Səudiyyə məhkəməsi İstanbulda qətlə yetirilmiş jurnalist Jamal Khashoggy-nin ölümünə görə 8 nəfəri 7 ildən 20 ilədək azadlqıdan məhrum edib.
Bundan 4 ay əvvəl jurnalistin ailəsi qatilləri bağışladığından məhkəmə ölüm hökmü çıxarmır.
Səudiyyədə davam edən bu məhkəmə prosesi BMT tərəfindən tənqid olunmuşdu. BMT bildirirdi ki, qətlin sifarişçiləri cəzasız qalıblar.
Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salmanın qatı tənqidçisi olan jurnalist son dəfə öz ölkəsinin İstanbuldakı konsulluğunda görünmüş və bundan sonra yoxa çıxmışdı.
Xəbər verildiyinə görə o konsulluğun binasında qətlə yetirilmiş, bədəni hissələrə parçalanmışdı.
Məhkəmə hökmündən sonra Khashoggy-nin həyat yoldaşı bildirib ki, sözü gedən səkkiz nəfər bu cinayətlə bağlı olanların hamısı deyil.
Hatice Çengiz deyib ki, mühakimə olunanların arasında bu qətli sifariş edənlərin və planlaşdranların heç biri yoxdur.
Bir sıra Qərb hökumətləri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi qətlin vəliəhd şahzadə tərəfindən sifariş edildiyini bildiriblər.
Səudiyyə hökuməti bu ittihamları inkar edir.
Lakin BMT-nin insan haqları üzrə eksperi Agnes Callamard deyib ki, sözü gedən məhkəmə prosesi “ədalətin ələ salınmasıdır”.