Ukraynanın öz ərazilərini Rusiya işğalından azad etməkdə olduğu bir vaxtda Rusiyanın daha bir komandanı dəyişdiyi xəbər verilir.
Dağıstan Respublikasının başçısı Sergey Melikov oktyabrın 7-də Telegram-da yazıb ki, əslən Şimali Qafqazdan olan general-leytenant Rüstəm Muradov Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.
Bu dairənin əsas qüvvələri Uzaq Şərqdə yerləşsə də, onun heyətinin böyük bir hissəsi Ukrayna müharibəsində iştirak edir.
O habelə uzun müddət Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinə başçılıq edib.
RBK agentliyi oktyabrın 7-də Rusiya hərbiyyəsinə yaxın dairələrə istinadla Muradovun general-polkovnik Aleksandr Çaykonu əvəzləycəyini xəbər verib.
Bu xəbər hələki rəsmən təsdiq olunmayıb.
Silsilə uğursuzluqlar
RBK oktyabrın 3-də xəbər vermişdi ki, Qərb Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Juravlyov Rusiyanın Ukraynanın şimal-şərqində ağır canlı qüvvə itkilərindən və Donetsk regionundakı Liman şəhərinin itirilməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.
Sentyabr ayında Rusiya müdafiə nazirinin logistika üzrə müavini Dmitri Bulqakov general-polkovnik- Mixail Mizintsevlə əvəzlənmişdi.
Avropa İttifaqı Mizintsevi Ukraynanın liman şəhəri Mariupolu mühasirəyə almaqla minlərlə sakinin ölümünə səbəb olmaqda ittiham edir.
Avqust ayında Rusiyanın Qara dəniz donanmasının bayraqdar gəmisi – Moskva raket kreyserinin batırılması da daxil Ukraynanın bir neçə uğurlu hücumunun ardınca donanmanın komandanı vəzifəsindən kənarlaşdırılmışdı.
Ukrayna həmin vaxt ilhaq olunmş Krımdakı hərbi hava bazasına hücumla Rusiyanın 8 təyyarəsini sıradan çıxarmışdı.