Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Səhiyyə Nazirliyi etiraz aksiyası keçirmiş bloqeri məhkəməyə verib


T.Kərimov
T.Kərimov

Səhiyyə Nazirliyi qarşısında təkbaşına etiraz aksiyası keçirib, xəstəxanalarda anasının müalicəsi üçün rüşvət tələb olunmasından şikayətlənən bloqer Teymur Kərimov buna görə məhkəməyə verilib. Səhiyyə Nazirliyi bloqerin xəstəxanalarda korrupsiya barədə bilərəkdən yalan məlumat yaydığını iddia edərək, cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Nazirlik Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb, T.Kərimovun CM-in 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edib.

İyunun 6-da məhkəmənin hazırlıq iclası keçirilib, iddiaya baxılmasının mümkünlüyü məsələsi müzakirə olunub.

T.Kərimovun vəkilləri iddianın icraata götürülməsinə etiraz ediblər. Deyiblər ki, Səhiyyə Nazirliyi hüquqi şəxs olduğuna görə xüsusi ittihamçı statusunda tanına bilməz. Vəkil Elçin Sadıqovun sözlərinə görə, bu barədə Ali Məhkəmənin 2014-cü ilin noyabrında qəbul etdiyi qərar var.

Vəkillər deyir ki, Nazirliyin iddia ərizəsi də qanunauyğun tərtib olunmayıb, qarşı tərəfin ünvanı, iş yeri göstərilməyib, atasının adı səhv yazılıb və s.

Dediklərinin həqiqət olduğunu söyləyir

T.Kərimov özü də iddianın əsassız olduğunu bildirərək, icraata götürülməsinə etiraz edib. Bildirib ki, o, heç kimə böhtan atmayıb, Səhiyyə Nazirliyinin qarşısındakı aksiyada dediklərinin hamısı həqiqətdir.

Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb.

Hakim Babək Pənahov qaldırılan vəsatətlərlə bağlı qərar vermək üçün müşavirəyə gedib. Nəticə iyunun 10-da məlum olacaq.

T.Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirib. O, onkoloji xəstə olan anasına xəstəxanada lazım olan dərmanlar, reaktivlərin verilmədiyini, rüşvət tələb olunduğunu iddia edib.

«Artıq pulum qurtarmışdı, dərmanları ala bilmirdim. 500 manat pul lazım idi. Ona Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarmaqla aksiya elədim», - T.Kərimov belə deyib.

Səhiyyə Nazirliyi isə dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olduğunu bildirir.

CM-in 147.2 maddəsində 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG