Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:35

Sərhəddə tutulan Azərbaycan vətəndaşlarından xəbər var


2020-ci ilin mayında RusiyaAzərbaycan sərhədindən buraxılmayan azərbaycanlılar

Ötən ilin iyununda Dağıstanda saxlanan Azərbaycan vətəndaşından 7-nə qarşı cinayət işlərinə xitam verilib.

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı Səfirliyindən bildiriblər. Qurumdan verilən məlumata görə, həmin şəxslər azadlığa buraxılıb.

2020-ci il iyun ayının 15-də Rusiya-Azərbaycan sərhədində Azərbaycanın 10 vətəndaşı saxlanaraq istintaqa cəlb edilmişdi.

Bunlar Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən HüseynovEmin İmaməliyev idi.

Səfirliyin açıqlamasına görə, buraxılanlar Namazov, Əhmədov, Ağayev, Fərəczadə, Mehdiyev,Qiyasov və Musayevdir:

“Vətəndaş Ənvər Muradov, Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci (hakimiyyət nümayəndəsinin vəzifə borcunun icrası ilə əlaqədar olaraq ona və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib…”

Səfirliyin məlumatında qalan iki vətəndaşdan da bəhs edilir:

“İki vətəndaş - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə, ittihamların həcmi ilkin istintaq zamanı dəyişdirilib. Onların hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən müəyyən olunur və ittiham aktları onlara təqdim edildikdən sonra cinayət işləri müvafiq olaraq fevralın 19-da və martın 5-də mahiyyəti üzrə baxılması üçün Dağıstan Respublikasının Mahərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Bu şəxslər hazırda ev dustaqlarıdır.”

8 ay öncə nə baş vermişdi?

Rusiyadan Azərbaycana qayıtmaq tələbi ilə bu il iyunun 15-də həmin ölkənin Kullar (Dağıstan) yaşayış məntəqəsi yaxınlığında keçirilən etiraz aksiyasından sonra 10 Azərbaycan vətəndaşının həbs edildiyi bildirilirdi.

Bu şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin (CM) 318-ci maddəsinin ikinci hissəsi üzrə ittiham verildiyi vurğulanırdı.

Onların habelə CM-in 167-ci maddəsinin birinci hissəsi (özgə əmlakının qəsdən məhv edilməsi) üzrə də ittihamla üzləşdikləri qeyd olunurdu.

İstintaqın versiyasıa görə, iyunun 15-də vətənlərinə buraxılmamaları, Kullar kəndi yaxınlığında müvəqqəti çadır düşərgəsində və yataqxanada qalmalarından narazı olan 400 nəfər Azərbaycan vətəndaşı etiraz əlaməti olaraq "Qafqaz" federal magistralını bağlamaq istəyiblər.

İstintaq Komitəsinin press-relizində qeyd olunduğuna görə, etiraz edən bəzi Azərbaycan vətəndaşları "polis əməkdaşlarına tabe olmayıblar, onlara daş və başqa əşyalar ataraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər".

İddiaya görə, doqquz polis xəsarət alıb, beş xidməti maşına ziyan dəyib.

Bu işlə bağlı onlarla Azərbaycan vətəndaşının da qısamüddətli inzibati qaydada həbs edildiyi vurğulanıb.

Ancaq hadisə şahidləri bildirirlər ki, aksiya iştirakçılarının ən azı yarısı polis zorakılığı və alçaldıcı davranışla üzləşiblər.

Azərbaycan rəsmilərinin dedikləri...

Sərhəddə baş verən məlum olaydan sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev isə bunları demişdi:

""Samur" sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq".

O demişdi ki, vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara, uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantin elan edilib.

Aprelin əvvəlindən isə ölkəyə gəliş-gediş məhdudlaşdırılıb.

Rusiyanın müxtəlif yerlərindən Dağstana gəlib quru yolla Azərbaycana keçmək istəyən bu ölkənin vətəndaşlarından bir çoxu aylarla orada gözləməli olmuşdular.

Şərhlər

XS
SM
MD
LG