Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:35

Səməd Seyidov: 'Təzyiq yolu heç nəyə gətirməz'


S.Seyidov
S.Seyidov

«Seçkilər yüksək səviyyədə keçirilib. Məsələnin konstruktiv şəkildə həlli siyasi bəyanatla, təzyiqlə deyil, konkret faktlarla müşahidə edilməlidir. Təzyiq yolu heç nəyə gətirməz».

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna 9 fevral növbədənkənar parlament seçkilərinə dair beynəlxalq müşahidəçilərin ilk dəyərləndirməsinə münasibət bildirərkən belə deyib.

Erkən parlament seçkilərində yerli müşahidəçilər, media təmsilçiləri çoxsaylı pozuntuları sənədləşdirərək yayıblar. Fevralın 10-da isə beynəlxalq müşahidə missiyasının birgə bəyanatı yayılıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmazlıqlarının göstəricisidir», – hesabatda vurğulanır.

«Müzakirəyə hazırıq»

S.Seyidov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) qeyri-obyektiv, qanunvericiliyə uyğun gəlməyən məsələləri araşdırır və bunun nəticəsi ortadadır. Onun sözlərinə görə, seçkilərin qanun çərçivəsində keçirilməsində hakimiyyət də israrlıdır: «Hər hansı qanun pozuntusu ola bilər. Ancaq ən vacib məsələ bu qanun pozuntusuna qanun çərçivəsində reaksiya verməkdir və MSK da bunu bizə nümayiş etdirir».

MSK artıq dörd dairədə seçkinin nəticələrini ləğv edib. S.Seyidova görə, bu qərar seçkilərin demokratik prinsiplərinə riayət olunmasına dəlalət edir: «Hansısa tənqid obyektiv və realdırsa, faktlara uyğundursa, beynəlxalq təşkilatlar çərçivəsində, həm də MSK səviyyəsində bu məsələləri müzakirə etməyə hazırıq».

«Süni şəkildə gərginləşdirmək istəyirlər»

Bəzi müxalifət partiyalarını birləşdirən Milli Şura seçkiləri boykot edib. Onlar Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şəraitin olmadığını deyirlər. Bəzi namizədlərsə seçkinin nəticəsinin ləğvini tələb ediblər. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

S.Seyidov isə düşünür ki, bəzi qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək istəyirlər: «MSK məhz bu istiqamətdə həm yerlərdən əldə olunmuş videomaterialları, həm də beynəlxalq təşkilatlardan gələn rəyləri öyrənməyə başlayıb. Ona görə ki, bu materiallar, şikayətlər siyasi xarakter deyil, metodoloji və texniki xarakter daşıyır».

Xatırlatma

Parlament ötən ilin dekabrında buraxılıb. Hakim YAP bununla bağlı prezident İlham Əliyevə müraciət edib və bunu prezidentin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib. Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

9 fevral seçkisində isə köhnə parlamentin 65 faizi yenidən seçilib.

XS
SM
MD
LG