Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

DSX Ermənistanla sərhəddə ekskavatorçunun həlak olduğunu bildirir


Dövlət Sərhəd Xidməti (DSX) bu gün, oktyabrın 2-də Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsinə aid ikinci bir məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təmas xəttində yerləşən Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı Ermənistan tərəfdən təxribatlar davam etməkdədir.

DSX bildirir ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator atəşə tutulub:

“Nəticədə ekskavatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

DSX bundan əvvəl isə dünən, oktyabrın 1-i saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən Azərbaycan ərazisinə doğru təxribat-diversiya qruplarının hərəkətinin aşkarlandığını açıqlamışdı. Qurum bunun qarşısının alındığını vurğulamışdı.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb.

Bu münaqişə 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Ermənistanla həmsərhəd Qazax rayonun da hazırda bəzi kəndləri işğal altındadır.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttində tez-tez silahların işə salındığı bildirilir. Orada bəzən hər iki tərəfə qara xəbərlər də gəlir.

Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

XS
SM
MD
LG