Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Saatlıda cəbhəçilərə təzyiq olduğu deyilir


“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Saatlı rayon şöbəsinin fəalları təzyiqlərə məruz qalırlar”.

Bunu AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, fəallar Saatlı Rayon Polis Şöbəsinə çağırılır, onlarla “profilaktik söhbət aparılır, mitinqdə iştirak etməmək xəbərdarlığı verilir”.

AXCP-dən onu da bildiriblər ki, fəallardan Kamran Əmirov əvvəlcə polis şöbəsinə, oradan da rayon məhkəməsinə aparılıb. “Amma, hələlik, onun nədə ittiham edildiyini, inzibati cəza alıb-almadığını dəqiqləşdirə bilməmişik”, AXCP-dən qeyd ediblər.

Bu deyilənlərə, hələlik, Saatlı Rayon Polis Şöbəsi, rayon məhkəməsi və başqa rəsmi qurumlardan da münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl AXCP-dən onun fəallarından Namiq Abbasəliyevdən də yanvarın 15-dən xəbər almadıqlarını açıqlamışdlar. Onunla bağlı deyilənlərə də rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Dünən, yanvarın 16-da isə AXCP-nin iki üzvünə Nəsimi Rayon Məhkəməsində polisin qanuni tələbinə əməl etməmək ittihamı ilə 20 günlük inzibati həbs verilib. Daha 3 fəal isə cərimələnib.

AXCP-dən hesab edirlər ki, bu son hadisələr yanvarın 19-da keçirilməsi nəzərdə tutulan mitinqin kütləviliyinin qarşısını almaq məqsədi daşıyır.

Bu deyilənlərə də, hələlik, rəsmi qurumlardan münasibət almaq cəhdi nəticə verməyib.

Amma Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin əvvəllər bildirdiyinə görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

AXCP-nin də üzv olduğu Milli Şura yanvarın 19-da mitinq keçirmək istəyir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

“Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb natəmiz yollarla ofşor hesablara daşınmış pullarının xalqa qaytarılmasıdır”, - deyə qurumun sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.

Milli Şura ötən il də Bakıda “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya yox!” şüarı ilə aksiyalar keçirib.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə, məsuliyyətə cəlb ediliblər. Üstəlik, rəsmilərin fikrincə, ölkədə korrupsiya ilə mübarizə aparılır və bundan ötrü prezidentin iradəsi var.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqqer ittihamı qurama sayır.

XS
SM
MD
LG