Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyul, Cümə, Bakı vaxtı 17:25

Sorğu: Rusiyalıların sovet xiffəti qurtarmır ki qurtarmır


Rusiyada Levada ictimai rəyi öyrənmə mərkəzinin ölkənin 50 regionundakı 137 şəhərdə keçirdiyi sorğunun nəticələrinə görə müasir Rusiya əhalisinin 65 faizi SSRİ-nin dağılmasından təəssüflənir, 75 faiz isə “sovet dövrünü” ölkə tarixində “ən yaxşı zəmanə” hesab edir.

Müqayisə üçün deyilir ki, hələ üç-dörd il bundan əvvəl SSRİ-nin dağılmasından təəssüf hissi keçirilənlər 53-56 faiz təşkil edirdi.

2012-ci ildə bu göstərici hətta 49 faizə enmişdi.

Sosioloqların gəldiyi nəticəyə görə SSRİ zamanının ölkə tarixində ən yaxşı dövr olması fikri ilə razılaşmayanlar yalnız 18 faiz təşkil edir.

SSRİ-ni görməyənlər də

Sosioloqlar qeyd edirlər ki, rəyi soruşulanların əksəriyyəti “Sovet zəmanəsi” ifadəsini “stabillik və gələcəyə inamla” əlaqələndirilər. Respondentlərin 16 faizi məhz belə deyib.

Daha 15 faiz isə SSRİ dedikdə “yaxşı həyatı” düşünür. SSRİ xiffətini çəkənlərin 6 faizi o vaxt təhsilin pulsuz və daha keyfiyyətli olduğunu iddia edir.5 faiz düşünür ki, o vaxtlar sosial ədalət və bərabərlik prinsipinə əməl edilirdi. 4 faiz konkret olaraq pulsuz səhiyyə üçün darıxıb.

Sosioloqlar qeyd edirlər ki, rəyi soruşulanların əksəriyyəti SSRİ-ni öz uşaqlıqları və gənclikləri ilə əlaqələndirsə də, burada SSRİ-dəki həyatın “cənnət” olmasına dair kənar təbliğat da az riol oynamır.

Maraqlısı budur ki, SSRİ xiffəti çəkənlərin arasında ömürlərinin müəyyən bir hissəsini həmin dövrdə yaşamış insanlar yox, artıq postsovet dövründə doğulanlar da var.

SSRİ-ni heç vaxt görməmiş gənc təbəqə sovet dövlətinin ədalətliyi barədə yaşlı nəslin danışdığı rəvayətlər əsasında fikir yürüdür.

Rusiya dövlət mediası keçmişi təbliğ edir

Sosioloqlar bunu da vurğulayırlar ki, SSRİ xiffətinin gücləndirilməsində Rusiyanın rəsmi mediası, televiziya da müstəsna rol oynayır.

Bu təbliğat gənc nəslə SSRİ-nin onların da yaddaşının bir hissəsi olmalı olduğunu təlqin edir.

Rəyi soruşulanların tən yarısı bildirib ki, onlar “böyük dövlətə” aid olmadıqlarından təəssüflənirlər.

Respondentlərin 49 faizi SSRİ-nin vahid iqtisadi sisteminin dağılmasından təəssüfləndiklərini bildirib.

Sovet dövrü haqqında neqativ düşüncələrini respondentlərin çox az hissəsi dilə gətirib.

SSRİ dövründə dəmir pərdə, durğunluq və repressiyalar olduğunu yalnız 4 faiz yada salıb.

Sovet illərindəki qıtlıq barədə isə respondentlərin cəmi 1 faizi fikir bildirib.

SSRİ-nin hansı liderlərini tanıdıqları barədə sualın cavabında isə əksəriyyət Iosif Stalinin adını çəkib.

XS
SM
MD
LG