Keçid linkləri

2026, 25 Fevral, çərşənbə, Bakı vaxtı 20:44

Vaşinqton Ukraynanı Rusiyanın enerji infrastrukturu vurarkən ABŞ maraqlarına toxunmamağa çağırıb

Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu
Novorossiysk limanında Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu

Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra ABŞ Dövlət Departamenti Kiyevi ABŞ maraqlarına zərbə vurmamağa çağırıb. Bunu Ukraynanın Vaşinqtondakı səfiri fevralın 24-də deyib.

Səfir Olqa Stefanişina bu mesajı demarş, yəni rəsmi və diplomatik müraciət kimi xarakterizə edib. Bu mesajı necə qəbul etdiyi, Dövlət Departamentinə çağrılıb-çağrılmadığı haqda ətraflı danışmayıb, Ukraynanın bu müraciəti nəzərə aldığını deyib.

Dövlət Departamenti məsələyə münasibət bildirməkdən imtina edib.

Stefanişina fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümündə çıxış edib. Onun sözlərinə görə, Novorossiyskə hücumdan sonra Dövlət Departamenti Ukrayna ilə əlaqə saxlayıb, "çünki bu, Amerika və Qazaxıstanın iqtisadi maraqlarına toxunmuşdu".

Qazaxıstan neftinin böyük hissəsi ixrac üçün Novorossiyskə göndərilir. Ukraynanın dron hücumundan sonra liman noyabr ayı üzrə neft ixracını qısa müddətə dayandırıb.

Stefanişina bildirib ki, mesaj Rusiyanın infrastrukturuna hücumların tam dayandırılması deyil, ABŞ maraqlarına təsir edən zərbələrlə bağlı olub.

"Bu təmasın məqsədi Ukraynanı Rusiya hərbi və enerji infrastrukturuna zərbələrdən çəkindirməyə təşviq deyildi. Söhbət orada Amerika iqtisadi maraqlarına təsirdən gedirdi", – səfir deyib.

Kimya zavodunda yanğın (illüstrativ foto)
Kimya zavodunda yanğın (illüstrativ foto)

Ukrayna və Rusiyadan qarşılıqlı dron zərbələri, ölənlər var

Fevralın 25-nə keçən gecə Ukrayna dronları Rusiyanın Smolensk vilayətinin Doroqobuj şəhərində kimya zavoduna hücum edib. Bir sıra Telegram kanalları hücum nəticəsində dörd nəfərin öldüyünü, üçünün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olduğunu yazır.

Rusiya hakimiyyəti zavoda hücum, itkilər barədə rəsmi məlumat yaymayıb. Rusiya Müdafiə Nazirliyi səhər xülasəsində gecə Smolensk vilayəti üzərində 14 pilotsuz aparatın vurulduğunu bildirib.

Ukraynanın Exilenova+ və Supernova+ monitorinq kanalları foto və videolar əsasında zərbələrin "Dorogobuj" ASC kimya zavoduna endirildiyini təsdiqləyir. 2025-ci ilin noyabr-dekabrında da bu müəssisə dron hücumuna məruz qalıb. Kiyev hələlik zərbəni rəsmi təsdiqləməyib.

Rusiya qoşunları isə fevralın 24-ü axşam saatlarında Zaporojye rayonuna zərbə endirib. Məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Zərbələrdən fərdi yaşayış evi dağılıb, xilasedicilər dağıntılar altından üç nəfərin meyitini çıxarıblar. İkimərtəbəli yaşayış binasında isə bir nəfər ölüb. Partlayış dalğası və qəlpələr yaxınlıqdakı tikililərə də ziyan vurub.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, fevralın 25-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 115 dron buraxıb, onlardan 95-i vurulub. 18 zərbə dronunun 11 məkanda hədəfə çatdığı qeydə alınıb.

XS
SM
MD
LG