, Ə.Əhmədov 2016-cı ilin iyununda hərbi həkim olan polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu özünə məxsus «Park Plyus» əyləncə mərkəzinə çağırıb, qapını bağlayaraq çıxmağa qoymayıb. Deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. İddia olunur ki, həmin vaxt H.Əsgərovu vurub da. Sonra öyrənib ki, H.Əsgərovun Rəşad adlı qohumu ona kömək edəcəyinə söz verib. Ona görə Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv etməklə hədələyib. Son nəticədə R.Tahirovdan 140 min dollar pul alıb.

R.Tahirov zərərçəkən kimi məhkəmədə ifadə verəndə demişdi ki, sabiq nazirin qardaşı Bakı Şəhər Baş Polis İdarəsində idarənin təhqiqatçısı Şövqi Əhmədovun vasitəsilə ona təzyiq göstərib. Polis idarəsindəki təzyiqlər, şantajlardan sonra məcbur qalıb, ona heç bir aidiyyəti olmadığı halda 140 min dolları qaytaracağı haqda yazılı izahat verib. Sonra da pulu ödəyib.

«Heç kim ona təzyiq göstərməyib»

Əhməd Əhmədov nazir vəzifəsindən azad ediləndən sonra R.Tahirov Naxçıvan prokurorluğuna şikayətində də yazıb ki, Əvəz Əhmədov ondan pulu polis polkovnikinin təzyiqi ilə alıb.

Bu məsələ araşdırılmadığına görə hakimlər hökmü elan etmək əvəzinə, istintaqı təzələyib, Bakı Şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Ş.Əhmədovu dindirmək qərarı verdi.

Ş.Əhmədov zərərçəkənə təzyiq göstərməsi barədə deyilənləri təkzib edib. Deyib ki, Ə.Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət vermişdi, o da məsələni araşdırmaq üçün R.Tahirovu idarəyə çağırıb: «Rəşad Tahirov səmimi şəkildə izahat yazdı. Heç kim ona təzyiq göstərməyib».

R.Tahirov isə bu polisin ona təzyiq göstərdiyini bir daha təsdiqləyib: «Birinci izahatı özüm yazdım, hər şeyi olduğu kimi. Götürüb cırdı. Sonra mənə təzyiq göstərdiyinə görə ikinci izahatı diktə altında yazdım».

Təhqiqatçıdan həmin vaxt yox, üstündən xeyli keçəndən sonra şikayət etməsinə gəlincə, R.Tahirov belə cavab verib: «Mənim başıma bunu «qorotdel»də gətirmişdilər. Ondan yuxarı hara şikayət edə bilərdim?».

Ardınca bir daha bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror sabiq nazirin qardaşına 12 il həbs cəzası verilməsini istəyib. Yanvarın 23-də keçirilən prosesdə də dövlət ittihamçısı ona 12 il həbs istəmişdi.

Zərərçəkənlər H.Əsgərov və R.Tahirov təqsirləndirilən Ə.Əhmədovdan şikayətçi olmadıqlarını deyiblər.

Təqsirləndirilən Ə.Əhmədovun vəkillərinin çıxışı, özünün son sözü və hökm isə martın 18-nə qalıb.

Zərərçəkənlərdən H.Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi idi, tibb xidməti polkovnikidir. 2015-ci ilin dekabrında müdafiə naziri Zakir Həsənovun əmriylə vəzifəsindən azad edilib. O da hazırda həbsdədir, dələduzluqda ittiham olunur. Məhkəməyə də istintaq təcridxanasından gətirilir.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub. O, vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova ittiham irəli sürülüb.

Ə.Əhmədov özünü təqsirli bilmir. Deyir ki, pulu R.Tahirovun özünə birgə biznes məqsədilə vermişdi və onu tələb edirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG