Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Saakaşvilinin Ukraynaya girişinə üçillik qadağan qoyuldu


Ukraynanın Sərhəd Xidməti Mixail Saakaşvilinin Ukrayna ərazisinə daxil olmasına üç il müddətinə qadağan qoyub.

Saakaşvili fevralın 21-də özünün Facebook səhifəsində yazıb ki, Sərhəd Xidmətinin qadağan qərarı 2021-ci il fevralın 13-dək qüvvədə olacaq.

Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleh Slobodyan Saakaşvilinin ölkəyə girişinə qadağan qoyulması barədə qərarın Ukrayna sərhədinin Saakaşvilinin ötən sentyabrda ölkəyə daxil olduğu sektorunun rəisi tərəfindən verildiyini təsdiqləyib.

Saakaşvili bu qərar barədə Facebook səhifəsində yazıb: “Mənli, ya mənsiz, bu hakimiyyətin axırı artıq çatıb və mən Ukraynaya çox tezliklə qayıdacağam. Üç ildən çox-çox tez qayıdacağam”.

50 yaşlı Saakaşvili 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Odessanın qubernatoru vəzifəsinə dəvət edilmişdi.

Lakin bir il sonra iki yaxın müttəfiqin korrupsiyaya münasibət məsələsində sözləri çəp gəlmiş, Saakaşvili istefa vermiş və Poroşenko 2017-ci ildə onu Ukrayna vətəndaşlığından məhrum etmişdi.

O vaxtdan bəri Poroşenkoya müxalifətdə kampaniya aparan Saakaşvili fevralın 12-də Kiyevdəki restoranlardan birində həbs olunaraq qonşu Polşaya deport edilib. Kiyev Saakaşvilini Ukrayna ərazisinə qanunsuz gəlməkdə ittiham edirdi.

Keçmiş Gürcüstan prezidenti Polşadan arvadının vətəni Hollandiyaya səfər edib.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub və hazırda bu ölkədə ona qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışdadır. O Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Saakaşvili özünə qarşı ittihamları “qondarma və siyasi motivli” saydığını deyir.

Onun xanımı Sandra Elisabeth Roelofs-Saakashvili Hollandiyada doğulub və bu ölkənin vətəndaşıdır.

Saakaşvili bildirib ki, o Poroşenkonun hakimiyyətini devirmək məqsədilə kampaniya aparmaq üçün “Avropa turuna” çıxmaq niyyətindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG