Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Monakoda rusiyalı milyarderə qarşı rəsmi ittihamlar irəli sürülüb


Dmitry Rybolovlev
Dmitry Rybolovlev

Monako məhkəməsi rusiyalı milyarder Dmitry Rybolovlev-ə qarşı korrupsiya işi ilə bağlı rəsmi ittiham irəli sürüb.

Prokuror Sylvie Petit-Leclair noyabrın 7-də deyib ki, AS Monaco futbol klubunun sahibi olan Rybolovlev 24 saat ərzində polis tərəfindən dindirildikdən və evində axtarış aparıldıqdan sonra “zaminə buraxılıb”.

Monako məhkəməsi Rybolovlev-in, isveçrəli incəsənət dəllalı Yves Bouvier-lə məhkəmə çəkişməsi zamanı Monakonun hüquq-mühafizə orqanlarına təsir göstərdiyinə dair iddiaları araşdırır.

Rusiyalı milyarder Bouvier-i 2003-2014-cü illər ərzində ona incəsənət əşyalarını satarkən 1 milyard dollar məbləğində fırıldaq gəlməkdə ittiham edir.

Bouvier ittihamları rədd edir.

Petit-Leclair deyib ki, o Rybolovlev-ə qarşı irəli sürülmüş ittihamların spesifik olaraq nəyə aid olduğunu bilmir.

Vəkilləri deyirlər ki, milyarderin bəzi adamlarla görüşləri qadağan olunsa da, o hərəkət sərbəstliyini itirməyib.

Prokuror deyib ki, Monako məhkəməsi bu iş üzrə Rybolovlev-dən başqa, həm də Monakonun keçmiş ədliyyə nazirinin arvadı və oğluna qarşı da ittihamlar irəli sürüb. Onların da zaminə buraxıldıqları bildirilir.

Rusiya Monakodan aydınlaşdırma istəyir

Rusiyanın Fransadakı səfirliyi rusiyalı milyarder Dmitry Rybolovlev-in korrupsiya işi çərçivəsində dindirilməkdən ötrü saxlanması xəbərlərinə Monakonun aydınlaşdırmasını istəyib.

Bundan əlavə informasiya verilməyib.

“Rusiya Federasiyasının Fransadakı səfirliyi Monako hakimiyyətindən aydınlaşdırma istəyib”, – səfirliyin bəyanatında deyilir. Səfirlik cavab gözlədiyini də qeyd edir.

Səfirliyin məlumatına görə, nə milyarder, nə də təmsilçiləri Rusiyanın Fransadakı diplomatik missiyaları ilə əlaqə saxlayıb.

Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov həm də ölkəni Monakoda təmsil edir.

***

Fransanın Le Monde qəzeti xəbər verir ki, rusiyalı milyarder və Monaco futbol klubunun sahibi Dmitry Rybolovlev korrupsiya ilə bağlı işlə əlaqədar dindirilmək üçün Monakoda saxlanıb.

Qəzet mənbələrə istinadən yazır ki, Rybolovlev noyabrın 6-da, səhərin erkən saatlarında saxlanıb və onun evində axtarış aparılıb.

Bu işlə bağlı təfərrüatlar barədə hələlik xəbər verilmir.

Monaco klubu noyabrın 6-da Fransanın Mediapart saytının Rybolovlev-in Avropanın “Təmiz Maliyyə Oyunu” qaydalarından yayınmağa görə saxlandığı barədə xəbərləri təkzib etmişdi. Sayt yazırdı ki, milyarder, qaydalardan yan keçərək maliyyə çətinlikləri içində olan kluba vəsait ötürmək üçün saxta marketinq sazişi imzalayıb.

Mediapart bunu da iddia edirdi ki, sözü gedən pul əslində Rybolovlev-in ofşor şirkətlərindən gəlib.

Rybolovlev 2011-ci ilin dekabrında AS Monaco klubunun səhmlərinin 66 faizini almaqla onu müflislikdən xilas etmiş və maliyyə dəstəyi göstərmişdi.

Bu klub sonradan, 2017-ci ildə Fransa çempionu olmuş və Çempionlar Liqasının dörddə bir finalına çıxmışdı.

Rybolovlev 2017-ci ilin əvvəllərində indiki ABŞ prezidenti Donald Trump-ın Floridadakı daşınmaz əmlak sövdələşməsinin vergi detalları aşkar olunandan sonra təkrar təhqiqata cəlb olunmuşdu. Vergi sənədləri 2005-ci ilə aid idi.

Bu sənədlərdən görünürdü ki, rusiyalı milyarder sözü gedən malikanəni 2005-ci ildə 41 milyon dollara alıb və 2008-ci ildə 95 milyon dollara satıb. Trump-ın tənqidçiləri sual edirdilər ki, daşınmaz əmlak qiymətlərinin düşdüyü bir vaxtda malikanənin qiyməti nə səbəblə belə kəskin arta bilərdi.

Rybolovlev Forbes jurnalına görə dünyanın 242-ci ən zəngin adamıdır. Onun sərvəti 6, 8 milyard dollar olaraq təxmin edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG