Keçid linkləri

2026, 14 Avqust, cümə, Bakı vaxtı 21:11

Ukraynaya 100-dən çox dronla hücum olub, ölənlər var

Rusiyanın Sumı vilayətinə hücumu
Rusiyanın Sumı vilayətinə hücumu

Avqustun 14-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 112 dron ilə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dronlardan 90-ı vurulub.

Sumı vilayətində fərdi yaşayış evinə ikiqat zərbədən iki nəfər – 29 yaşlı qadın və onun 9 yaşlı oğlu həlak olub. Daha dörd nəfər yaralanıb.

"Onlardan ikisi – uşağın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanadadır", – vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Avqustun 13-də axşam saatlarında Rusiya ordusu Kramatorsku vurub. Donetsk vilayət Prokurorluğunun məlumatına görə, şəhərə səkkiz aviabomba atılıb, yaşayış məhəllələrinə, çoxmənzilli binalara ziyan dəyib. Bir nəfərin həlak olduğu, 17 yerli sakinin yaralandığı bəllidir.

Çerkası vilayətinin Smela şəhərində isə dron çoxmərtəbəli yaşayış binasına dəyib, beş nəfər yaralanıb.

"Xoşbəxtlikdən, zərbənin birbaşa dəydiyi mənzilin sakinləri hücum vaxtı evdə olmayıblar", – vilayət administrasiyasının rəhbəri İqor Taburets yazıb.

Rusiya İzmail limanındakı dəmiryol stansiyasına zərbə endirib

Rusiya qüvvələri Ukraynanın İzmail liman şəhərində dəmiryol stansiyasına zərbə endirib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirliyin iddiasına görə, stansiya Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin və yanacağın yüklənməsi, saxlanması və daşınması üçün istifadə olunub.

Rusiya həmçinin Nikolayev sahillərində iki yedək gəmisini vurduğunu, onlardan yük gəmilərini Ukrayna limanlarına müşayiət etmək üçün istifadə olunduğunu açıqlayıb.

"Reuters" Rusiya Müdafiə Nazirliyinin iddialarını müstəqil şəkildə təsdiqləyə bilməyib.

Avqustun 14-də dron hücumu Rusiyanın Ust-Luqa enerji ixracı limanında yanğına səbəb olub. Ust-Luqa limanı Rusiyanın Baltik dənizində yerləşir, enerji ixracının əsas mərkəzlərindən biridir.

Leninqrad vilayətində 50-dən çox dron vurulub.

Hücum nəticəsində dəymiş ziyanın miqyası dərhal məlum olmayıb. Ukrayna Rusiyanın neft emalı və ixrac obyektlərini, eləcə də taxıl daşınması marşrutlarını hədəfə almaq taktikasını davam etdirir. Məqsəd Moskvanın gəlirlərini azaltmaq və onu müharibəni dayandırmağa məcbur etməkdir.

Avqustun 14-də qırıcılar Latviya hava məkanına daxil olan dronu vurub. Bu haqda NATO və Avropa İttifaqının üzvü olan Latviyanın silahlı qüvvələri məlumat yayıb. Finlandiya isə dron hücumlarına qarşı ehtiyat tədbiri olaraq Baltik dənizinin bəzi hissələrində hərəkəti müvəqqəti məhdudlaşdırıb.

Ukrayna Rusiyada ondan çox iri neft emalı zavodunu dəfələrlə vurub. Bu hücumlar ölkə daxilində genişmiqyaslı yanacaq böhranına səbəb olub.

Moskvanın meri Sergey Sobyanin cümə günü Telegram-da yazıb ki, gecə ərzində Rusiya paytaxtına doğru uçan azı 10 dron vurulub. Moskvada da iri neft emalı zavodu yerləşir.

XS
SM
MD
LG