Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Rusiya ziyalıları hakimiyyətin zorakılığına qarşı çıxırlar


Polis etiraçının ciblərini yoxlayır
Polis etiraçının ciblərini yoxlayır

Rusiya ziyalıları – alimlər, aktyorlar, rejissorlar, yazıçılar və ictimai xadimlər Rusiya vətəndaşlarına, hakimiyyət orqanlarına və siyasi partiyalara məktubla müraciət ediblər.

Bu məktubda Rusiyada siyasi təqiblər, dinc aksiyaların dağıdılması və məhkəmə özbaşınalığı pislənir.

Müraciətdə Aleksey Navalnının adı bilavasitə çəkilməsə də, məktubun məzmunundan söhbətin onun da təqibindən və tərəfdarlarının aksiyalarından getdiyi bəlli olur.

Yanvar ayında Navalnının həbsinə etiraz edən aksiyalarda minlərlə insan saxlanıb.

Məktubda deyilir ki, Rusiya vətəndaşları küçə yürüşlərinə siyasi təqiblərə, sui-qəsdlərə, siyasi opponentlər barəsində cinayət işlərinin qondarılmasına və siyasi fəalların həbslərinə etiraz etmək üçün çıxmışdılar:

“Diktaturalara xas olan belə hallar müasir cəmiyyət üçün qeyri-məqbuldur, ölkənin inkişaf vəzifələrinə cavab vermir və onu totalitar keçmişə qaytarır”.

Məktubda deyilir ki, hakimiyyət orqanları bu aksiyalara icazə verməməklə vətəndaşların konstitusiya hüquqlarını kobud şəkildə pozub:

“Əgər ölkədə səsvermə və seçkilər keçirilirsə, bununla eyni vaxtda mitinq və toplanışlar qadağan oluna bilməz”.

Stalin dövrünün “üçlükləri”

Məktub müəllifləri hakimiyyəti mitinqlərin keçirilməsinə dair qanunvericiliyi təcili qaydada konstitusiyaya uyğunlaşdırmağa çağırıblar:

"Dinc adamları, silahsız vətəndaşları döyən polisin mənasız qəddar hərəkətləri və məhkəmələrin tam özbaşınalığı və qanunun tələblərini, təqsirsizlik prezumpsiyasını, ədaləti kütləvi şəkildə pozması dərin hiddət hissi doğurur. Bugünlər Rusiyanın məhkəmə sistemi üçün tam bir rüsvayçılıq baş verib”.

Məktub müəllifləri Rusiyanın hazırkı məhkəmə sistemini Stalin dövrünün “üçlüklərinə” bənzədirlər.

Müraciətdə bütün saxlananların azad olunmasına, qanunsuz məhkəmə qərarlarının ləğvinə çağırış edilir.

Çulpan Xamatova
Çulpan Xamatova

Bu da deyilir ki, “polis özbaşınalığının qarşısının alınması prezidentin bilavasitə vəzifəsidir”.

"Biz bütün xoşməramlı insanlarımızı, bütün həmvətənlərimizi siyasi opponentlərə qarşı zorakılığa etiraz etməyə, öz səslərini vətəndaş əmin-amanlığının, demokratiya və ləyaqətli həyatın müdafiəsi üçün ucaltmağa, hakimiyyət nümayəndələrini isə konstitusiya hüququ çərçivəsinə qayıtmağa çağırırıq”.

Məktubu imzalayanların sırasında yazıçılar Boris Akunin, Denis Draqunski, Viktyor Şenderoviç, akademik Aleksandr Anikin, rejissorlar İvan Vırıpayev, Andrey Zvyagintsev, şairlər Sergey Qandlevski, Yuli Kim, jurnalist-yazıçı Mixail Zıqar, vəkil Yelena Lukyanova, naşir İrina Proxorova, aktyor Venyamin Smexov, aktrisa Çulpan Xamatova da var.

Ümumilikdə məktubu 100-dən çox ziyalı imzalayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG