Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29

Saatlıda pambıqçılardan xəstəxanaya müraciət edənlər var


Saatlı rayonunda pambıq tarlasında işləyənlərin yenidən xəstəxanaya müraciət etdiyi bildirilir.

Yerli sakinlərin verdikləri məlumata görə, hadisə iyunun 26-da günorta saatlarında baş verib.

Azadkənd kəndi ərazisindəki pambıq sahələrindən birində çalışan bir qrup işçinin rayon xəstəxanasına aparıldığı bildirilir. Onların rayonun Şirinbəy kəndindən olduğu deyilir.

Kənd sakinlərinin bildirməsinə görə, pambıqçıların səhhətinin pisləşməsinin səbəbləri, hələlik, bəlli deyil. Onlar ehtimal edirlər ki, bu, “qida zəhərlənməsi” ola bilər.

“Pambıqçılar hər gün səhər sahəyə gedərkən yol üstündəki dükanlardan günorta yeməyi üçün alış-veriş edirlər. Aldıqları adətən sosiska, kolbasa məmulatları olur. Ola bilər ki, elə qidadan zəhərləniblər”, sakinlərdən biri deyib.

Azadkənd kəndinin icra nümayəndəsinin müavini Mirəli Nuruşov kənd pambıqçılarının zəhərlənməsi barədə onda məlumat olmadığını bildirib.

Saatlı Rayon Xəstəxanası baş həkiminin müavini Adəm Əliyev isə bir qədər fərqli danışıb. O deyib ki, son iki gündə pambıq tarlasında özünü nasaz hiss edərək xəstəxanaya müraciət edənlər ümumilikdə 7 nəfər olub:

“İyunun 25-də 3 nəfərdə qida zəhərlənməsi, iyunun 26-da isə 4 nəfərdə günvurma olub. İlkn tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb.”

Azadkənd sakini Salman Ağaşov isə deyir ki, narahatlıq olan kimi bütün işçilər pambıq tarlasından çıxarılıb: "Saat 11-də 4 nəfərdə narahatlıq oldu. Elə hamısını sahədən çıxardım ki, birdən xoşagəlməz hadisə olar. Həmin 4 nəfəri xəstəxanaya apardım. Hava çox isti olduğundan bütün işçilər evlərinə buraxıldı"

Xatırlatma

Son 2-3 hıəftədə Azərbaycandakı pambıq sahələrindən narahatedici məlumatlar yayılır. Bu zaman ölkənin ayrı-ayrı bölgələrindəki pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Bu hadisələrlə əlqədar artıq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Bu işlə əlqədar 5 nəfərin də həbs edildiyi deyilir. Bunlar “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov, baş aqronomu Gülməmməd Küçiyev, həmin cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev, baş aqronomu Surxay Məmmədov və İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanovdur.

Baş verənlərə hələlik, həbs edilən şəxslərin özlərinin və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Ancaq onlardan bəzilərinin qohumları Azadlıq Radiosuna bu həbslərin düzgün olmadığını deyiblər. Onlar qeyd ediblər ki, bu işdə həbslər yuxarılardan başlamalı idi.

XS
SM
MD
LG