Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:37

Hərbi ekspert: ‘Onlar elə bu cür orduyla Vermaxtın axırına çıxdılar’


Deyvid Conson
Deyvid Conson

Conson məşhur prussiyalı general və hərbi nəzəriyyəçi Karl fon Klauzevitsdən sitat gətirir: “Əldən salma müharibələrində birinci əldən düşməyin”

Moskva əsgərlərini Ukraynaya “top yemi” kimi tökməkdə qətiyyətli görünür. Bunu ABŞ-ın ordu veteranı, “RAND Corporation” təhlil mərkəzinin əsas tədqiqatçısı Deyvid Conson AzadlıqRadiosunun Gürcüstan xidmətinin müxbiri Vaja Tavberidzeyə müsahibəsində deyib.

Hərbi strateqik xəbərdarlıq edir ki, Rusiya əsgərləri “yavaş-yavaş Donbasda yollarını açırlar”, “kütləvi atəş və çox ləng, tədricən əldənsalma manevri” edirlər ki, bunu “dayandırmaq çox çətin” olacaq.

Conson deyir ki, Rusiyanın strategiyası və taktikası Kiyevin müttəfiqlərinin artilleriya və digər silahlar göndərməsini Ukraynanın müdafiəsində həyati məsələyə çevirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin planları dəqiqlik tələb eləmir, çünki “əgər hədəfin Maripoldursa”, “onda raket yetərincə dəqiqdir”. Müharibədən öncə yarım milyonadək ukraynalının yaşadığı Mariupol indi xarabalığa çevrilib və Rusiya qüvvələrinin əlindədir.

Əldən salma

Conson müharibənin indiki fazasının “çox ağır” olduğunu deyir, Ukraynaya beynəlxalq dəstəyi nəzərə alanda “iki düşmənin getdikcə səriştə, say və avadanlıq baxımından bərabərləşdiyini” vurğulayır.

Rusiyalı strateqlər “Ukraynanın canlı qüvvəsini və resurslarını tükətməyə ümid edirlər”, – deyən Conson məşhur prussiyalı general və hərbi nəzəriyyəçi Karl fon Klauzevitsdən sitat gətirir: “Əldən salma müharibələrində birinci əldən düşməyin”.

Onun fikrincə, Kiyevin müttəfiqləri ukraynalıları “döyüşmək üçün gərəkən silahlarla daimi təchiz etməlidirlər”, istər dəqiqliklə vuran silahlar olsun, istərsə də daha köhnələri.

Conson deyir ki, döyüş zonasında ən çox itki törədən Javelin sistemləri, yaxud “Switchblade” ABŞ dronları deyil, artilleriyadır.

Həmin ordu...

Ukrayna rəsmiləri müharibədə azı 30 min rusiyalı əsgərin öldürüldüyünü deyir. Conson bildirir ki, “Ukraynanın real itkiləri haqda təsəvvürümüz yoxdur”, Ukraynanın açıqladığı rəqəmlərsə “güman ki, şişirdilib”. O, Kiyevin “informasiya kampaniyasına effektiv nəzarət etdiyini” də söyləyir.

Rusiya özü itki sayını açıqlamır, amma itkilərin çoxluğu, ruh düşkünlüyü, səmərəsiz idarəçilik, zəif təlimgörmə haqda iddialar var. Keçmiş artilleriya batalyon komandiri olmuş Conson Rusiya ordusunun gücünü “aşağı qiymətləndirmədiyini” deyir.

“Onlar elə bu cür orduyla 2-ci Dünya müharibəsində dünyanın ən yaxşı ordusunu məğlub ediblər. Demək istəyirəm ki, 2-ci Dünya müharibəsində Rusiya ordusundan top yemi kimi istifadə olundu, onu siyası korrekt adamlar idarə etdi, amma onlar bir neçə ilə Vermaxtın (1935-1945-ci illərdə Almaniya Silahlı Qüvvələrinə verilən ad – red.) axırına çıxdılar”, – Conson vurğulayır.

Putinin üstünlüyü

Onun fikrincə, getdikcə avtoritarlaşan hökumətin başında dayanan Putin azından indiki mərhələdə ictimaiyyətin fikrini yayındıra, hətta boş qələbələr elan edə bilir, çünki rusiyalıların çoxuna eşitməyə icazə verilən “mesajı idarə edir”.

“O, səhərlər təqvimə baxıb deyir ki, ‘Yaxşıdır, borş ucuz başa gəlir, bu, böyük uğurdur. Gəlin bundan danışaq’... Məncə, o heç müharibəni uduzduğunu da deməyəcək. Avtokrat olmağın böyük üstünlüyü budur: Uğurun nə olmasına sən qərar verirsən”, – Conson söyləyir.

Ancaq o, rusiyalıların öz əsgərlərinin ölkə adına törətdiyi təcavüzdən tamamilə xəbərsiz olmadığını düşünür. Bu isə o deməkdir ki, rusiyalılar işğalı güman olunduğundan daha çox dəstəkləyirlər.

“Düşünməyək ki, hamı gedib Qırmızı Meydanda etiraz edəcək... Onların əsgərlərinin kütləvi fərarilik etdiyini görmürəm. Müharibədə ən pis şey, böyük günah düşməninə lazımi qiyməti verməməkdir”, – təhlilçi vurğulayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG