Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

Rusiyada benzin kəskin bahalaşsa...


Rusiya mediası yazır ki, yanacağın həm topdan, həm də pərakəndə satış qiymətləri kəskin qalxa bilər.

Populyar Snob saytı bu barədə dərc etdiyi məqalədə Müstəqil Yanacaq İttifaqı və Rusiya Yanacaq İttifaqı sədrlərinin baş nazirin müavini Dmitry Kozaka məktubuna istinad edir.

Həmin məktubda bildirilirdi ki, təkcə aprelin 15-dən mayın 15-dək Rusiyada Ai-92 benzin markasının qiyməti 23, Ai-95-in qiyməti 18, 5, dizel yanacağının qiyməti isə 2, 5 faiz artıb.

Müəllif xatırladır ki, ötən ilin eyni vaxtında da benzinin qiyməti sıçrayışlı artmışdı.

Baş nazirin müavini mediaya sızmış məktuba açıq mətbuatda cavab verib və bildirib ki, yanacaq qiymətlərinə moratorium hələ də qüvvədədir və narahatlıq üçün əsas yoxdur.

Lakin məqalənin müəllifi Maksim Blant bu qənaətdədir ki, yerlərdə baş verənlər baş nazir müavininin ifadə etdiyi əminliyə uyğun gəlmir.

Benzin istehsalı sərfəli deyil

Məsələn Rosneft Uzaq Şərqdə neftayırma kompleksinin tikintisini dayandırıb. Rusiyanın neft nəhənginin bu barədə bəyanatında deyilir ki, kompleksin tikintisi üçün ayrılmış 1, 5 trilyon rublluq investisiya dondurulub, artıq xərclənmiş 90 milyard rubl isə ziyan kimi silinib.

Şirkət bunu son illərdə Vergi Məcəlləsinə neft emalı sahəsində vergiləri əlverişsiz edən 50-dək əsaslı düzəliş edilməsi ilə izah edir və buna görə də bu sahəyə investisya qoyulmasının cazibədar görünmədiyini bildirir.

Bundan başqa Rosneft və digər iri şirkətlər onlara aid neftayırma zavodlarının, eləcə yanacaqdoldurma məntələqlərinin modernləşdirilməsi prosesini tamamilə dayandırıblar.

Blant yazır ki, hazırkı dövrdə yanacaq qiymətlərinin kəskin artması sosial partlayışa səbəb ola bilər. Son məlumatlara görə Rusiya əhalisinin banklara borcu 15 trilyon rubla çatıb.

Azərbaycana mümkün təsiri

Rusiyada yanacaq qiymətlərinin artacağı təqdirdə bunun Azərbaycana mümkün təsirləri barədə suala cavab verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, Azərbaycan yüksək oktanlı benzini əsasən Rusiyadan idxal edir, lakin orada qiymət artımının Azərbaycana təsiri bir neçə səbəbdən o qədər də hissediləcək olmaya bilər:

“Əvvəla, Rusiyada neftayırma zavodları kifayət qədər benzin istehsal edirlər. Rosstatın məlumatlarını nəzərdən keçirdikdə görmək olar ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə heç bir azalma yoxdur. İstehlakda da hansısa bazara təsir edəcək artım müşahidə edilmir. Bəs onda qiymət Rusiya bazarında niyə artıma meylli idi ilin əvvəlindən? Məsələ burasındadır ki, Rusiya neft emalı zavodlarının bir xeylisi Avro-5 standartlarında yanacaq istehsal edir. Neftin qiyməti dünya bazarında 70 dollara yaxınlaşdığı zaman neft məhsullarının Qərbdə qiyməti kifayət qədər bahalaşmağa başladı. Bu zaman Rusiyadakı şirkətlər daxili bazarda yox, xarici bazarda mal satmaq marağında oldular. Məhz bu baxımdan yerli bazarda qiymətlər artırdı”.

İlham Şaban
İlham Şaban

Azərbaycanda Ai-95 benzinindən istifadə getdikcə azalır

Ekspert bunu da bildirir ki, Azərbaycanda benzinin qiyməti Rusiyanın bazardaxili qiymətlərinə birbaşa bağlı deyil:

“Ona görə də Azərbaycanın idxal etdiyi Ai-95 markalı benzin , hansı ki, 2018-ci ilin yekunlarına görə ümumi benzin istehlakında xüsusi çəkisi 5 faizdən də az olub, Rusiyanın daxili bazarındakı qiymət artımı ilə birbaşa əlaqəli deyil və Azərbaycan bazarında da xüsusi çəkisi çox azdır. Çünki ölkənin 1,1 milyonluq avtomobil parkında 2013-cü ildən sonra Azərbaycana idxal edilmiş təzə avtomobillərin sayı cəmi 52 min ədəddir. Avro-5 standartlı yüksək oktanlı benzini isə adətən Avropa istehsallı avtomobillər istehlak edir”.

İlham Şaban deyir ki, Rusiyadan Azərbayacana Ai-95 markalı benzinin ixracı da azalıb:

“Dövlət Statistika Komitəsinin 2019-cu il, I rübün yekunlarına dair hesabatına əsasən, Azərbaycanın Rusiyadan idxal etdiyi Ai-95 markalı benzinin həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə azalaraq 7 min 434 ton təşkil edib. Maraqlı fakt odur ki, Azərbaycan digər ölkələrdən Ai-95 markalı benzin idxal etməyib. Yəni yerli bazarda yüksək oktanlı benzinə olan tələbat getdikcə aşağı düşür. Bu isə istehlakçıların daha çox yerli istehsal olan Avro-2 standartlı Ai-92 markalı benzindən istifadəsinə dəlalət edir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG