Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:39

Rusiya vətəndaşı olmaq asanlaşır


Tacikistanda Rusiya səfriliyi qarşısında növbə.
Tacikistanda Rusiya səfriliyi qarşısında növbə.

Martın 17-də Rusiyada «Vətəndaşlıq haqqında» qanun layihəsinin düzəliş edilmiş variantı Dövlət Dumasında müzakirəyə çıxarılmaqdan ötrü bütün prosedurları keçib. Qanun layihəsi keçmiş sovet respublikalarında doğulmuş və rus dilini yaxşı bilən hər kəsə Rusiya vətəndaşlığı verilməsi prosedurunun asanlaşdırılmasını nəzərdə tutur. Bu barədə AzadlıqRadiosunun tacik xidməti yazır.

Qanun layihəsini hakim «Yedinaya Rossiya» partiyasından deputat Natalia Poklonskaya və Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin irəli sürüb.

ARAYIŞ TƏLƏB OLUNMUR

Müəlliflərin Dövlət Dumasının saytında dərc edilmiş müşayiət məktubunda deyilir ki, qanun layihəsi prezident Vladimir Putin-in tövsiyələri nəzərə alınmaqla təqdim edilir. Putin 2012-ci ildə Rusiya İmperiyası və Sovet İttifaqı dövründə anadan olmuş həmvətənlərə və onların varislərinə vətəndaşlıq verilməsi qaydalarının asanlaşdırılmasını nəzərdə tutan qanunun qəbul edilməsini istəmişdi.

Təklif edilən dəyişikliklərdən birində qeyd edilir ki, Rusiya vətəndaşlığı almaq istəyən şəxslərdən əvvəlki vətəndaşlıqdan imtina haqda arayış tələb olunmayacaq. Mövcud qanunda isə belə bir tələb var. Tacikistan vətəndaşlarından belə bir arayış tələb olunmur. Belə ki, iki ölkə arasında ikili vətəndaşlıq haqqında qanun var.

Rusiyada miqrantlar rus dilindən imtahan verir.
Rusiyada miqrantlar rus dilindən imtahan verir.

Tacikistanın Sudaki rayonunun 46 yaşlı sakini Sattor Farhodov deyir ki, bu dəyişiklik qəbul edilsə belə, Rusiya vətəndaşlığı almaq arzusunda olan taciklərin həyatı yüngülləşməyəcək. Vətəndaşlıq almaq istəyənlər rus dilindən imtahan verməli olacaqlar. Ali məktəbi rus dilində bitirmiş Sattor-un sözlərinə görə, rus dili çətin dildir və bu imtahanı hər adam verə bilməyəcək.

«İMTAHAN ÇOX ÇƏTİN İDİ»

«Mən rus dilini yaxşı bilirəm. Bu dildə danışa bilirəm. Ancaq imtahan çox çətin idi. Onlar sizə bölünmüş mətn verirlər və cümlələri məntiqi və qrammatik ardıcıllıqla bir mətndə birləşdirməyinizi istəyirlər. Yaxud yarımçıq hekayə verirlər, sonluğunu siz yazmalısınız», - Sattor deyir.

Rusiyadakı miqrantların hüquqlarının müdafiəçisi, Moskvadakı «Etmos» qeyri-hökumət təşkilatının rəhbəri Karimjon Yorov deyir ki, bu qanun layihəsindən ciddi asanlaşma gözləmir.

Rusiya vətəndaşlığını asanlıqla alan ixtisas sahibləri «Köçürülmə» proqramı ilə hökumətin göndərdiyi regionlarda yaşamağa razıdırlar. Məhz bu səbəbdən 2016-cı ildə 14 mindən çox Tacikistan vətəndaşı «Köçürülmə» proqramına yazılmaq üçün Düşənbədəki Rusiya səfirliyinə müraciət edib. Onlardan təqribən 2 min nəfəri siyahıya salınıb və Rusiyaya köçmək niyyətindədir.

Tacik miqrantlar Moskva aeroportunda.
Tacik miqrantlar Moskva aeroportunda.

«BEYİN AXINI»NIN NƏTİCƏLƏRİ

Tacikistan Rusiya ilə ikili vətəndaşlığı olan yeganə ölkədir. Bu ölkələrdən birinin vətəndaşı olan hər kəs istədiyi ölkədə yaşaya və işləyə bilər. Ancaq Rusiya vətəndaşlığı almış tacikistanlıların əksəriyyəti Rusiyada yaşamaq və işləmək istəyir. Çünki Tacikistanda əməkhaqqının həcmi Rusiyadakından qat-qat aşağıdır. Onlara Rusiyada verilən sosial güzəştlərsə Tacikistandakılarla müqayisəyə belə gəlmir.

Tacikistan artıq miqrasiya və «beyin axını»nın nəticələrini hiss etməkdədir. Ölkənin təhsil və elm nazirliyinin 270 riyaziyyat, fizika, kimya, rus və ingilis dili müəlliminə ehtiyacı var. Səhiyyə və sosial müdafiə nazirliyinə isə daha çox mütəxəssis lazımdır. Tacikistanda 3 minə qədər peşəkar həkim çatışmır. Bununla yanaşı, Rusiyanın regionlarında minlərlə tacik həkim çalışır. Onların çoxu artıq Rusiya vətəndaşlığı alıb.

Sovet İttifaqının dağılmasından sonra Tacikistanın təxminən 1 milyon rusdilli sakini Rusiyaya köçüb. Son 20 il ərzində 200 mindən 300 minədək Tacikistan vətəndaşı Rusiya vətəndaşlığı alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG