Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

Saakashvili 98, 3 faiz gürcü olduğunu bəyan edir


Mikheil Saakashvili
Mikheil Saakashvili

Az qala tam təmizqanlı gürcü olduğunu bəyan etdikdən sonra Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Facebook izləyicilərini daha bir hərəkəti ilə təəccübləndirib.

O özünün Facebook-dakı profil şəklinə dəyişiklik edib. İndi burda XVIII əsr yazıçısı Jonathan Swift-in məşhur qəhrəmanı Gulliver təsvir edilib. Amma bir fərqlə. Cırtdanların dəniz sahilində çoxsaylı kəndirlərlə əl-ayağını bağladıqları Gulliverin başına Saakashvilinin siması montaj edilib.

AzadlıqRadiosunun müxbiri Farangis Najibullah yazır ki, Saakashvili-nin rəsmi Facebook səhifəsinin 1 milyondan çox izləyicisi var.

Fotomontajın müəllifi özünün rəsm və siyasi satira istedadı ilə tanınan Nugzar Metrevelidir. Montaj edilmiş fotonun əsası Swift-in satirik əsərinin 2010-cu ildə çəkilmiş film versiyasından götürülüb. Bu filmdə baş rolda Jack Black oynayıb.

Saakashvili bu fotodan əvvəl fevralın 17-də özünün DNT analizinin nəticələrini paylaşmışdı. O bildirirdi ki, analizin nəticəsi onun 98, 3 faiz gürcü, 1, 1 faiz yunan və balkanlı olduğunu göstərir.

Farangis Najibullah ehtimal edir ki, Saakashvili-nin bu məlumatları paylaşması, görünür, onun barəsində əslən erməni olduğuna dair uzun müddətdir dolaşan şayiələrə son qoymaq istəyindən irəli gəlib. Bəziləri onun hətta əsl soyadının Saakian olduğunu iddia edirdilər.

Saakashvili Facebook postunda Hollandiya vətəndaşı ilə evli olduğunu da xatırladır:

"Belə görünür ki, mənim əcdadlarım əsrlər boyunca gürcülərdən başqa heç kimlə qaynayıb-qarışmayıblar. Mən avropalı ilə evlənməklə bu ənənəni pozmuşam".

Saakashvili-nin öz DNT analizinin nəticələrini dərc etməsi ABŞ-da respublikaçı senator Elizabeth Warren-in əhvalatını xatırladır.

O 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini verəcəyini bəyan edib. Xanım Warren 2018-ci ilin oktyabrında bildirmişdi ki, DNT analizi onun yerli hindularla bir qədər bağlılığını göstərib.

ABŞ prezidenti Donald Trump buna görə potensial rəqibini məsxərəyə qoymuşdu.

Lakin əcdadlarının kimliyindən asılı olmayaraq Mikheil Saakashvili Gürcüstan və Ukrayna vətəndaşlıqlarından məhrum olduqdan sonra hazırda dövlətsiz şəxs sayılır.

Saakashvili 2015-ci ildə Odessa meri olmaq üçün Ukrayna vətəndaşlığını qəbul etmişdi. Bu isə o demək idi ki, Saakashvili avtomatik olaraq Gürcüstan vətəndaşlığını itirirdi.

Lakin 2017-ci ilin iyulunda bir vaxtlar müttəfiqi olmuş prezident Petro Poroshenko onun Ukrayna vətəndaşlığını ləğv edib.

Xəbər verildiyinə görə hazırda Hollandiyada yaşayan Saakashvili gələcəkdə Gürcüstana qayıdacağını deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG