Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 06:43

'Bu məhəllələrdə daha çox məmurların obyektləri yerləşir'


Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının açılşında
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkının açılşında

Azərbaycanda əsasən 2015-ci ildən sənaye məhəllələrinin yaradılmasına start verilib. Bu, xüsusi obyektlərin yaradılmasının əsas səbəbi ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisinin artırılması, yeni iş yerlərin açılması göstərilir. Həmin dövrdə dünya bazarında neftin qiyməti aşağı düşməyə başlamışdı.

Hazırda ölkədə dörd sənaye məhəlləsinin yaradıldığı bildirilir. Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı fərmana əsasən isə, Şərur rayonunda yeni sənaye məhəlləsinin yaradılması nəzərdə tutulub.

İlk sənaye məhəlləsinin 4 il öncə Neftçala rayonunda yaradılmasına başlanıb və o, 2017-ci ilin sentyabrında istifadəyə verilib. Daha sonra sənaye məhəllələrinin Masallıda, Hacıqabulda və Sabirabadda yaradıldığı açıqlanıb.

Rəsmi məlumatlara əsasən, sənaye obyektlərinə 5 milyard manata yaxın həcmdə dövlət investisiyaları yatırılıb, onlar vergi ödəməkdən azad olunub. Lakin onların ölkə iqtisadiyyatı üçün nə dərəcədə faydalı olduğu barədə mövqelər fərqlənir.

«Hacıqabul və Sabirabad rayonlarında salınmış məhəllələr hələ ki…»

«Azərbaycan İnvestisiya Şirkəti» Açıq Səhmdar Cəmiyyətindən «Turan» agentliyinə verilən məlumata görə, Neftçalada və Masallıda yerləşən sənaye məhəllələri tam həcmdə işləyirlər. Amma qurumdan vurğulandığına görə, Hacıqabul və Sabirabad rayonlarında salınmış məhəllələr hələ ki, fəaliyyət göstərmir.

Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu
Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu

Üstəlik, o da əlavə edilib ki, yeni məhəllələrin yaradılması isə, hələ ki, nəzərdə tutulmur: «Neftçala Sənaye Məhəlləsində 9 iştirakçı qeydiyyatdan keçib. Burada Azərbaycanla İranın birgə təsis etdiyi və avtomobil istehsalı ilə məşğul olan «Azevrocar» MMC-ni göstərmək olar. Layihənin ümumi dəyəri 24 milyon manat təşkil edir. «Metak» MMC da həmin sənaye məhəlləsində yerləşir. Bu MMC İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit alıb və müxtəlif taraların istehsalı ilə məşğuldur. Masallı Sənaye Məhəlləsində mebel, dam örtükləri… və taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim ediblər. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb».

Qurumdan vurğulanıb ki, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılmasının bu ilin sonuna kimi başa çatacağı gözlənilir: «Burada yun tədarükü, pambıq təmizləmə, taxta və plastik məmulatlar, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrində layihələr həyata keçiriləcək, Logistika Mərkəzi yaradılacaq».

V.Əhmədov
V.Əhmədov

5 milyard manat vəsait qoyulub

Deputat Vahid Əhmədov isə bildirib ki, Azərbaycanda ümumilikdə 7 sənaye zonası fəaliyyət göstərir: «Onlar 7 il müddətinə vergidən azaddır, heç bir vergi ödəmirlər. İstehsal etdiklərini satırlar, gəlir götürürlər. Bu 7 sənaye zonalarına 3.3 milyard dollar, yəni 5 milyard manata yaxın vəsait qoyulub. Onlar 1.5 milyard manatlıq məhsul istehsal ediblər. Ondan da 300 milyon manatlıq malı xaricə ixrac ediblər. Bu zonaların yaradılması birinci növbə yeni iş yerlərin açılması üçün vacibdir. İkincisi isə, Azərbaycanda elə sahələri inkişaf etdirmək lazımdır ki, hazırda orada ciddi problemlər var, yəni emal sahələri. Düzdür, hələ ki, sənaye parkları, məhəllələri vergidən azaddırlar. Bu yaxınlarda iqtisadiyyat naziri bizə bu obyektləri 10 il müddətinə vergidən azad etməyi təklif etdi, çünki ora xaricdən də investisiyalar cəlb etmək lazımdır. Ona da getdik. Bu layihələr həm yeni iş yerlərinin açılmasını təmin edəcək, həm də Azərbaycan dövlət büdcəsinə əlavə gəlir gətirəcək. Düzdür, indi yox, yalnız 10 ildən sonra».

İqtisadçı, işadamı, keçmiş deputat Nazim Bəydəmirli də hesab edir ki, monopoliya olmayan və məhəllələrin salınmasında dövlətin iştirak etmədiyi yerdə sənaye məhəllələri yaxşı ideyadır:

N.Bəydəmirli
N.Bəydəmirli

«Qapıya qədər bütün infrastrukturu dövlət verib»

«Bir neçə sənaye parkı və məhəllələri var ki, infrastrukturu İqtisadiyyat Nazirliyi tərəfindən salınıb. Obrazlı desək, qapıya qədər bütün infrastrukturu dövlət verib. Müşahidəmə görə, bunların bəziləri, sadəcə, tikinti quruculuq layihələrində olduğu kimi, pul silmək əməliyyatı ilə baş verir, həmin layihələr çox şişirdilir. Bunu özəl sektor etmədiyindən və dövlət vəsaitləri hesabına görüldüyündən, müəyyən məmur sahibkarlar bundan yararlanır. Əslində, bu sənaye məhəllələrində və parklarında daha çox məmur sahibkarların obyektləri yerləşir».

İqtisadçı hesab edir ki, sənaye məhəllələrinin və parklarının idarəetməsi qənaətbəxş deyil: «Onların idarəetməsi çox bərbaddır, çünki quranda bazar araşdırması aparılmır, xammalın haradan alınması, malın hara satılması haqqında dəqiq analiz aparılmır. İqtisadi və texniki-iqtisadi əsaslandırması yoxdur. Qoyulmuş kapitalın neçə ilə geri dönüşü araşdırılmır».

N.Bəydəmirli qeyd edib ki, sənaye məhəllələrinin salınmasına baxmayaraq, istehsaldan əlavə dəyər vergisinin yığılması azalıb. Ekspertin fikrincə, bütünlükdə bu vəziyyət ölkədə hökm sürən monopoliyanın nəticəsidir:

Hansı biznes sahəsində monopoliya yoxdur?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

«Monopoliya ona gətirib çıxarıb ki,…»

«Monopoliya ona gətirib çıxarıb ki, Azərbaycanda istehsal sahələri azalıb, yerli sahibkarlar sıradan çıxarılıb. Ölkədə orta və iri sahibkarlıq məmur sahibkarlığıdır. Biz, istehlakçı olaraq, öz vəsaitimiz hesabına aldığımız məhsullar xaricdə istehsal olunmuş məhsullardır. Ölkə daxilində mal istehsalı azalır, çünki rəqabətə dözümlü mal istehsal olunmur və vətəndaş daha keyfiyyətli xarici mal alır. Yerli mal isə bahadır, çünki monopoliya şəraitində istehsal olunur. Beləliklə, sənaye məhəllələrin yaradılması yaxşı ideyadır, amma özəl kapital hesabına».

İşadamı sonra da deyib: «Azərbaycanda sahibkarlıq mühiti ilə bağlı monopoliya aradan qaldırılmasa, sahibkarların problemi kağız üzərində yox, normal səviyyədə həll olunmasa, sahibkarlığın gələcəyi olmayacaq».

Masallı rayonunda yaşayan, amma adının çəkilməsini istəməyən bir sahibkar isə AzadlıqRadiosuna bildirib ki, rayonda sənaye məhəlləsi fəaliyyət göstərsə də, adi sahibkarlara orada yer yoxdur.

Son vaxtlar «məmur sahibkarlığı» haqqında fikirləri rəsmilər də gündəmə gətirir. Hətta dövlət başçısı da bir neçə dəfə çıxışlarında bu məsələlərlə mübarizənin vacibliyindən bəhs edib.

XS
SM
MD
LG