Avstriya ifrat sağçı Azadlıq Partiyası (FPO) korrupsiya qalmaqalının ardınca bəyan edib ki, onun bütün nazirləri hökumətdən istefa edəcəklər.
Bu ölkədə siyasi böhran 2017-ci ilə aid videonun Almaniya mediasında yayılmasından sonra başlanıb. Bu videoda FPO lideri Heinz-Christian Strache-nin Rusiyadan olan potenisal mənfəətdara partiyasına siyasi ianələr müqabilində hökumət kontraktları təklif etdiyi iddia olunur.
Strache mayın 18-də vise-kansler postundan istefa verib, kansler Sebastian Kurz isə mayın 20-də prezidentə daxili işlər naziri Herbert Kickl-i tutduğu vəzifədən azad etməsi üçün müraciət edib.
Kansler naziri bu qalmaqalın şəffaf təhqiqatına mane olmaqda ittiham edir.
Buna cavab olaraq FPO bütün nazirlərini hökumətdən geri çağırıb. İndi Kurz xarici işlər, müdafiə, əmək və infrastruktur nazirlərindən məhrum olub.
Prezident Alexander van der Bellen erkən seçkilərin sentyabrda keçirilməsinə çağırıb.
Almaniya mediasının mayın 17-də yaydığı videoda bir qadın rusca danışır və özünü rusiyalı oliqarxın qardaşı qızı kimi təqdim edir.
Videoda başqa bir FPO rəsmisi almancadan ruscaya tərcüməçilik edir.
Bu hadisənin 2017-ci ilin iyulunda İspaniyanın İbiza kurortunda baş vediyi iddia edilir. Onda FPO-nu hökumət koalisiyasına gətirən və Strache-ni vise-kansler edən seçkilərə hələ üç ay qalırdı.
Kreml bu qalmaqalda iştirakına dair bütün şübhələri rədd edib. Validimir Putinin sözçüsü Dmitry Peskov deyib:
"Bu məsələnin nə Rusiya Federasiyasına, nə onun prezidentinə, nə də hökumətinə dəxli var. Biz bu qadının kim olduğunu, onun rus olub-olmadığını da bilmirik”.
2016-cı ildə FPO Putinin Vahid Rusiya partiyası ilə əməkdaşlıq sazişi imzalamışdı.
Süddeutsche Zeitung qəzeti yazır ki, videoda tərcüməçilik etdiyi görünən Johann Gudenus özünü Alyona Makarova kimi təqdim edən qadınla bu görüşdən bir-iki ay əvvəl tanış olub. İbiza görüşündə Gidenusun arvadı da iştirak edirdi.
Gidenusların toy fotoları
Gudenus FPO-da Rusiya ilə sıx əlaqələrin ilhamçısı kimi tanınır. Həm Gidenus, həm də Strache bundan əvvəl dəfələrlə Moskvada olublar. Videoda Strache “Biz Rusiyanı sevirik!” deyir və qəhqəhə çəkir.
Videonu dərc etmiş Almaniya nəşrləri mənbələrini açıqlamaqdan imtina ediblər.
Alyona Makarovanın da kimliyi bəlli deyil. Görüşü çəkən gizli kamera elə yerləşdirilmişdi ki, qadın bir dəfə də kadrda görünmür.
Rusiyalı milyarder İgor Makarovsa deyib ki, o ata-anasının yeganə oğludur və təbii ki, heç bir qardaşı qızı yoxdur.