Rusiyanın Orenburq vilayətindəki Orsk şəhərinin yüzlərlə sakini şəhərin mərkəzi meydanlarından birində etiraz aksiyası keçirib.
Şəhərin bir hissəsi çay daşqınlarına görə su altında qalıb. Şəhər sakinləri yerli icra hakimiyyətini tənqid ediblər və prezident Vladimir Putinə müraciət videosu yazıblar.
Şəhər sakinləri daşqın nəticəsində ziyan dəymiş mülkiyyətlərinə görə verilən müavinətlərin azlığından narazıdırlar.
Adamlar yerli hakimiyyətə inanmadıqlarını deyir və xorla Putini köməyə çağırırlar.
Yerli teleqram kanallarının məlumatına görə polis əvvəlcə aksiyanın keçirilməsinə müdaxilə etmək istəyib, amma daha sonra adamların sayının artması buna mane olub.
Şəhər bələdiyyəsinin başçısı Vasili Kozupitsa meydana gələrək etiraz edənlərə müraciət etmək istəyib. Amma adamlar “Ar olsun!” şüarları ilə onun danışmasına imkan verməyiblər.
Bundan sonra başçı bələdiyyə idarəsində danışıqların aparılması üçün sakinlərdən ibarət təşəbbüs qrupunun yaradılmasına çağırıb.
Bu danışıqlarda Kozupitsa adamlara deyib ki, dəyən ziyanın və müavinətin məbləğinin qiymətləndirilməsi üçün xüsusi komissiya yaradılıb.
O zərərçəkənlərə onlara dəyən ziyanı göstərən video və foto çəkilişi etmələrini məsləhət görüb.
Orsk şəhərinin başçısı zərərçəkənlərə yeni evlərin tikintisi üçün vəsait ayrılacağını vəd edib, amma yardımın məbləğini açıqlaya bilməyib.
Sakinlər bu görüş zamanı çayın üzərindəki bəndin tikintisi, istismara qəbulu və ona texniki xidmət göstərilməsinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Adamlar hər hansı mərkəzləşdirilmiş yardımın olmamasından şikayət ediblər. Onlar su basmış evlərdə talanların baş verə biləcəyindən narahatdırlar.
Fövqəladə Hallar Xidmətinin başçısı sakinləri qəzəbləndirib
Bundan başqa sakinləri Fövqəladə Hallar Xidmətinin başçısı Aleksandr Kurenkovun bəyanatı qəzəbləndirib.
O iddia etmişdi ki, guya Orsk sakinlərinə hələ bir həftə əvvəl təxliyə olunmaları təklif olunmuşdu, amma onlar bundan imtina etmişdilər.
Adamlar bu bəyanatın yalan olduğunu və onlara təxliyə üçün müraciətin yalnız bəndin uçduğu gecə edildiyini deyirlər.
Orenburq vilayətinin qubernatoru Denis Pasler sakinlərlə görüşərkən onları “burada ən çox ziyan çəkənlər” kimi danışmamağa və əksinə təbii fəlakətlə mübarizə üçün vətənpərvərlik və birlik nümayiş etdirməyə çağırıb.
O daşqından ziyan çəkmiş bir sıra başqa regionları misal çəkib və deyib ki, orda adamlar daşqının nəticələrinin aradan qaldırılması üçün yaratdıqları fonda könüllü şəkildə pul verirlər.
Meydana yığışmış sakinlər isə yemək və suyu öz pulları ilə aldıqlarını bildiriblər. Onlar bunu da deyiblər ki, qonşularına kömək etmək üçün qayıqlardan istifadə edirlər.
Pasler deyib ki, dəymiş ziyana görə artıq 650 nəfərə müavinət verilib və gələn həftə daha 16 min nəfərə ödənişlər ediləcək.
Bundan əvvəl xəbər verilirdi ki, zərərçəkənlərə müavinətin baza dəyəri 20 min rubldur (216 dollar).
Mülkiyyətinə daha çox ziyan dəymiş sakinlərə 50 min rubldan 100 min rubladək müavinət ödənilir.
Regionun bir çox sakinləri bu məbləği yetərli hesab etmirlər.
Federal miqyaslı fəlakət
Ötən həftənin sonunda Orenburq vilayətinin tarixində ən böyük daşqın baş verib.
Bazar günü hökumət komissiyası Orenburq vilayətindəki daşqını federal miqyaslı fəlakət kateqoriyasına daxil edib.
Şəhər infrastrukturuna dəyən ziyan 21 milyard rubl (21 milyon dollar) civarında hesablanıb.
Aprelin 7-də axşama olan məlumata görə 77 yaşayış məntəqəsində 10 mindən çox yaşayış evini, 18 min həyətyanı təsərrüfatı su basıb.
Daşqından ən çox ziyan çəkmiş yaşayış məntəqələrindən biri də Orsk şəhəridir. Aprelin 5-də Ural çayı üzərində tikilmiş bənd yarılıb. Bir sıra rayonların əhalisi evakuasiya olunub. Bir gün sonra şəhər üzərində daha bir bənd dağılıb.
Şəhərdə 4518 evi və 4587 bağçılıq təsərrüfatını su basıb.