Rusiyada keçirilən 9 may Qələbə günü ərəfəsində ölkənin bir sıra şəhərlərində “məktəbəqədər qoşunların” paradları keçirilib. Pyatiqorskda sovet hərbi uniforması geyinmiş uşaqların əllərində nəyə görəsə oyuncaq Amerika avtomatları vardı. Çexov, İvanovo şəhərlərində və Stavropol diyarında da uşaqları müxtəlif qoşun növlərinin uniformalarında yürüşə çıxarıblar.
Pyatiqorsk şəhər administrasiyasının saytında dərc olunan xəbərdə deyilir ki, balacaların paradında 500-dək bağça uşağı iştirak edib.
Bu da deyilməlidir ki, uşaqların belə tədbirlərə cəlb edilməsi cəmiyyətdə birmənalı reaksiya doğurmayıb. Hakimiyyət orqanları bu tədbirlərin vətənpərvərlik hissinin aşılanması üçün keçirildiyini desə də, bir sıra valideynlər uşaqlarını “parada” buraxmayıblar.
Pyatiqorsk sakini Sofya Popova deyib ki, balacalar belə tədbirlərin mənasını başa düşmürlər, onlara hər bir müharibənin insan qurbanları tələb etdiyi izah olunmur, kənardan baxanda isə bu tədbirlər sirk şousuna bənzəyir.
Pyatiqorskun başqa bir sakini – Nadejda isə tədbirdən razıdır. O deyir ki, bu yolla uşaqlara Qələbə gününün nə demək olduğu aşılanır. O təəssüflə bildirir ki, uşaqlara bu günü yalnız bayram günü kimi izah edirlər.
Moskva yaxınlığındakı Çexov şəhərində isə balacaların paradına hələ fevral ayından hazırlaşıblar. Təhsil rəsmisi Olga Guskova deyib ki, bu şəhərdə tədbir müsabiqə çərçivəsində keçirilib.
Lakin uşaqların militaristləşdirilmiş bayramlarda iştirakına fəqrli baxışlar da var. Böhran və kliniki psixologiya eksperti Mariya Zelenova deyir ki, belə tədbirlərlə müharibəni romantikləşdirmək olmaz:
“Kədərlidir ki, uşaqları belə tədbirlərə cəlb edirlər. Axı müharibə ilk növbədə ölüm, məzarlar, əlillik, alt-üst olmuş talelər deməkdir. Müharibəni adamlar xoşluqla seçmirlər, bu qeyri-ixtiyari məcburiyyətdən irəli gəlir. Uşaqlara müharibənin yaxşı bir şey olduğuna dair ideologiyanı sırımaq olmaz. Uşaqlara demək olmaz ki, onlar əcdadlarının xatirəsini onların getdiyi yolu seçməklə yad etsinlər. Bu günü qələbə günü qeyd etmək lazımdır. Amma hərbi formada yox”.
Moskvadakı Levada ictimai-siyasi araşdırmalar mərkəzinin baş elmi işçisi Nataliya Zorkaya deyir ki, uşaqlardan siyasi məqsədlər üçün istifadə edilməsi avtoritar rejimlərdə yeni bir hal deyil. Əvvəllər belə tədbirlərdə iştiraka gəncləri məcbur edirdilər, indi isə balacalara keçiblər:
“Bütün bunlar şüurun militaristləşməsi fonunda baş verir, çünki hazırda Rusiyanın xarici siyasəti davakar və sərt ritorikaya söykənir. Rusiya adamlara mühasirədə olan qala kimi təlqin edilir. Amma belə tədbirlərdə uşaqlardan istifadə olunması bütün mənəviyyat sərhədlərini keçir”.
Zorkaya deyir ki, bir vaxtlar ailə tədbiri kimi keçirilən “Ölümsüz alay” yürüşü ideyasını da tezliklə hakimiyyət qəsb edib və indi bu yürüşlərə adamları məcburən çıxarırlar.