Sentyabrın 19-dan Polşa, Estoniya, Latviya və Litva Aİ vizaları olan rusiyalıların əksəriyyəti üçün giriş məhdudiyyəti tətbiq edir. Aİ-nin 27 üzvü bu yaxınlarda bəzi qadağalar üzrə razılığa gəliblər. Amma bu dörd ölkə birlikdə tədbirlər görəcəklərini açıqlayıblar.
Turizm, biznes, idman, yaxud mədəniyyət sahələri üzrə Şengen vizası olan rusiyalıların bu dörd ölkənin ərazisinə girməsi qadağan olunub.
“Əsaslı və artan axın”
İsveçrə də bu gündən rusiyalılar üçün sadələşdirilmiş viza prosedurlarını dayandırdığını açıqlayıb.
Estoniya, Latviya, Litva və Polşa bu ayın əvvəlində birgə bəyanatdaqeyd ediblər ki, Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı davam etdiyi bir dönəmdə rusiyalıların “əsaslı və artan axını” təhlükəsizlik və digər sahələrdə narahatlıq yaradır.
Polşa və Baltik ölkələri qadağanın dövlət səviyyəsində qəbul olunduğunu, ancaq “dissidentlər və humanitar hallar üçün legitim istisnaların”, Rusiyanın diplomatik missiyaları və ailə əlaqələri kimi vəziyyətlərin nəzərə alınacağını bildirib.
Avropa İttifaqı sadələşdirilmiş viza rejimini dayandırıb
Aİ üzvləri avqustda rusiyalı ziyarətçilər üçün demək olar, tam qadağanı müzakirəyə çıxarıblar. Almaniya və Fransa isə belə bir qadağanın əks təsirləri olacağını deyib. Skandinaviya və Baltik ölkələri onu müdafiə ediblər.
Aİ avqustun 31-də Rusiya ilə sadələşdirilmiş viza rejimini “ilkin zəruri addım” kimi dayandırıb.
Rusiya hakimiyyəti işğala qarşı hər hansı açıq, hətta gizli, xaricdən ifadə olunan narazılığı kriminallaşdırıb, media və QHT-lərə qarşı tədbirləri sərtləşdirib.
Fevralın sonunda işğal başlayandan onminlərlə rusiyalı ölkədən çıxıb. Onların rəsmi təqibdən, eləcə də Qərbin görünməmiş maliyyə, hava mıkanı, ticarət və digər sahələrdə sanksiyalarından yayınmaq məqsədilə qaçdığı güman edilir.