Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 13:04

Rusiya AzadlıqRadiosu müxbirinin həbs müddətini yenə uzatdı


Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Kazan şəhərinin məhkəməsi mayın 31-də istintaqın vəsatəti əsasında AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin müxbiri Alsu Kurmaşevanın həbs müddətini avqustun 5-dək uzadıb.

Jurnalistin vəkili onun barəsində həbsin ev məhbusluğu ilə əvəzlənməsi üçün vəsatət qaldırmışdı, amma məhkəmə bu vəsatəti rədd edib.

Beləliklə Alsu Kurmaşeva ötən ilin 18 oktyabrından bəri 7 aydır ki, həbsxanadadır.

AzadlıqRadiosu xəbər verir ki, mayın 31-də keçirilən dinləməyə Avstraliya və Çexiya səfirliklərinin nümayəndələri də gəlmişdilər.

Aprelin 1-də keçirilən son dinləmədə Kurmaşeva səhhətindəki problemlərin kəskinləşdiyini bildirmişdi.

Jurnalist bunu da bildirib ki, uşaqlarının səsini son dəfə ötən ilin oktyabrında eşidib.

AzadlıqRadiosunun prezidenti Stiven Kapus Alsu Kurmaşevanın həbs müddətinin uzadılması ilə bağlı bunları deyib:

"Bu lüzumsuz və qəddar təqibdə ədalətsizliklər hər gün bir az da artır. Alsunun bir ABŞ vətəndaşı kimi hüquqları onu məhbəsə atan və 227 gündür ki, həbsdə saxlayan Rusiya hökuməti tərəfindən pozulub...Bu müddət ərzində Alsuya sevimli əri və uşaqları ilə bir dəfə də olsun danışmaq imkanı verməyiblər. ABŞ-ın ona konsul xidməti göstərməsinə imkan verilmir...”

Aprelin sonlarında ABŞ prezidenti Co Bayden Vladimir Putini Alsu Kurmaşevanı, habelə The Wall Street Journal qəzetinin təcridxanada saxlanan müxbiri Evan Gerşkoviçi azad etməyə çağırmışdı.

Bundan əvvəl

AzadlıqRadiosunda 25 ildir ki, çalışan Kurmaşeva ötən il mayın ortalarında doğmalarından birinə görə təcili olaraq Çexiya paytaxtından Tatarıstana gəlmişdi.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Bir neçə gündən sonra jurnalistə qarşı “ikinci vətəndaşlığını bəyan etməmək” ittihamı ilə cinayət işi açılmışdı.

O vaxt Alsudan Rusiyanı tərk etməməsinə dair yazılı iltizam almışdılar.

Bu işin istintaqı aylarla uzanmış və nəhayət Kazan məhkəməsi onu təqsirli bilmiş və 10 min rubl (100 dollar) cərimə etmişdi.

Bu hökmün çıxarılmasından bir həftə sonra, oktyabrın 18-də jurnalisti yenidən saxlamışdılar.

Rusiyanın İstintaq Komitəsi oktyabrın 26-da Alsu Kurmaşevaya qarşı rəsmi ittiham irəli sürmüşdü.

Jurnalist xarici agent kimi qeydiyyatdan keçmək vəzifəsini yerinə yetirməməkdə ittiham edilirdi.

XS
SM
MD
LG