Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Sabiq nazir müavininin qohumu həbs olundu


Həbs
Həbs

2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri, 2015-ci ildən Nəqliyyat Nazirliyi ləğv olunana qədər (2017-ci ilin fevralı) isə nazir müavini olmuş Arif Əsgərov və oğlunu ittiham edən qohumu Rahib Hüseynov həbs edilib. Sabiq nazir müavininin baldızı oğlu olan R.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunub.

Bir ildən çoxdur bu məhkəmədə CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan R.Hüseynovun mühakiməsi gedir. Ev dustaqlığında olan R.Hüseynova prokuror 10 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Onun vəkili də müdafiə çıxışı etmişdi. Prosesin başa çatması üçün özünün son söz deməsi və ardınca da hökmün elanı qalmışdı. Lakin R.Hüseynov noyabrın 22-nə təyin olunan məhkəmə iclasına gəlməmiş, bundan sonra onun haqqında ev dustaqlığı qətimkan tədbiri həbslə əvəz olunması barədə qərar çıxarılmışdı. R.Hüseynovun tutulması üçün qərar Daxili İşlər Nazirliyinə göndərilmişdi.

Dekabrın 3-də R.Hüseynov könüllü şəkildə məhkəməyə gəlib və orada tutularaq Bakı istintaq təcridxanasına aparılıb.

Xəbəri AzadlıqRadiosuna R.Hüseynovun vəkili Sevil Hacıyeva da təsdiqləyib.

R.Hüseynov təxminən 5 milyonluq dələduzluqda suçlanır. İttihama görə, o, birgə biznes adıyla milyonlarla pul alıb qaytarmayıb. Biznes də xaricdən dəmiryol avadanlıqları, vaqonlar üçün yataq dəstləri gətirib, idarəyə satmaqdan ibarət olacaqdı. Bu iş üzrə zərərçəkən isə Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu, polis zabiti Qoşqar Zeynalovdur. İddia edir ki, R.Hüseynova 7 milyondan çox pul verib, onun 3 milyon 925 minini hələ də ala bilməyib: «20 faiz qazanc qalacaqdı, onun 10 faizi mənə çatacaqdı».

Təqsirləndirilən R.Hüseynov isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş qismində tanınan şəxslərin əksəriyyəti pulu faizlə veriblər. Özü də ona yox, əsasən xalası oğluna - A.Əsgərovun oğlu Elnara.

R.Hüseynovun anası Lətifə Hüseynova da bir neçə gün öncə AzadlıqRadiosuna açıqlamasında oğlunun başına gələnlərə görə E.Əsgərovu suçlamışdı. Ananın sözlərinə görə, icra başçısının oğlu da daxil, xeyli vəzifəli şəxslərin övladları pulları R.Hüseynova yox, E.Əsgərova veriblər: «Rahib o adamları haradan tanıyırdı? Mənim oğlum kim idi ki, ona milyonlarla pul versinlər? Elnar Rahibə nə deyirdi, o da onu eləyirdi. Elnar bankdan milyonlarla kredit götürüb, atasına sürpriz edib holdinq yaradıb, sonra qaytara bilməyəndə adamların pullarını xərcləyib. İndi də hər şeyi yıxıb mənim oğlumun üstünə...».

E.Əsgərov isə məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, onun xalası oğlunun əməllərindən xəbəri olmayıb. Sabiq nazir müavininin oğlu deyir ki, R.Hüseynov onun və atasının adından istifadə etməyə çalışır.

Zərərçəkmiş Q.Zeynalovla E.Əsgərov bacanaqdır, onlar iki bacı ilə ailə həyatı qurublar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG