Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

D18 hərəkatının lideri Ruslan İzzətli hərbi xidmətə aparıla bilər


D18 Hərəkatının sədri Ruslan İzzətlinin mayın 25-də hərbi xidmətə aparılacağı gözlənir.

Bunu AzadlıqRadiosuna bildirən Ruslan İzzətlinin sözlərinə görə, ona bu barədə bugün, mayın 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsindən məlumat verilib.

Ruslan İzzətlinin sözlərinə görə, 2007-ci ildən bəri ona həkim komissiyası rəy verib ki, dinc dövrdə hərbi xidmətə yararsızdır. Həkim komissiyasından 3 ildən bir keçdiyini qeyd edən, gənc müxalif fəal bundan əvvəl axırıncı dəfə komissiyadan ötən ilin avqust ayında keçdiyini söyləyib.

“İşimin içində yazılan yekun akt dəyişdirilib”

Ruslan İzzətli onun hərbi xidmətə aparılmasını siyasi sifariş adlandırır:​

"Mayın 4-də məni Ağdam hərbi komissarlığına çağırdılar ki, orada müayinədən keçim. Mayın 6-da isə Ağdam Mərkəzi Klinikasından tibbi müayinə barədə yekun akt aldım. Aktda hərbi biletimdə yazılmış diaqnoz, yəni böyrəyimin xəstə olması öz təsdiqini tapdı. Mayın 8-də isə mən gördüm ki, işimin içində yazılan yekun aktı dəyişdirilib və yazılıb ki mən sağlam adamam, sadəcə hərdən ürək bulanmalarım olub. Bakıda özəl klinikaların birində müayinədən keçəndə bilindi ki, 5 mm səviyyəsində bel yırtığım var və bu bel yırtığı sinir sistemini sıxır. Bu mənə nə çox bir yerdə oturmaq, nə də çox gəzmək imkanı verir. Həkimlər mənə təcili fizioterapiyadan keçmək lazım olduğunu bildirdilər və hərbi xidmətə aparılmamı mümkünsüz saydılar".

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini də yoxlasın”

Ruslan İzzətli vurğulayıb ki, vəkili bununla bağlı sənədlərini aidiyyatı orqanlarına göndərməsinə baxmayaraq onun hərbi xidmətə aparılması ilə bağlı qərar verilib:

"Mən 9 ay əvvəl müayinədən keçmişəm, hərbi komissar da biletimə möhür vurub. Mən 31 yaşıma qədər hərbi xidmətə getməmişəm. Dövlət Təhlükəsizliyi Xidməti rayonlarda icra başçılarını tutur, korrupsiyaya qarşı mübarizə aparır. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini də yoxlasın. Sağlam olub getməmişəmsə deməli burada korrupsiya var? Yox, səhhətimdə problem varsa və bunu istənilən xəstəxanada yoxlamaq olur, onda məni hərbi xidmətə qanunsuz olaraq aparırlar. Görünür hakimiyyətin mənə kini və nifrəti o qədər yüksəkdir ki, bu diaqnozla məni xidmətə aparır”.

Ruslan İzzətli deyib ki, o, hərbi xidmətdən yayınmır, vətən üçün canını əsirgəməz:

“Amma insanlar bildi ki, mənim hərbi xidmətə aparılmağım siyasi qərardır və cəza müxanizmidir".

Bu deyilənlərə, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və bu qurumun Ağdam rayon şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq deyirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə təqib edilmir.

Seçkidə namizəd olub

Ruslan İzzətli bu il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərində namizəd olub.

Onun namizəd olduğu 33 saylı Xətai ikinci seçki dairəsində seçkilərin nəticələri ləğv edilib.

Həmin dairədə yenidən seçki keçirilməlidir.

Ruslan İzzətli və bəzi namizədlər həmin dairədə saxtakarlıq olduğunu iddia edərək, Mərkəzi Seçki Komissiyasına şikayət vermişdilər.

Şikayətlər qəbul olundugundan dairə üzrə nəticələr ləğv edildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG