Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 14:49

Saakaşvilinin möcüzəli siyasəti


Saakaşvili qarşıdurma haqda: 'Bu, Poroşenkonun oyunudur'
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Saakaşvili qarşıdurma haqda: 'Bu, Poroşenkonun oyunudur'

Mixeil Saakaşvili insanları həvəsləndirməyi bacarır. Həm Gürcüstanda, həm də Ukraynada onunla birlikdə mübarizəyə hazır insanlar var. Xalqın bütün qadağalara baxmayaraq, onu Ukrayna sərhədindən keçirməsi, bir-iki aydan sonra isə polis avtobusundan qurtarması səhnələri həyəcanlı televiziya şoularına çevrilib. Bu kadrlardan sonra Saakaşvilinin ukraynalı və gürcü tərəfdarları onun xalqı qəhrəmanlığa aparmaqdan ötrü fövqəltəbii bacarıqlara malik olduğuna daha çox inanmağa başlayıblar. Belə bir şəxsiyyətin qarşısında heç bir Poroşenkolar və İvanişvililər davam gətirə bilməzlər.

Səhvlər

Ancaq politoloq Gia Nodia hesab edir ki, bu, illüziyadır. «Saakaşvili həqiqətən də kritik vəziyyətlərdə qeyri-standart qərarlar qəbul etməyə qadir qeyri-adi liderdir. Ancaq hələlik onun ...tərəfdarlarının sayı nə Ukraynada, nə də Gürcüstanda real uğur qazanmağa yetərlidir. Əgər sabah Ukrayna Radasına seçki keçirilsə, Saakaşvilinin partiyası parlamentə düşməyəcək. Nəzəri olaraq, nisbətən kiçik bir qrupun hərəkətlərinin daha böyük proseslərin katalizatoru olduğu vəziyyəti, daha bir xalq inqilabı, yaxud ciddi hakimiyyət böhranını təsəvvür etmək olar. Görünür, Saakaşvili məhz buna ümid edir. Ancaq hələlik ukraynalılar inqilaba bir o qədər də meylli görünmürlər. Bəli, Poroşenko hökuməti korrupsiyalaşıb və populyar deyil. Ancaq təəssüf ki, bu, Ukrayna üçün normaldır. Əgər «Maydan»da həqiqətən böyük qəhrəmanlıq tələb edən iki inqilab ölkənin endemik korrupsiyadan qurtulmasına kömək etməyibsə, yenidən, bir daha riskə getmək nəyə lazımdır?»müəllif yazır.

Saakaşvili özünü "hərbi əsir" sayır
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

G.Nodianın fikrincə, Saakaşvili hakimiyyətin səhv edəcəyinə ümid bəsləyir. Onun Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə ağılsız qərar sərhəddən qələbə marşı ilə keçməsi və Ukrayna siyasətinin mərkəzinə qayıtmasıyla nəticələndi. Saakaşvilinin həbsi də daha bir oxşar səhv idi. «Maydan»da keçirilən növbəti iki aksiyaya əvvəlkindən daha çox insan toplaşdı. Ancaq əsl sıçrayışın baş verməsi üçün bu da azdır.

Prezident P.Poroşenkonun daha hansı mümkün ağılsız hərəkətlərinə ümid etmək olar? Hətta bütün bunlar əsl böhrana gətirib çıxarsa belə (bu isə istisna deyil), Saakaşvili (məhz o, digər müxalif qüvvələr yox) bundan nə dərəcədə faydalana biləcək? Hələlik, konkret uduş ssenarisi gözə dəymir.

«Onun gürcü tərəfdarları ekranda gördüklərindən çox həvəslənirlər. Onlar qəhrəmanlarının Ukraynada uğur qazanacağını, nəticədə Gürcüstanda mövqelərinin güclənəcəyinə inanırlar. Ancaq bu, necə baş verəcək?», – müəllif yazır. O hesab edir ki, Saakaşvilinin Gürcüstana ekstradisiyası da get-gedə daha real görünməyə başlayır.

Saakaşvilinin problemi

«Saakaşvilinin problemi ondadır ki, o, inqilaba stavkanı xalqın bunu istəmədiyi yerdə qoyur. Bununla o, hətta bir müddət hər iki ölkənin əsas nyusmeykeri olsa belə, özünü strateji cəhətdən marginallaşdırır. ...Bütün bunlar Ukrayna hakimiyyətinin imicinə zərbə vursa da, Saakaşvilini gücləndirmir. Bu mənada Poroşenko öz keçmiş həmkarından çox şey öyrənə bilər. Keçmiş prezident Yanukoviç 2009-cu ildə radikal müxalifətlə müdrik və məharətlə davrandı: ona, ümumiyyətlə, mane olmadı, nəticədə müxalifət gülüş hədəfinə çevrildi», – G.Nodia yazır.

Saakahsvili gecəni etirazçılarla cadırda keçirib
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Müəllifin fikrincə, Gürcüstan üçün M.Saakaşvili həqiqətən görkəmli şəxsiyyətdir. 2003-cü ildə o, xalqın seçkilərdə öz qələbəsini və şərəfini uğurla müdafiə edə bildiyi «Qızılgül inqilabı»na rəhbərlik edib. Bundan sonra o, öz komandasıyla ölkəni peyin girdabından çıxararaq, postsovet məkanında hamıya örnək olan yeni Gürcüstan dövləti yaradıb. Əlbəttə, onun ünvanına çoxlu ədalətli və ədalətsiz tənqidlər də səslənib. Ancaq ümumən, onun Gürcüstan karyerası haqqında belə demək olar: Saakaşvili qələbə ilə gəldi, ölkəni dəyişdi və ləyaqətlə getdi.

Müəllifin sözlərinə görə, Saakaşvili hərəkət adamıdır, ona sadəcə Amerikada oturmaq, mühazirə oxumaq və müsahibə vermək çətindir. Buna görə də o, daha bir ölkəni – Ukraynanı dəyişdirmək fikrindən şirniklənib:

«Psixoloji cəhətdən onu anlamaq olar, ancaq bu, strateji səhv idi. Ancaq o, artıq nə bunu etiraf edə, nə də dayana bilər. O, özünü qəhrəmanlıq eposunun mərkəzində görür. Əslində isə, o qədər də keyfiyyətli olmayan operettanın qəhrəmanına çevrilib. Buna baxmaqsa kədərlidir».

XS
SM
MD
LG