Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Sabiq nazirin qardaşı məhkəmə qarşısında


V.Talıbov və Ə.Əhmədov
V.Talıbov və Ə.Əhmədov

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlayıb. O, CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

Dekabrın 6-da hakimlərin önünə çıxarılan Ə.Əhmədovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Onun haqqında anket məlumatları dəqiqləşdirilib.

Ə.Əhmədov özünü təqsirli bilmir. Vəkilləri də məhkəmədə vəsatət qaldırıb ki, onun haqqındakı cinayət işinə xitam verilsin. Müdafiəçiləri deyir ki, bu iş üzrə istintaq vaxtı ciddi qanun pozuntularına yol verib.

100 min dollar borc

«Bu əsaslarla cinayət işi başlana bilməzdi. Şahid və zərərçəkmiş ifadələrindən də görünür ki, Əvəz Əhmədovun əməlində bu cinayətlərin tərkibi yoxdur», – vəkilləri belə deyir.

Vəkillərin daha bir vəsatəti isə məhkəmənin hökmü çıxana qədər Ə.Əhmədovun həbsdən buraxılması olub. Bildiriblər ki, onun haqqında cinayət işinə xitam verilməsə, heç olmasa, ev dustaqlığına buraxılsın. Müdafiəçilər Ə.Əhmədovun uzun illər dövlət vəzifələrində xidmətinin nəzərə alınmasını istəyib. O, Naxçıvanın sərhəd xidməti və xüsusi xidmət orqanlarında işləyib.

Bu cinayət işində iki zərərçəkmiş var - Rəşad TahirovHörmət Əsgərov. İttihamda yazılıb ki, təqsirləndirilən sabiq məmur 2016-cı ilin iyununda polkovnik H.Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Ə.Əhmədov onu öz ofisinə çağırıb, qapını bağlayaraq çıxmağa qoymayıb. Deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. İddia olunur ki, həmin vaxt H.Əsgərovu vurub da. Sonra öyrənib ki, H.Əsgərovun Rəşad adlı qohumu ona kömək edəcəyinə söz verib. Ona görə R.Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv etməklə hədələyib. Son nəticədə R.Tahirovdan 140 min dollar pul alıb.

Məhkəmədə zərərçəkən R.Tahirovun vəkili mülki iddia qaldıraraq ona dəymiş ziyanın – 140 min dolların ödənilməsini tələb edib. Eyni zamanda, onun ev dustaqlığına buraxılmasına da etiraz edib. Deyib ki, təqsirləndirilən şəxs ziyanın ödənilməsi üçün bu günə qədər heç bir təşəbbüs göstərməyib. Həm də ağır cinayətdə ittiham olunur.

Keçmiş idarə rəisi də həbsdədir

Digər zərərçəkən H.Əsgərov isə onun ev dustaqlığına buraxılmasına etiraz etməyib. Amma cinayət işinə xitam verilməsi məsələsi ilə bağlı konkret heç nə deməyib, bu məsələni məhkəmənin səlahiyyətinə buraxıb.

Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib.

Bu cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə isə dekabrın 19-na təyin olunub.

Zərərçəkənlərdən H.Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovnikidir. 2015-ci ilin dekabrında müdafiə naziri Zakir Həsənovun əmriylə vəzifəsindən azad edilib. O da hazırda həbsdədir, dələduzluqda ittiham olunur. Məhkəməyə də istintaq təcridxanasından gətirilmişdi. R.Tahirov onun işi üzrə də zərərçəkəndir. Ondan pul alıb aldatdığı iddia olunur.

Sabiq nazirin qardaşına qarşı ittihamlardan hədə-qorxu ilə tələb etməyə görə 10 ildən 15 ilə qədər, qanunsuz azadlıqdan məhrumetməyə görə isə 1 ilədək həbs nəzərdə tutulub.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri olub. O, vəzifədən azad edildikdən sonra isə onun qardaşı Əvəz Əhmədova qarşı ittiham irəli sürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG