Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:56

Saatlı sakini: 'Huşumu itirənədək məni döydülər'


N.Həsənov
N.Həsənov

Saatlı şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 13 ünvanında yaşayan 32 yaşlı Nazir Həsənov bu rayonun polis şöbəsində pis rəftara məruz qaldığını iddia edir. O bildirir ki, etmədiyi bir əməli boynuna almasından ötrü polis əməkdaşları onu döyüb, bunun nəticəsində çoxsaylı bədən xəsarəti alıb: «Sentyabrın 13-də saat təqribən 14:30-da iş yerimə- Saatlı şəhərinin Heydər Əliyev prospektində yerləşən avtomobillərin təmiri sexinə bir qrup mülkigeyimli şəxs gəldi. Heç bir söz demədən məni məcburi qaydada maşına oturdub polis idarəsinə apardılar. Ora çatan kimi bir gün əvvəl harada olmağımla bağlı sorğu-sual başlandı. Mən axşam saat 10-un yarısınadək sexdə işlədiyimi, sonra isə çıxıb evə getdiyimi dedim. Dediklərimə inanmayıb məni söydülər, sonra da iki polis nəfəri huşumu itirənədək məni döydülər».

N.Həsənovun deməsinə görə, sentyabrın 12-də gecə vaxtı işlədiyi obyektin yaxınlığında olan ərzaq mağazasında oğurluq olub. Onu bu cinayətə görə şübhəli şəxs qismində saxlayıblar. Lakin günün sonunda sərbəst buraxılıb.

102-yə zəng

Saatlı şəhər sakini habelə bildirib ki, o, polis idarəsindən çıxan kimi dərhal Daxili İşlər Nazirliyinin (DİN) «qaynar xətt»inə- 102-yə zəng edərək başına gətirilənləri danışıb. Daha sonra özünü pis hiss etdiyindən xəstəxanaya aparıldığını söyləyir: «Başımda, böyrümdə, ayağımda ağrılar vardı, qulağımın biri eşitmirdi. Saatlı Rayon Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapa bilmədik. Vəziyyətim daha da ağırlaşdığından məni Sabirabaddakı xəstəxanaya apardılar. Həkimlər müayinə edib bildirdilər ki, kəllə-beyin travması almışam, sağ qulağımın pərdəsi cırılıb. Gecə sağ ayağım da şişməyə başladı. İndi onun üzərində dayana bilmirəm. Məni travmatologiya şöbəsinin palatasına köçürüblər, stasionar müalicə olunuram...».

N.Həsənov əlavə olaraq iddia edib ki, DİN-ə operativ müraciəti ilə əlaqədar təhqiqat başlanıb: «Prokurorluq müstəntiqi gəlib məni xəstəxanada dindirdi, məhkəmə-tibb eksperti müayinə etdi. Amma hələ ki, mənə cinayət işinin başlanıb-başlanmaması məlum deyil».

Saatlı Rayon Prokurorluğu ilə əlaqə saxlasaq da, oradan bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

DİN-dən döyülmə iddialarını yalanlayırlar

Ancaq Daxili İşlər Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Orxan Mansurzadə «Turan» agentliyinə bildirib ki, N.Həsənov bir cinayət işinin istintaqı ilə bağlı sentyabrın 13-də Saatlı Rayon Polis şöbəsinə dəvət edilib, ifadəsi alınıb və sərbəst buraxılıb.

«Onun polis şöbəsində döyülməsi və fiziki zorakılığa məruz qalması barədə dedikləri isə həqiqəti əks etdirmir», - DİN sözçüsü bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG