Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:16

Rusiyada vətənpərvərlik fənni: 'Atamız Çara inanmalıyıq'


V.Putin Çar obrazında
V.Putin Çar obrazında

Rusiyanın Sibir bölgəsində hüquq məktəbinin tələbələri vətənpərvərlik fənninin tədrisinə etiraz edirlər. Bu haqda BBC yazır.

Tələbələrin dediyinə görə, fənni tədris edən kilsə xadimi ölkə prezidenti Vladimir Putin-i tərifləməklə məşğuldur.

«ATAMIZ ÇARA, PUTIN-Ə INANMALIYIQ»

Novosibirsk Hüquq İnstitutunun veb-saytında deyilir ki, kilsə xadiminin mühazirələri tələbələrin mənəvi və əxlaqi təhsilinin bir hissəsidir, mühazirələrdə «ənənəvi dəyərlər»dən, tarixdən danışılır. Mühazirələri Novosibirsk vilayəti administrasiyasının silahlı qüvvələr, hüquq-mühafizə orqanları və kazaklarla münasibətlər departamentinin rəhbəri, Baş keşiş Dmitry Polushin oxuyur.

Tələbələrin yerli Tayga.info saytına verdiyi bilgiyə görə, Dmitry Ata dərslərdə, vəd edildiyi kimi, tək tarixdən deyil, Ukraynadakı «bədbəxtliklər»dən, Rusiyanın üzləşdiyi təhlükələrdən danışır, inqilabın pis, Allahın yaxşı olduğunu deyir. «Onun sözlərinə görə, biz əziz atamız Çara, yəni Putin-ə inanmalıyıq. Bizim torpaqlarımız müsibətlərə hədəf olub, bizi keşişlər qoruyub...». Bunu tələbələrdən biri sayta müsahibəsində deyib.

Dmitry Ata özü də Tayga.info-ya müsahibəsində deyilənləri təkzib etməyib. «Vətəni sevməli olduqlarını onlara kim öyrətməlidir? Bəzi şeyləri yalnız mənəvi və əxlaqi dildə anlatmaq olar».

«BU FƏNN VACİBDİR»

İnstitut rəhbərliyi vətənpərvərlik haqda mühazirələrdə iştirakın könüllü olduğunu desə də, tələbələr yeni fənnin bəzi mühüm dərsləri, məsələn, əmək və bələdiyyə qanunları haqda sessiyaları əvəzlədiyini, beləliklə, iştirakın məcburi olduğunu söyləyirlər.

İnstitutun direktoru Lidia Chumakova mətbuatı patriotik tədrisin əhəmiyyətini anlamamaqda günahlandırıb. Onun sözlərinə görə, indi – gənclər arasında ekstremist ideyaların sürətlə yayıldığı zamanda bu fənn özəlliklə vacibdir. O, vətənpərvərliyin həm də prezident V.Putin-in əsas ideyalarından biri olduğunu vurğulayıb.

2015-ci ilin sonunda Rusiya hökuməti «Rusiya Federasiyası vətəndaşlarının vətənpərvər təhsili» haqda proqramı təsdiqləyib. Proqram 2016-cı ildən 2020-ci ilə qədər gerçəkləşməlidir. Proqramda bəzi başqa məsələlərlə yanaşı, vətəni qorumağa mənəvi, psixoloji və fiziki baxımdan hazır gənclərin yetişdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG